RU

İtaliya ilə strateji tərəfdaşlıq yeni mərhələdə - VACİB DETALLAR

“İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri Bakı-Roma əməkdaşlığının yeni mərhələyə keçdiyini nümayiş etdirdi. İlham Əliyevlə Meloni arasında keçirilən görüşlər göstərdi ki, iki ölkə arasında siyasi dialoq ən yüksək səviyyədədir”.

Bu fikirləri Musavat.com-a şərhində Milli Məclisin deputatı Nigar Məmmədova bildirib.

NİGAR

Deputat qeyd edib ki, xüsusilə diqqət çəkən məqam Meloninin Ermənistana səfərindən dərhal sonra Azərbaycana gəlməsidir:

“Bu addım Bakı ilə münasibətlərə verilən önəmin göstəricisi kimi qiymətləndirilir və bunu regionda balanslı yanaşma hesab etmək olar. Eyni zamanda tərəflər siyasi əlaqələrin daha da gücləndirilməsi barədə razılığa gəldilər. Cənab Prezidentin də söylədiyi kimi, “bizim ölkələrimiz strateji tərəfdaşdırlar, 2014-cü və 2020-ci illərdə strateji tərəfdaşlığa dair iki bəyannamə imzalanıb. Bizim münasibətlərimizin əsasını təşkil edən bu iki sənəd və sənədlərdə təsbit edilmiş məsələlər bu gün həyatda da öz əksini tapır”.

Hazırkı dəyişkən geosiyasi şəraitdə Azərbaycan və İtaliya strateji tərəfdaş kimi bir-birini dəstəkləyir. Meloni də öz növbəsində vurğuladı ki, “ətrafımızda olan qeyri-sabitlik artır və aramızdakı aydın məsələlərin həlli daha böyük əhəmiyyət kəsb etməyə başlayır. Həmin aydın olan məsələlərdən biri, təbii ki, İtaliya ilə Azərbaycan arasındakı münasibətlərdir”.

Nigar Məmmədova vurğulayıb ki, ikitərəfli münasibətlərin əsas istiqamətlərindən biri enerji sektorudur:

“Azərbaycan bu gün İtaliyanın həm qaz, həm də neft təchizatında əsas tərəfdaşlardan biridir. Xüsusilə, Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçirilən layihələr Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. 2025-ci ildə Azərbaycanın İtaliyaya ixrac etdiyi qazın həcmi rekord həddə çatıb. Bu əməkdaşlıq həm iqtisadi, həm də geosiyasi əhəmiyyət daşıyır. Ciorcia Meloni də vurğuladı ki, Azərbaycan Avropa ilə Asiya arasında strateji enerji və nəqliyyat qovşağı rolunu gücləndirir.

LYOfKlFdOhYgQDPhZaClLgCRqouz6bYz07KuYLBu_1200.jpg

İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır. 10 milyardı ötən ticarət dövriyyəsi iqtisadi əlaqələrin genişliyini göstərir. Azərbaycan Dövlət Neft Fondunun İtaliya iqtisadiyyatına yatırdığı sərmayələr və İtaliya şirkətlərinin Azərbaycanda fəal iştirakı əməkdaşlığı daha da gücləndirir. Xüsusilə, işğaldan azad edilmiş ərazilərdə İtaliya şirkətlərinin həyata keçirdiyi layihələr münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini təsdiqləyir. Bu, həm də Azərbaycanın post-münaqişə dövründə bərpa prosesinə beynəlxalq dəstəyin göstəricisidir”.

Deputatın fikrincə, son dövrlərdə Bakı–Roma münasibətlərində yeni istiqamət kimi hərbi-texniki əməkdaşlıq da ön plana çıxır:

“Müdafiə sənayesi, aerokosmik texnologiyalar və infrastruktur təhlükəsizliyi sahələrində əməkdaşlıq perspektivləri genişdir. Azərbaycan Hərbi Hava Qüvvələri üçün İtaliyadan yük təyyarələrinin alınması bu əməkdaşlığın praktiki nəticələrindən biridir. Cənab Prezident də vurğuladı ki, “birgə layihələrin həyata keçirilməsi, birgə istehsalın təşkil edilməsi, İtaliya texnologiyalarının Azərbaycan maliyyə vəsaitinin birləşməsi ilə əlaqədar konkret fikirlərimiz var”. Bu sahədə əməkdaşlıq iki ölkənin müdafiə qabiliyyətini artırmaqla yanaşı, həm də regional sabitliyə töhfə verir. Azərbaycan–İtaliya əlaqələrinin mühüm istiqamətlərindən biri də humanitar sahədir. Bakıda fəaliyyət göstərən İtaliya–Azərbaycan Universiteti bu əməkdaşlığın simvoluna çevrilib”.

Nigar Məmmədova əlavə edib ki, İtaliya Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində də mühüm tərəfdaş kimi çıxış edir, enerji və nəqliyyat sahələrində əməkdaşlıq Bakı ilə Brüssel arasında əlaqələrin dərinləşməsinə şərait yaradır:

“Meloninin səfəri bu baxımdan da xüsusi əhəmiyyət kəsb edir”.

Nigar Həsənli
Musavat.com

Избранный
6
50
musavat.com

10Источники