RU

Enerji, təhlükəsizlik və geosiyasi balans: Bakı Roma hansı mesajlar verir?

Bakivaxti saytına istinadən ain.az xəbər verir.

Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Giorgia Meloni Bakıda mətbuata birgə bəyanatlarla çıxış etdilər.

İtaliya Nazirlər Şurasının sədrinin əvvəlcə Ermənistana, daha sonra Azərbaycana səfər etməsi fonunda baş tutan bu görüş təkcə ikitərəfli münasibətlərin deyil, həm də regiondakı siyasi balansın mühüm göstəricisi kimi qiymətləndirilir. Xüsusilə 13 ildən sonra İtaliya hökumət başçısının Azərbaycana rəsmi səfəri tərəflərin münasibətləri yeni mərhələyə keçirmək niyyətindən xəbər verir.

Bəyanatların əsas xəttini enerji əməkdaşlığı təşkil edir. Azərbaycan artıq uzun müddətdir ki, İtaliyanın əsas enerji tərəfdaşlarından biridir və bu səfərdə də qaz təchizatının artırılması, xüsusilə Trans Adriatic Pipeline layihəsinin genişləndirilməsi məsələsi ön plana çıxarıldı. Avropanın enerji təhlükəsizliyi kontekstində Azərbaycanın rolu daha da strateji xarakter alır. Rusiyadan enerji asılılığını azaltmağa çalışan Avropa üçün Bakı ilə əməkdaşlıq artıq alternativ deyil, zərurətə çevrilir.

Eyni zamanda, tərəflər münasibətləri yalnız enerji ilə məhdudlaşdırmaq niyyətində olmadıqlarını açıq şəkildə nümayiş etdirdilər. Hərbi texniki əməkdaşlıq, sənaye kooperasiyası, aerokosmik və yüksək texnologiyalar sahəsində birgə layihələr perspektiv istiqamət kimi təqdim olundu. Bu, münasibətlərin klassik ticarət modelindən çıxaraq daha kompleks və qarşılıqlı asılılığa əsaslanan strateji tərəfdaşlığa çevrildiyini göstərir. İtaliya texnologiyası ilə Azərbaycan maliyyə resurslarının birləşməsi modeli isə konkret iqtisadi sinerji yaratmaq potensialına malikdir.

Səfərin diqqətçəkən tərəflərindən biri də onun regional və geosiyasi kontekstdə verdiyi mesajlardır. Meloninin Ermənistandan dərhal sonra Bakıya gəlməsi faktiki olaraq balanslı yanaşmanın nümayişidir. Bu, həm Azərbaycanla münasibətlərə verilən önəmi göstərir, həm də İtaliyanın regionda yalnız bir tərəfə fokuslanmadığını ortaya qoyur. Paralel olaraq, Ermənistanla normallaşma prosesinə dəstək ifadə edilməsi və 2026-cı ilin potensial dönüş nöqtəsi kimi qeyd olunması Cənubi Qafqazda sülh gündəliyinin beynəlxalq aktorlar üçün prioritet olduğunu təsdiqləyir.

Nəhayət, bu səfər Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin gələcək trayektoriyası baxımından da əhəmiyyətlidir. İtaliya burada bir növ körpü rolunu oynamağa çalışır. Nəqliyyat marşrutları, enerji şəbəkələri və investisiya axınları üzərindən Azərbaycanın Avropaya daha dərin inteqrasiyası təşviq olunur. Bu isə Bakının yalnız enerji ixracatçısı deyil, həm də Avrasiya məkanında strateji logistika və geosiyasi qovşaq kimi mövqeyini gücləndirir.

Züriyə Qarayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
26
bakivaxti.az

10Источники