RU

Azərbaycan-İtaliya münasibətləri strateji tərəfdaşlıq səviyyəsindən daha yüksək mərhələyə doğru inkişaf edir RƏY

Bakı, 5 may, AZƏRTAC

İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri təkcə diplomatik hadisə deyil, həm də ölkələrimiz arasındakı münasibətlərinin yeni mərhələyə keçidinin bariz göstəricisi kimi qiymətləndirilə bilər. Azərbaycan ilə İtaliya arasında münasibətlər uzun illər ərzində formalaşaraq bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. 2014-cü və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlıq bəyannamələri bu əlaqələrin hüquqi və siyasi əsasını təşkil edir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu sənədlərdə əks olunan müddəalar artıq real həyatda öz təsdiqini tapır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.

O bildirib ki, İtaliya Avropa məkanında Azərbaycanın ilk və ən etibarlı strateji tərəfdaşlarından biri kimi çıxış edir. Bu baxımdan, Ciorcia Meloninin Azərbaycana səfəri xüsusi əhəmiyyət daşıyır. Son illərdə dövlət başçıları arasında intensiv dialoq müşahidə olunur. 2020-ci ildə Prezident İlham Əliyevin İtaliyaya səfəri, müxtəlif beynəlxalq platformalarda keçirilən görüşlər, o cümlədən Kopenhagen şəhərində baş tutan təmaslar və nəhayət, 2026-cı ildə Ciorcia Meloninin Bakıya səfəri bu əlaqələrin ardıcıl və sistemli inkişaf etdiyini sübut edir. Azərbaycan-İtaliya münasibətlərində enerji sahəsi xüsusi yer tutur. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan əsas ölkələrdən biridir. İtaliya isə Azərbaycanın enerji resurslarının əsas ixrac bazarlarından biridir. Prezident İlham Əliyevin bəyanatına əsasən, İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır və ticarət dövriyyəsi 12 milyard dollara yaxınlaşır. Bu göstərici iki ölkə arasında iqtisadi əlaqələrin nə qədər geniş miqyas aldığını nümayiş etdirir. Xüsusilə təbii qaz sahəsində əməkdaşlıq diqqət çəkir. Azərbaycan tərəfindən ixrac olunan qazın əhəmiyyətli hissəsi İtaliya bazarına yönəlir. Bu proses Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçirilir. Bu dəhlizin əsas komponentlərindən biri olan TAP layihəsi vasitəsilə Azərbaycan qazı Avropa bazarlarına çatdırılır. Son illərin statistik göstəricilərinə əsasən, Azərbaycan İtaliyaya milyardlarla kubmetr qaz ixrac edib və ümumilikdə bu həcm 50 milyard kubmetrə yaxınlaşıb. Bu, Azərbaycanın Avropa enerji bazarındakı mövqeyini daha da möhkəmləndirir. Eyni zamanda, neft sahəsində də Azərbaycan İtaliya üçün əsas təchizatçılardan biridir və bu istiqamətdə də ikinci yerdə qərarlaşır. Bu fakt enerji əməkdaşlığının çoxşaxəli xarakter daşıdığını göstərir.

Deputat qeyd edib ki, iqtisadi münasibətlər yalnız enerji sektoru ilə məhdudlaşmır. Azərbaycan Dövlət Neft Fondu tərəfindən İtaliya iqtisadiyyatına qoyulan sərmayələr bu əməkdaşlığın qarşılıqlı xarakter daşıdığını göstərir. Son illərdə bu investisiyaların həcmi 3 milyard dollara yaxın olub. Hazırda Azərbaycanda fəaliyyət göstərən 130-a yaxın İtaliya şirkəti müxtəlif sahələrdə uğurla çalışır. Bu şirkətlər tikinti, sənaye, kənd təsərrüfatı, enerji və digər sahələrdə mühüm layihələr həyata keçirirlər. Xüsusilə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrində İtaliya şirkətlərinin iştirakı diqqət çəkir. Onlar burada 20-dən çox layihənin icrasında iştirak edirlər. Bu fakt İtaliyanın Azərbaycanın postmünaqişə bərpa prosesində fəal rol oynadığını göstərir. Eyni zamanda, Mingəçevir və digər sənaye mərkəzlərində həyata keçirilən layihələrdə də İtaliya şirkətləri mühüm rol oynayır. Zəfər muzeylərinin layihələndirilməsində onların iştirakı isə həm texnoloji, həm də mədəni əməkdaşlığın nümunəsidir. Son illərdə Azərbaycan ilə İtaliya arasında əməkdaşlığın yeni istiqamətlərindən biri də hərbi-texniki sahədir. Bu sahədə tərəfdaşlıq getdikcə genişlənir və konkret layihələrlə müşayiət olunur.

Ş.Seyidzadə diqqətə çatdırıb ki, İtaliya Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində mühüm rol oynayan ölkələrdən biridir. Bu ölkə Azərbaycanın Avropa strukturları ilə əməkdaşlığının genişlənməsində dəstək göstərir. İtaliyanın balanslı və praqmatik siyasəti Azərbaycan üçün əlverişli tərəfdaşlıq mühiti yaradır. Bu baxımdan, Ciorcia Meloninin səfəri yalnız ikitərəfli deyil, həm də çoxtərəfli əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır. Ümumilikdə, Azərbaycan ilə İtaliya arasında əməkdaşlıq çoxşaxəli və davamlı xarakter daşıyır. Siyasi, iqtisadi, enerji, hərbi və humanitar sahələri əhatə edən bu münasibətlər hər iki ölkənin milli maraqlarına xidmət edir. Beləliklə, Prezident İlham Əliyevin bəyanatından da aydın olduğu kimi, Azərbaycan-İtaliya münasibətləri artıq strateji tərəfdaşlıq səviyyəsindən daha yüksək mərhələyə doğru inkişaf edir. Ciorcia Meloninin Azərbaycana səfəri bu münasibətlərin gələcək inkişafına yeni təkan verəcək mühüm hadisə kimi tarixə düşür. Bu gün İtaliya Azərbaycanın Avropa İttifaqında ən yaxın tərəfdaşlarından biri olaraq qalır və qarşılıqlı əməkdaşlıq yeni istiqamətlər üzrə genişlənməkdə davam edir. Mövcud dinamika onu deməyə əsas verir ki, Azərbaycan-İtaliya əlaqələri gələcəkdə daha da möhkəmlənəcək və strateji əhəmiyyətini qoruyub saxlayacaq.

Избранный
19
26
azertag.az

10Источники