RU

Azərbaycan - İtaliya: Strateji tərəfdaşlığın sarsılmaz modeli

Azərbaycanın Avropa ilə çoxşaxəli diplomatik və iqtisadi münasibətləri fonunda İtaliya ilə qurulan əlaqələr strateji əhəmiyyətinə görə fərqlənir. Bu gün tam əminliklə demək olar ki, Bakı ilə Roma arasındakı siyasi əlaqələr qarşılıqlı etimadın ən yüksək mərhələsinə yüksələrək özünün tarixi zirvəsini yaşayır. Bu tərəfdaşlıq artıq lokal çərçivələri aşaraq, sadəcə iki dövlətin milli maraqlarını deyil, həm də Cənubi Qafqazdan Aralıq dənizi hövzəsinə qədər uzanan geniş bir coğrafiyanın enerji xəritəsini və təhlükəsizlik arxitekturasını köklü şəkildə formalaşdıran əsas amildir. İki ölkə arasındakı bu sarsılmaz bağ Avrasiya məkanında həm iqtisadi inteqrasiyanın, həm də siyasi sabitliyin həlledici sütununa çevrilib.

İtaliyanın Azərbaycan üçün əhəmiyyəti onun təkcə qlobal iqtisadi güc olmasından deyil, həm də regional və beynəlxalq müstəvidə nümayiş etdirdiyi prinsipial mövqedən qaynaqlanır. Belə ki, İtaliya Avropanın böyük dövlətləri və G7 üzvləri arasında Azərbaycan ilə strateji tərəfdaşlıq sənədi imzalayan ilk dövlətdir. 2020-ci ilin fevralında Roma şəhərində Azərbaycan Prezidenti və İtaliyanın Nazirlər Şurasının sədri tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə” iki ölkə arasında ən yüksəksəviyyəli siyasi sənəd olmaqla növbəti illər ərzində münasibətlərin dərinləşdirilməsi üçün yol xəritəsini müəyyənləşdirib. Bu bəyannamə sadəcə iqtisadi əməkdaşlığı deyil, həm də siyasi, təhlükəsizlik və humanitar sahələri əhatə edən genişmiqyaslı fəaliyyət proqramına çevrilib. Bu möhkəm təməl üzərində qurulan davamlı dialoq zamanın sınağından keçmiş və qarşılıqlı hörmətə əsaslanan strateji etimad körpüsü yaradıb.

Azərbaycan-İtaliya dostluğu fundamental xarakter daşıyır

Ölkələrimizin liderləri arasındakı yüksəksəviyyəli etimad və müntəzəm xarakter daşıyan təmaslar Azərbaycan-İtaliya bağlarını daha çevik və nəticəyönümlü müstəviyə daşıyır. Azərbaycan Prezidenti İlham Əliyev ilə İtaliyanın Nazirlər Şurasının sədri Ciorcia Meloni arasında formalaşan konstruktiv dialoq iki ölkənin həm regional, həm də qlobal maraqlarının strateji məqamlarda üst-üstə düşdüyünün ən aydın təzahürüdür. Bu dialoq sadəcə ikitərəfli məsələlərin həlli ilə məhdudlaşmır, həm də Avropanın enerji xəritəsindən tutmuş Cənubi Qafqazda sülhün bərqərar olmasına qədər geniş bir spektri əhatə edir. Kopenhagendə Avropa Siyasi Birliyi zirvəsi çərçivəsində reallaşan görüşlər və əldə olunan razılaşmalar bir daha təsdiqlədi ki, Bakı və Roma müasir dünyanın qlobal çağırışlarına və mürəkkəb geosiyasi dəyişikliklərinə qarşı vahid, koordinasiyalı mövqedən çıxış etmək iradəsinə malikdir. Belə bir yüksəksəviyyəli anlaşma tərəfdaşlığın sarsılmazlığını və gələcəyə hesablanmış perspektivlərini sığortalayan ən mühüm amildir.

İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin mayın 4-də Azərbaycana səfəri xüsusilə yaddaqalan oldu. Bu səfər təkcə işgüzar xarakter daşımır, həm də özündə ciddi siyasi və rəmzi mesajlar ehtiva edir. Səfərin xronologiyası olduqca diqqətçəkəndir: Meloninin Ermənistanda keçirilən çoxtərəfli tədbirdən dərhal sonra Bakıya gəlməsi İtaliyanın Cənubi Qafqazdakı prioritetlərini və real müttəfiqlik ünvanını aydın nümayiş etdirir. Bu səfər Azərbaycan-İtaliya dostluğunun fundamental xarakter daşıdığını təsdiqləyir. Meloni bu ziyarəti ilə İtaliyanın Azərbaycanın ərazi bütövlüyünə, regional liderliyinə və sülh gündəliyinə verdiyi dəstəyi bir daha bütün dünyaya bəyan etmiş oldu.

Azərbaycan İtaliyanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır

Ölkələrimiz arasındakı qarşılıqlı əməkdaşlıq əlaqələri özünü ən bariz şəkildə enerji sektorunda da büruzə verir. Azərbaycan İtaliyanın enerji təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynayır və bu ölkənin enerji bazarında ikinci ən mühüm tərəfdaşı kimi çıxış edir. Xüsusilə Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə çatdırılan Azərbaycan qazı İtaliya sənayesinin və məişət sektorunun sabit fəaliyyəti üçün əvəzedilməz resursdur. 2025-ci ildə Azərbaycanın İtaliyaya təxminən 10 milyard kubmetr qaz ixrac etməsi bu mövqeyi daha da möhkəmləndirib. Ümumilikdə Cənub Qaz Dəhlizi vasitəsilə İtaliyaya çatdırılan qazın həcminin 50 milyard kubmetrə yaxınlaşması bu marşrutun İtaliya üçün nə dərəcədə həyati bir arteriya olduğunu sübut edir. Eyni zamanda, Azərbaycan İtaliyaya neft ixracı sahəsində də mühüm rol oynayaraq 2-ci yerdə qərarlaşıb.

Bu sıx münasibətlər iqtisadiyyatın digər sahələrinə də sirayət edir. İtaliya şirkətləri işğaldan azad edilmiş ərazilərdə — Qarabağ və Şərqi Zəngəzurda, eləcə də Mingəçevirdə aparılan strateji layihələrdə üstünlük təşkil edir. Zəfər muzeylərinin memarlıq layihələrinin hazırlanmasında italyan dizayn məktəbinin yaxından iştirakı bu tərəfdaşlığın həm də mənəvi-mədəni körpülər üzərində qurulduğunun göstəricisidir.

İki ölkənin müdafiə sənayesi sahəsindəki əlaqələri yeni mərhələyə yüksəlir

Digər tərəfdən, ölkələrarası münasibətlərin çoxşaxəli strukturunda hərbi və hərbi-texniki sahədə əməkdaşlıq strateji prioritet kimi mühüm yer tutur. Azərbaycan müdafiə nazirinin bu günlərdə İtaliyaya reallaşdırdığı yüksəksəviyyəli səfər və keçirilən səmərəli görüşlər iki ölkənin müdafiə sənayesi sahəsindəki bağlarının yeni keyfiyyət mərhələsinə yüksəldiyini nümayiş etdirir. Bu əməkdaşlığın ən bariz və praktiki nəticələrindən biri kimi Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) arsenalının müasirləşdirilməsi məqsədilə İtaliyanın qabaqcıl texnologiyalarına əsaslanan müasir yük təyyarələrinin alınması hərbi tərəfdaşlığın daha dərin və strateji müstəviyə qədəm qoyduğundan xəbər verir. Bu addım təkcə ordumuzun logistik və operativ imkanlarını genişləndirmir, həm də İtaliyanın Azərbaycanın milli təhlükəsizlik arxitekturasında NATO standartlarına uyğun etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Beləliklə, hərbi sahədəki bu sıx koordinasiya siyasi müttəfiqliyi real güc amili ilə tamamlayaraq regional sabitliyin qorunmasına xidmət edir.

İki ölkə arasındakı münasibətlərin mənəvi və intellektual sütununu təşkil edən humanitar sahədə İtaliya-Azərbaycan Universitetinin fəaliyyəti xüsusi strateji əhəmiyyət kəsb edir. Artıq 500-dən çox istedadlı gəncin təhsil aldığı bu müasir bilik ocağı prioritet sahələrdə italyan innovasiya ruhunu Azərbaycanın böyük inkişaf potensialı ilə sintez edən unikal bir layihədir. Bu təhsil ocağı İtaliyanın nüfuzlu universitetlərinin zəngin təcrübəsini ölkəmizə transfer etməklə iqtisadiyyatımızın müxtəlif sektorları üçün beynəlxalq standartlara cavab verən yüksəkixtisaslı kadrlar yetişdirir. Beləliklə, İtaliya-Azərbaycan Universiteti sadəcə bir tədris müəssisəsi deyil, iki xalqın mədəniyyətlərini bir-birinə daha da yaxınlaşdıran, ortaq gələcəyə hesablanmış intellektual bir körpü və humanitar əməkdaşlığın ən uğurlu nümunəsidir.

Avrasiya məkanında sabitlik və həmrəylik modeli

Azərbaycanın Avropa İttifaqı ilə çoxşaxəli və bərabərhüquqlu əlaqələrinin dərinləşməsində İtaliya ən fəal tərəfdaş olmaqla yanaşı, həm də Brüssel ilə Bakı arasında etibarlı bir körpü rolunu oynayır. Romanın rəsmi Bakının regional təşəbbüslərinə və Avropanın enerji arxitekturasındakı strateji roluna verdiyi prinsipial dəstək ölkəmizin Aİ məkanında iqtisadi və siyasi inteqrasiyasını daha da sürətləndirir. Ölkə rəhbərləri arasındakı səmimi və qarşılıqlı hörmətə söykənən dialoq bu il keçirilən Hökumətlərarası Komissiyanın iclasında da öz praktiki bəhrəsini verib. Bu iclasda qəbul edilən qərarlar təkcə mövcud ticarət dövriyyəsini artırmaqla kifayətlənməyib, həm də qeyri-neft sektoru, yaşıl enerji və yüksək texnologiyalar kimi sahələrdə yeni investisiya imkanları üçün konkret yol xəritəsini müəyyən edib. Beləliklə, İtaliya ilə qurulan bu institusional əməkdaşlıq Azərbaycanın Avropanın iqtisadi sisteminə daha dərindən nüfuz etməsi üçün strateji bir platforma funksiyasını yerinə yetirir.

İtaliya bu gün Avropa İttifaqı ailəsində Azərbaycanın təkcə ən böyük ticarət tərəfdaşı deyil, həm də milli maraqlarımızın müdafiəsində çıxış edən ən sadiq strateji müttəfiqlərindən biridir. İtaliyanın Nazirlər Şurasının sədri Ciorcia Meloninin ölkəmizə reallaşdırdığı bu tarixi səfər ikitərəfli sarsılmaz bağların keyfiyyətcə yeni və daha dinamik bir mərhələyə qədəm qoymasına misilsiz töhfə verəcək. Bu səfər həm də dünyaya bir mesajdır: Bakı və Roma arasındakı sarsılmaz tərəfdaşlıq mürəkkəb geosiyasi şəraitdə belə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq əsasında necə möhkəm ittifaq qurmağın mümkün olduğunu göstərir. Beləliklə, Azərbaycan-İtaliya münasibətləri bütövlükdə Avrasiya məkanında sabitlik, iqtisadi tərəqqi və strateji həmrəylik üçün nümunəvi, uzunmüddətli və konyunkturdan asılı olmayan bir model olaraq qalmaqdadır. (AZƏRTAC)

Избранный
1
8
ikisahil.az

8Источники