RU

Regionda yeni siyasi düzənin memarı

ain.az, Ses qazeti portalına istinadən məlumat verir.

2026-cı il mayın 4-də “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı vasitəsilə çıxış edən İlham Əliyev növbəti dəfə Azərbaycanın regionda formalaşdırdığı yeni siyasi reallıqları beynəlxalq auditoriyanın diqqətinə çatdırdı. Bu sıradan diplomatik bəyanat deyildi; burada həm regionun gələcəyinə dair strateji baxış, həm də uzun illər davam edən qarşıdurmadan sonra yaranmış yeni münasibətlər sisteminin konturları aydın görünürdü.

Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri Ermənistanın “Avropa Siyasi Birliyi”nin 2028-ci il Zirvə görüşünün Azərbaycanda keçirilməsinə dəstək verməsi oldu. Bu fakt təkcə texniki və ya protokol xarakterli qərar deyil, regionda etimad mühitinin formalaşmağa başladığını göstərən mühüm siyasi göstəricidir. Bir müddət əvvəl qarşıdurma vəziyyətində olan iki dövlət arasında belə bir diplomatik dəstəyin ortaya çıxması, sülh prosesinin artıq nəzəri müstəvidən praktik mərhələyə keçdiyini göstərir.

Bu kontekstdə Nikol Paşinyanın toplantıda onlayn formatda iştirak edən İlham Əliyevə təşəkkür etməsi ayrıca siyasi və mənəvi çəki daşıyır. Bu jest, hər nə qədər diplomatik nəzakət çərçivəsində səslənsə də, əslində tərəflər arasında yeni münasibətlər atmosferinin yarandığını nümayiş etdirir. Bir neçə il əvvəl belə bir mənzərə region üçün əlçatmaz görünürdü.

Prezident çıxışında vurğuladı ki, Azərbaycan və Ermənistan cəmi doqquz aydır sülh şəraitində yaşayır və bu qısa müddət ərzində artıq real nəticələr əldə olunub. Vaşinqtonda imzalanmış Birgə Bəyannamə, sülh sazişinin mətninin paraflanması və beynəlxalq vasitəçilik platformasında əldə olunan razılaşmalar tərəflər arasında siyasi iradənin mövcudluğunu göstərir.

Sülhün kağız üzərində qalmadığını sübut edən ən mühüm məqamlardan biri Azərbaycanın Ermənistan üçün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırmasıdır. 1990-cı illərin əvvəllərindən qüvvədə olan məhdudiyyətlərin ləğvindən sonra artıq Ermənistan üçün Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük daşınıb. Bu, regionda iqtisadi əlaqələrin və logistika imkanlarının bərpası istiqamətində atılmış mühüm addımdır.

Azərbaycanın Ermənistana ilk dəfə olaraq benzin və dizel ixrac etməyə başlaması isə münasibətlərin daha dərin müstəviyə keçdiyini göstərir. 12 min ton neft məhsulunun ixracı ticarət münasibətlərinin başlanğıcı olmaqla yanaşı, regionda qarşılıqlı iqtisadi maraqların formalaşdığını da ortaya qoyur. Müharibədən sülhə keçid məhz bu cür konkret nəticələrlə ölçülür.

Prezident İlham Əliyev çıxışında regional bağlantılar məsələsinə də xüsusi yer ayırdı. “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” kimi təqdim olunan layihənin Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməsi və eyni zamanda Orta Dəhlizin mühüm komponentinə çevrilməsi regionun geosiyasi və iqtisadi xəritəsində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Bu layihə yalnız Azərbaycan üçün deyil, bütövlükdə Avrasiya məkanında nəqliyyat və ticarət axınları üçün strateji əhəmiyyət daşıyır.

Çıxışın mühüm hissəsi bəzi Avropa təsisatlarına ünvanlanan sərt mesajlarla yadda qaldı. Prezident açıq şəkildə bildirdi ki, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası Ermənistan-Azərbaycan sülh prosesində konstruktiv mövqe nümayiş etdirmir, əksinə ikili standartlar siyasəti yürüdür. Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra bu qurumların sərgilədiyi münasibət Bakıda haqlı narazılıq doğurur.

Dövlət başçımız haqlı olaraq vurğuladı ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü digər bütün dövlətlərin suverenliyi qədər eyni dəyərə malikdir. Bu məsələdə seçici yanaşma nə hüquqi, nə siyasi, nə də mənəvi baxımdan qəbul edilə bilər.

Avropa Parlamentinin son beş ildə Azərbaycanla bağlı 14 qətnamə qəbul etməsi də Prezident tərəfindən sərt şəkildə tənqid olundu. Bu sənədlərin böhtan, təhrif və siyasi qərəz üzərində qurulduğunu bildirən dövlət başçısı qeyd etdi ki, bəzi Avropa dairələri öz daxilində ksenofobiya, islamofobiya, anti-semitizm, miqrasiya böhranı, rəqabət qabiliyyətinin azalması və evsizlik kimi fundamental problemlərlə məşğul olmaq əvəzinə, Azərbaycanı hədəfə çevirməyə üstünlük verir.

Buna cavab olaraq Azərbaycan parlamentinin Avropa Parlamenti ilə bütün istiqamətlərdə əməkdaşlığın dayandırılması barədə qərarı siyasi prinsipiallığın göstəricisi kimi ortaya çıxır. Bu addım Azərbaycanın milli maraqlarına və dövlət suverenliyinə qarşı yönələn qərəzli münasibətə verilən aydın cavabdır.

Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan regionda yeni siyasi düzənin əsas memarlarından biridir. Müharibə dövrü geridə qalıb və indi əsas məsələ bu sülhün dayanıqlı institusional çərçivəyə salınmasıdır. Sülh prosesinə mane olmaq istəyən müxtəlif qüvvələrin mövcudluğuna baxmayaraq, Azərbaycanın sülh gündəliyinə sadiqliyi dəyişməz qalır.

Bu gün Cənubi Qafqaz tarixinin yeni səhifəsini açır. Azərbaycan artıq yalnız öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş dövlət kimi deyil, həm də regionda sülhün, əməkdaşlığın və yeni geosiyasi arxitekturanın əsas təşəbbüskarı kimi çıxış edir. Videobağlantı vasitəsilə səsləndirilən bu mesaj təkcə Avropaya yox, bütün dünyaya ünvanlanmış siyasi iradənin və dövlət qətiyyətinin nümayişi idi.

Elnarə Akimova

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
17
50
sesqazeti.az

10Источники