İran özünü dünyanın fövqəldövlətlərindən biri elan edib. Belə ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai jurnalistin "ABŞ fövqəldövlətdir, bəs sizin hansı dayağınız var ki, geri çəkilmir və təslim olmursunuz?" sualına "Biz də fövqəldövlətik" deyə cavab verib.
İranı fövqəldövlət hesab etmək olarmı? Fövqvəldövlət statusuna sahib olmaq üçün dövlətin hansı resursları olmalı, hansı meyarlara cavab verilməlidir?

Siyasi ekspertlər hesab edir ki, İsmail Bəqainin "İran da fövqəldövlətdir" bəyanatı daha çox siyasi ritorikadır. Bu açıqlama daha çox daxili auditoriyaya hesablanmış siyasi mesaj və psixoloji üstünlük yaratmaq cəhdi kimi qiymətləndirilir. Çünki beynəlxalq münasibətlər nəzəriyyəsində "fövqəldövlət" statusuna malik dövlətlər qlobal miqyasda təsir göstərmək gücünə sahib olurlar. 20-ci əsrdə dünyada ABŞ və SSRİ fövqəldövlət olaraq qəbul edilirdi. Bu gün isə faktiki olaraq yeganə tam formalaşmış fövqəldövlət ABŞ hesab olunur. Bir dövlətin fövqəldövlət sayılması üçün ilk növbədə qlobal hərbi güc resursu tələb olunur. Bura dünyanın müxtəlif regionlarında hərbi bazalarının olması, qlobal miqyasda əməliyyat aparmaq qabiliyyəti, nüvə arsenalına malik olmaq daxildir. İkinci meyar dünyanın ən böyük iqtisadiyyatlarından biri olmaq, qlobal maliyyə sisteminə təsir etmək, beynəlxalq ticarətdə dominant rol oynamaq gücünə sahib olmadır. Üçüncü tələb isə elmi üstünlükdür. Bura yüksək texnologiyalar, kosmos, biotexnologiya və sair daxildir.
Fövqəldövlət hesab olunmaq üçün ən vacib meyarlardan biri isə siyasi və digər dövlətlərin siyasətinə təsir imkanlarıdır. Qlobal beynəlxalq təşkilatlarda dominant rol mütləqdir.
Etibar Seyidağa,
Musavat.com