RU

Nikah olmasa və atalıq müəyyən edilməsə, aliment ödənilməlidir? - HÜQUQİ İZAH

Nikah olmadan qurulan münasibətlərdən doğulan uşaqların hüquqları və valideynlərin məsuliyyəti cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biridir. Xüsusilə atalıq rəsmi şəkildə tanınmadıqda, uşağın maddi təminatının necə həll olunacağı sual doğurur və bu kimi hallarda qanunvericiliyin mövqeyi xüsusi əhəmiyyət kəsb edir.

Bəs nikah olmadığı və atalıq müəyyən edilmədiyi halda aliment ödənilməsi mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Hüquq departamentinin müdiri, vəkil Fuad Xəzani oğlu Məmmədov bildirib ki, dini nikahdan doğulan və ya ümumiyyətlə rəsmi nikah olmadan dünyaya gələn uşaqların saxlanılması üçün aliment ödənilməsi qanunvericiliklə mümkündür.


Onun sözlərinə görə, əsas şərt atalıq faktının hüquqi qaydada müəyyən edilməsidir:

“Əgər uşaq nikahda olmayan şəxslərdən doğulubsa, atalıq əvvəlcə rəsmiləşdirilməlidir. Bu, valideynlərin birgə ərizəsi ilə və ya atanın könüllü müraciəti əsasında edilə bilər. Əgər bu baş verməyibsə, atalıq məhkəmə qaydasında müəyyən olunur. Bunun üçün uşağın anası, qəyyumu (himayəçisi), uşağı faktiki saxlayan şəxs və ya uşaq yetkinlik yaşına çatdıqdan sonra özü məhkəməyə müraciət edə bilər”.

Vəkil vurğulayıb ki, məhkəmə qərarı ilə atalıq təsdiqləndikdən sonra artıq uşağın saxlanılması ilə bağlı hüquqi öhdəlik yaranır:

“Atalıq müəyyən edildiyi təqdirdə, nikahdan kənar doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tələb edilərsə, bu vəsait ödənilməlidir”.

Beləliklə, rəsmi nikahın olub-olmamasından asılı olmayaraq, uşağın hüquqları qanunla qorunur və atalıq təsdiq edildikdən sonra valideynin maddi məsuliyyəti də qüvvəyə minir.

Aynurə İsmayıl


Избранный
2
2
azia.az

3Источники