RU

Azərbaycan Cənubi Qafqazı dəyişdi, Avropa Parlamenti isə...

"Cənubi Qafqaz sadəcə illər ərzində deyil, əsrlər boyu düşmənçiliyə, revanşizmə, münaqişəyə və müharibəyə sürüklənmişdi. Təbii ki, bütün bu planların arxasında böyük qüvvələrin və güclərin marağı dayanırdı. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etməklə, əslində elə bir reallıqlar yaratdı ki, son dərəcə mürəkkəb və ziddiyyətli məqamlarla dolu Cənubi Qafqaz kimi bir regionu bütün bu planların ağuşundan qoparıb çıxartmağı bacardı.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan olduqca düzgün siyasət yürüdərək Cənubi Qafqazı digər regionlardan fərqləndirərək müharibə deyil, sülh quruculuğu istiqamətində inkişaf etdirmək yolunu tutdu. Bütün bunların arxasında dövlət başçımızın illərlə çəkdiyi əziyyət dayanır.
Bunları görməzdən gələn, bütün həqiqətlərin əksinə olaraq Avropa Parlamenti beynəlxalq hüququn norma və prinsiplərinin əksinə gedərək Azərbaycan həqiqətlərini və bütövlükdə Cənubi Qafqaz reallıqlarını ya görmək istəmədi, ya kontekstdən çıxardaraq prosesləri başqa cür təqdim etməyə çalışdı, ya da ki əldə olunan sülhə zərbə vurmaq istiqamətində əllərindən gələni əsirgəmədi".

Bu fikirləri Musavat.com-da Azərbaycan Parlamentinin üzvü Azər Badamov səsləndirib.

O, Avropa Parlamentinin anti-Azərbaycan siyasətinin yolverilməz olduğunu xüsusi vurğulayaraq, sözdə insan hüquqlarından, ərazi bütövlüyü və suverenliyə hörmətdən danışan təsisatların əməldə tamamilə başqa addımlar atdıqlarını bildirib: "Azərbaycan qətiyyətli mövqeyindən dönmədi, heç bir halda təzyiq və təhdidlərə boyun əymədi. İstər 44 günlük Vətən müharibəsində, istərsə də COP29 çərçivəsində Azərbaycanın üzləşmədiyi çirkin kampaniya qalmadı. Azərbaycan Prezidenti cənab İlham Əliyev heç bir halda hədəflərimizdən bir an belə yayınmadı.

Regional əməkdaşlıq, dayanıqlı sülh və gələcək perspektivlər strateji xəttimizə çevrildi.

Məhz bu prinsipiallığın nəticəsidir ki, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısı zamanı bildirdi ki, sözügedən toplantı Azərbaycan ilə Ermənistan arasında sülh razılaşması sayəsində mümkün olub. Bəli, bu Azərbaycanın yaratdığı reallıqdır. Məhz o reallıq ki, burada itirən tərəf yoxdur".

Milli Məclis təmsilçisinin sözlərinə görə, Ermənistanı illərlə revanşizmə kökləyən tərəflər indi də Ermənistanın daxili siyasətinə sirayət etmək, bu daxili siyasətdən öz məqsədləri naminə istifadə etmək istəyirlər: "Azərbaycanın daxili məsələlərinə müdaxilədən sonra indi də keçiblər Ermənistanın daxili işlərinə. Bu günə qədər Azərbaycandan Ermənistana bütövlükdə 28 min ton yük çatdırılıbsa, bu, Ermənistanın siyasi rifahına, sosial-iqtisadi inkişafına verilən böyük bir töhfədir.

Artıq regionda yeni bir reallıq formalaşıb. Bu reallıqlarda bağlantılar xüsusi önəm kəsb edir. Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu Azərbaycanı onun eksklavı olan Naxçıvanla birləşdirəcək və bu yol Orta Dəhlizin bir komponentinə çevriləcək. Artıq proseslər ondan xəbər verir ki, Azərbaycan və Ermənistan sülhün praktiki faydalarını görürlər.

Dövlət başçımız həm də o məsələyə qətiyyətlə və aydın şəkildə toxundu ki, illər ərzində Avropa Parlamenti Azərbaycana təzyiq göstərmək üçün əlindən gələni etdi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və 30 il sadəcə tozlu kağızların üzərində qalan dörd qətnaməsini Azərbaycanın özünün icra etməsinə baxmayaraq çox az bir müddət sonra AŞPA Azərbaycan nümayəndə heyətinə qarşı sanksiyalar tətbiq etdi. Şübhəsiz ki, bu ikili standartların bariz nümunəsidirsə, deməli, bu yol həm də AŞPA-nın iş mexanizmi və iş prinsipidir.

Həm Antonio Koştanın açıqlamaları, həm Kanadanın baş naziri Mark Karninin, həm də digər siyasi xadimlərin sammitdə çıxışı zamanı Ermənistanla Azərbaycan arasında sülh prosesində əldə edilən irəliləyişləri təqdir etməsi, cənab Prezident İlham Əliyevin iştirakını alqışlamaları ondan xəbər verir ki, deməli, Azərbaycan vəziyyəti hər bir halda və mərhələdə düzgün dəyərləndirir və buna müvafiq addımlar atır.

Təəssüflər olsun ki, Avropa Parlamenti sülhü dəstəkləmək əvəzinə bizə qarşı sabotajla məşğuldur. Bu isə yolverilməzdir. Selektiv yanaşma, təhqir, yalan, böhtan, qaralama, bunların heç birinə Azərbaycan siyasətində yer olmadığı qədər, Azərbaycan icazə verməyəcək ki, hər hansı bir təsisat, hər hansı bir tərəf Azərbaycana qarşı bu üsullardan istifadə etsin".

Deputat onu da deyib ki, Avropa Parlament antisemitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi əsas problemləri qabartmaq əvəzinə, Azərbaycanı və bütövlükdə Cənubi Qafqazda yaradılacaq fundamental sülhü hədəf alır: "Bu isə sadəcə ikrah doğurur. Bu gün artıq Azərbaycan yeni bir reallıq yaradıb. Bu reallıq bütün dünya tərəfindən qəbul edilir. Azərbaycan Zəfərini leqallaşdırmağı bacarıb və ölkəmizin əldə etdiyi Zəfər regiona dayanıqlı sülh vəd edir. Əməkdaşlıq prinsiplərimiz aydın, ritotikamız səlis, yanaşmamız isə düzgündür".

Cavanşir Abbaslı
Musavat.com

Избранный
18
musavat.com

1Источники