RU

Müharibə cəbhədən paytaxtlara keçir - Zelenski Moskvanı hədəf seçib?

Mayın 4-də Ukrayna Prezidenti Vladimir Zelenskinin İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammitində səsləndirdiyi fikirlər ölkəsinin Rusiya ilə müharibəsinin gedişi fonunda həm siyasi, həm də psixoloji baxımdan diqqətləri çəkib. Xüsusilə, onun Kremlib 9 May Qələbə paradı ilə bağlı səsləndirdiyi iddialar geniş müzakirələrə yol açıb. Onun paradda hərbi texnikanın nümayiş olunmaması ehtimalı və Ukrayna dronlarının paytaxt səmasında görünə biləcəyi barədə açıqlamaları informasiya müharibəsinin aktiv fazada davam etdiyini bir daha göstərib.

Bu kontekstdə Vladimir Putin müharibəni davam etdirəcək, yoxsa diplomatik həll yoluna yönələcək kimi suallar yenidən gündəmin mərkəzinə çıxıb.

Rusiya doğrudan da diplomatik yola üstünlük verəcəkmi?

Mövcud reallıqlar göstərir ki, Kreml hələlik hərbi strategiyadan tam imtina etmək niyyətində deyil. Bununla belə, uzanan müharibə, sanksiyalar və beynəlxalq təzyiqlər fonunda diplomatik manevr imkanlarının axtarılması da paralel şəkildə davam edir.

-d1d6a7ea155991665272926150910091265.jpg

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a açıqlamasında vurğuladı ki, siyasi proseslərdə təsadüflərin rolu tam inkar olunmasa da, bu gün baş verənlər daha çox uzunmüddətli hesablamaların, proqnozların və psixoloji oyunların nəticəsi kimi görünür: "Zelenskinin son açıqlamaları da bu kontekstdə qiymətləndirilməlidir. Bu, sadəcə ritorika deyil, Kremlin ən həssas nöqtələrinə yönəlmiş məqsədli təzyiqdir. Müasir müharibələr artıq yalnız cəbhə xəttində getmir. Proses çoxdan paytaxtlara, siyasi mərkəzlərə və cəmiyyətlərin psixologiyasına keçib. 9 May illərlə Rusiyanın güc və qələbə simvolu kimi təqdim olunub. Amma hazırkı reallıq bu simvolikanın əvvəlki qədər birmənalı olmadığını göstərir. Təhlükəsizlik narahatlıqları artır, ritorika sərtləşir, görüntü ilə reallıq arasında məsafə daha aydın hiss olunur. Bu fonda səslənən “dron” mesajları təkcə hərbi siqnal deyil, eyni zamanda imicə yönəlmiş psixoloji təsir vasitəsidir. Burada əsas mesaj ondan ibarətdir ki, müharibə artıq simvolik məkanlara toxunur. Paytaxtların “toxunulmazlığı” anlayışı qismən də olsa sual altına düşdükcə, bu məsələ tədricən daxili legitimlik müzakirəsinə çevrilir.

Digər tərəfdən, Vladimir Putin üçün 9 May sadəcə bayram yox, həm də siyasi imtahan xarakteri daşıyır. Mövcud şəraitdə Kremlin əsas prioriteti geri çəkilməkdən çox, nəzarəti qorumaqdır. Diplomatiya ilə bağlı səslənən fikirləri də bu çərçivədə oxumaq daha doğru olar. Bu, tam sülh axtarışından çox, vaxt qazanmaq və mövqeləri möhkəmləndirmək cəhdi kimi görünür. Qərb isə prosesə daha praqmatik yanaşır. Onun əsas məqsədi Rusiyanın ani çöküşü deyil, daha çox nəzarət oluna bilən zəifləmə ssenarisinin həyata keçməsidir. Bu baxımdan “diplomatiya” adı altında gedən müzakirələrin bir hissəsi müharibəni dayandırmaqdan çox, onun tempini və istiqamətini tənzimləməyə xidmət edə bilər.
Hazırkı mənzərə onu göstərir ki, tərəflər hələlik real sülhə hazır görünmür. Diqqətçəkən məqam odur ki, hər iki tərəf müəyyən fasilə əldə edib yenidən toparlanmaq üçün vaxt qazanmağa çalışır. Ən riskli ssenari isə müharibə uzandıqca oyun qaydalarının sərtləşməsidir".

Siyasi təhlilçinin sözlərinə görə, Moskva üzərində mümkün hücum ehtimalları və ya buna veriləcək cavab reaksiyaları daha geniş eskalasiya risklərini artırır: "Hazırkı mövcud tendensiyalar göstərir ki, bu müharibənin yaxın perspektivdə masa arxasında tam həll olunması ehtimalı zəifdir. Daha real görünən ssenari isə tərəflərdən birinin resurslarının tükənməsi və ya sahədə balansın ciddi şəkildə dəyişməsi fonunda yeni mərhələyə keçməsidir. O vaxta qədər səslənən “sülh” çağırışlarının əhəmiyyətli hissəsi daha çox taktiki manevr kimi qiymətləndirilə bilər".

Cavanşir Abbaslı
Musavat.com

Избранный
25
50
musavat.com

10Источники