"Azərbaycanda İT sektorunda dövlət satınalmaları ilə bağlı qəribə bir tendensiya formalaşıb. Əvvəllər bu sektorda böyük layihələr, iri tenderlər çox olurdu. Təxmini olaraq böyük şirkətlər, ortabablar və kiçik bizneslərin qatılacağı tenderlər öncədən bilinirdi".
"Unikal" xəbər verir ki, bu barədə İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, bəzən hətta centlmen razılaşması olurdu ki, məbləğ azdır və böyük şirkətlər kiçik bizneslərə şərait yaratmaq üçün bu tip tenderlərə qatılmırdılar.
"İndi isə dövran dəyişib. Kiçik bizneslər şikayət edir ki, artıq adi bir satınalmaya, məsələn, 20 min manatlıq tenderlərdə belə dövriyyəsi milyon olan şirkətlər iştirak edir. Bir neçə yüz minlik tenderlərə isə dövriyyəsi on milyonlarla olan şirkətlər qatılır. Təbii ki, start vəziyyətləri yaxşı olduğundan adətən bu tip tenderləri elə onlar udurlar. Yəni, İT bazarda faktiki olaraq 1 manat uğrunda amansız mübarizə gedir. Bu o deməkdir ki, artıq bazarda böyük İKT layihələri azalıb. İT şirkətlər hamısı eyni kiçik büdcələr uğrunda vuruşurlar. Əksəriyyət real inkişaf, dəyər yaratmaq uğrunda deyil, resurs bölgüsü uğrunda savaşır.
Amma eyni vaxtda qonşu ölkələrdə tam fərqli mənzərə görürük. İT və süni intellekt üçün ayrılan büdcələr artır, böyük proqramlar maliyyələşdirilir, ixracyönümlü layihələr dəstəklənir. Qazaxıstanda, Özbəkistanda, Ermənistanda və s. qonşularımızda İT sektorunda milyonlar dövr edir. Qazaxıstanda bir anda bir Fond, yaxud Fondlar Fondu formalaşır və büdcəsi də bir anda 100 milyon olur. Ümid edirəm ötən gündən Qazaxıstanda işinə başlayan GITEX-in Mərkəzi Asiya və Qafqaz üzrə Forumunda iştiark edən bizim nümayəndələr bu fərqi , baş verənləri daha yaxından müşahidə edirlər".