"Hörmüz boğazı həqiqətən də son dərəcə güclü təsir vasitəsi kimi çıxış edir. Hətta onun Yaxın Şərqdəki münaqişələrə təsiri müəyyən mənada nüvə silahı səviyyəsində qiymətləndirilir. Çünki bu strateji keçidin bağlanması həm İran, həm də onun əsas tərəfdaşları üçün ciddi və sarsıdıcı nəticələr doğurur. Əslində, Hörmüz boğazının bağlanması məsələsi birbaşa İranla əlaqələndirilir. İlk mərhələdə bu addımı atan məhz Tehran olub və bunu ABŞ-a qarşı təzyiq aləti kimi istifadə etməyə çalışıb. Rəsmi Tehran hesab edirdi ki, boğazın bağlanması nəticəsində yaranacaq qlobal enerji böhranı Qərb ölkələrini ABŞ-a təsir göstərməyə vadar edəcək və nəticədə Yaxın Şərqdəki hərbi gərginlik azaldılacaq. Lakin bu taktika gözlənilən effekti vermədi. Əksinə, ABŞ İranın bu addımını onun özünə qarşı istifadə etmək qərarına gəldi. Vaşinqton İranın gəmilərdən müəyyən ödənişlər alaraq keçidə icazə verməsini əsas gətirərək bölgədə əlavə blokada mexanizmi formalaşdırdı və bunu Tehrana qarşı iqtisadi təzyiq alətinə çevirdi".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Qeyd edək ki, ABŞ-nin Hörmüz boğazında tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlər İran iqtisadiyyatına birbaşa təsir göstərərək ölkənin əsas gəlir mənbəyi olan neft ixracını ciddi şəkildə zəiflədir. Bu vəziyyət Tehranın sənaye və istehsal sektorunda dərin çətinliklərlə üzləşməsinə səbəb olur. Ekspertlər bildirirlər ki, ixrac imkanlarının məhdudlaşması fonunda neft ehtiyatlarının sürətlə artması hasilatın məcburi şəkildə azaldılmasına, hətta bəzi yataqlarda texniki problemlərin yaranmasına gətirib çıxara bilər ki, bu da ümumi iqtisadi gərginliyi daha da artırır. Vaşinqtonun yürüdüyü bu strategiya İranı siyasi baxımdan daha sərt seçim qarşısında qoymağa hesablanıb. ABŞ rəhbərliyinin ritorikasında bu addımların yüksək effektiv təzyiq mexanizmi kimi təqdim olunması Tehranın danışıqlarda mövqeyini zəiflətməyə yönəldilmiş məqsədli yanaşma kimi qiymətləndirilir.
Siyasi şərhçi qeyd edib ki, nəticədə İran iqtisadiyyatı ciddi durğunluq mərhələsinə daxil olmaq ərəfəsindədir.