RU

Vernidub: “Mövsümün əvvəlindən burada olsaydım…” – ARENA.AZ

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Premyer Liqanın 30-cu turu çərçivəsində “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşü paytaxt təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yuri Vernidub matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Qarabağ”la oyundan sonra futbolçularda böyük emosiyalar yarandı. Yalan demiyəcəyəm, bu matça görə məndə həyəcan var idi. Adətən böyük oyunlardan sonra futbolçuların emosional vəziyyəti həmişə yaxşı olmur. Amma hamımız birlikdə bunun öhdəsindən gəldik. Oyunçularıma minnətdaram.

Bizim üçün hər oyun finaldır. “Şamaxı”, “Sabah” və “Kəpəz”lə oyunlarımız var. Futbolçular da yaxşı başa düşürlər ki, bütün matçlarda maksimumu göstərməliyik. Bəli, kubokun finalından da çox şey asılıdır. Mən bütün qarşılaşmaları çətin hesab edirəm. Bu oyunlardan sonra harada olacağımızı görəcəyik.

Falaye Sakoya təşəkkür edirəm. O, peşəkar futbolçudur. Bütün oyunlarda öz peşəkarlığını ortaya qoymalıdır. Sakonun kifayət qədər təcrübəsi var, Fransa çempionatında oynayıb.

“Neftçi” kimi tarixi olan komandada işləmək böyük şərəfdir. Ən önəmlisi odur ki, oyunçular da “Neftçi”də oynamağın adi bir şey olmadığını başa düşməlidirlər. Hər zaman peşəkar davranmalı və bu ada layiq olmalıdırlar.

Kimlərin qalıb, kimlərin gedəcəyinə gəlincə, vaxtı çatanda hər şeyi deyəcəyəm. Mətbuatda çox şey yazırlar. Hətta yazırlar ki, mənim futbolçularla münaqişəm var. Mən ümumiyyətlə konfliktli insan deyiləm. Bir-birimizə hörmətlə yanaşırıq. Nə olur-olsun, ortaq dil tapacağıq. Onu deyim ki, seçimlərdə həssas yanaşacağıq. Bizim kriteriyalara uyğun futbolçularla yola davam edəcəyik.

Məndən əvvəl də çox xallar itirilmişdi. Mənim vaxtımda da “Turan Tovuz”, “Zirə”, “Şamaxı” ilə oyunlarda xal itkiləri olub. Maksimum nəticələr əldə etmək üçün hamımız əlimizdən gələni edirik. Mövsümün əvvəlindən burada olsaydım, daha fərqli danışmaq olardı. Amma buna baxmayaraq, müsbət mənada bir çox dəyişikliklərə nail olmuşuq. Gələcəkdə ən yuxarı yerlərdə olmaq ən böyük arzumdur. Bu, futbolçuların və rəhbərliyin də arzusudur”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
19
31
arena.az

10Источники