RU

Şuşanın işğaldan azad edilməsi düşmənə vurulan ən böyük zərbə idi - TƏHLİL

8 may 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Şuşa 28 illik əsarətdən sonra - 8 noyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən azad olundu

Son beş ildən artıq dövrün qürurverici hadisələrindən biri işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin qeyd edilməsidir. Bu mühüm addımın mahiyyətində 44 günlük İkinci Qarabağ müharibəsində əldə olunmuş tarixi Qələbənin əbədiləşdirilməsi dayanır. Təbii ki, torpaqlarımızın işğaldan azad edildikləri tarixlə yanaşı, onların işğal günləri də vardır. Bunları unutmağa heç kimin haqqı yoxdur. 8 may Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşanın işğal edildiyi gündür.

30 illik işğal dövrü tariximizin faciəli səhifələri kimi daim vərəqlənir. Keçmişini unutmayan, bu günü ilə qürur duyan və gələcəyə inamla addımlayan Azərbaycan xalqı hər zaman yenilməzliyi, məğrurluğu, tarixinə, torpaqlarına sahib çıxan xalq kimi dünyanın diqqətindədir. Ermənilər zaman-zaman havadarlarının dəstəyi ilə azərbaycanlılara, tüeklərə qarşı soyqırımı və deportasiya siyasəti həyata keçiriblər. 1988-ci ildə əsassız torpaq iddialarının yenidən baş qaldırması hazırda tarixə qovuşan Qarabağ münaqişəsinin baş verməsinə səbəb oldu. Müstəqilliyimizin bərpasının ilk illərində, AXC-Müsavat iqtidarının bir illik hakimiyyəti dövründə hakimiyyətsizliyin hansı faciələrə yol açdığı yaddaşlarda, tariximizin səhifələrində hər zaman vərəqlənir, yada salınır. Dövlət başçısı İlham Əliyevin çıxışlarında həmin dövrün reallıqları əsaslı şəkildə qeyd edilir. O illərdə, AXC-Müsavat çütlüyünün hakimiyyətə can atmaları dövründə, ovaxtkı hakimiyyətin satqın, qorxaq olması səbəbindən Şuşa işğal altına düşdü. Prezident İlham Əliyev tarixi Zəfərimizin reallıqları fonunda həyata keçirilən Böyük Qayıdış Proqramı çərçivəsində 2024-cü ilin 10 may tarixində Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib, şəhərə köçmüş ilk sakinlərlə görüşündə bu reallıqları xüsusi qeyd etmişdir ki, Şuşanı müdafiə etmək üçün çox da böyük qüvvə lazım deyildi. Şuşa yiyəsiz qalmışdı və Şuşanın düşmənə təhvil verilməsi Xalq Cəbhəsinə hakimiyyətə gəlmək üçün yol açdı: “İndi baxın, o tarixlərə, tarixi hadisələrə. Bir neçə gündən sonra onlar hakimiyyətə gəldilər, o hakimiyyəti yıxdılar, çevriliş etdilər. Xalqın haqlı etirazını, necə deyərlər, öz tərəflərinə çəkmək üçün Şuşanı, sonra Laçını, ondan sonra Kəlbəcəri qurban verdilər. Bununla da keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Ermənistanla de-fakto coğrafi nöqteyi-nəzərindən birləşdi.”

Dağlar qoynunda yerləşən, iqtisadi inkişafı, müasir görünüşü, strateji əhəmiyyəti ilə fərqlənən bu qədim şəhərə sahiblənmək ermənilərin ən böyük arzuları olub. Qarabağ münaqişəsi başlanandan sonra Xankəndidə toplanan erməni silahlıları 1992-ci il mayın 7-dən 8-nə keçən gecə şəhəri dörd tərəfdən atəşə tutaraq Şuşanı işğal etdilər. Şəhəri qoruyan əsgərlərin müqavimətinə baxmayaraq milli satqınların xəyanətinin qurbanı olan Şuşa, çal-çağırlı, qonaqlı-qaralı Cıdır düzü, təbiətin yetişdirdiyi nadir bitkilərdən olan xarıbülbül ermənilərin əlinə keçdi.

Şuşa şəhəri 8 may 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi, 28 illik əsarətdən sonra 8 noyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən azad olundu. Hər daşı, qayası bir tarix olan Şuşa 28 illik işğal dövründə əyilmədi, sınmadı, azadlığa qovuşağını səbirsizliklə gözlədi. Şuşa şəhərinin işğaldan azad edilməsi ilə Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Müzəffər Ali BAş Komandan İlham Əliyev 2021-ci ilin yanvarında Şuşa şəhərində hərbçilərlə görüşündə bildirdi ki, Şuşanın işğaldan azad edilməsi düşmənə vurulan ən böyük zərbə idi.

Azərbaycanın qəhrəman övladlarının mükəmməl hərbi əməliyyatlarının beynəlxalq ekspertlər tərəfindən təhlil edilib , öyrənilməsi xalqımız üçün qürurdur .«Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik…Bütün dünyaya gücümüzü sübut etdik, göstərdik, düşmənin başını əzdik. Düşməni məcbur etdik ki, qabağımızda diz çöksün, kapitulyasiya aktına imza atsın. Belə də oldu və alçaldıcı kapitulyasiya aktı tarixdə əbədi qalacaq. Bütün dünya bizim Qələbəmizdən danışır» söyləyən Prezident İlham Əliyevin 44 günlük İkinci Qarabağ müharibəsini XXI əsrin müharibəsi adlandırması, ölkəmizin müdafiə qüdrətinin beynəlxalq səviyyədə etirafı göstərdi ki, qalibiyyəti qanı, canı bahasına qazanmaq qüdrətinə malik, düşmənin belini qıran övladlar yetirən Azərbaycan xalqı babalarından miras qalan qəhrəmanlıq ənənələrinə sadiqdirlər. Döyüş meydanında, informasiya müharibəsində, diplomatiyada qalib olduğunu düşmən üzərində qələbəsi ilə bəyan edən Azərbaycan tarixi Zəfəri ilə multikultural dəyərlərə sadiq, tolerant ölkə olduğunu da təsdiqlədi. İşğaldan azad olunmuş torpaqlarımızda olarkən erməni vandallarının 30 ildə dağıtdıqları şəhər və kəndlərimizin qısa müddətdə bərpa olunacağını əminliklə bəyan edən Prezident İlham Əliyev “Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq - ən müasir, ən rahat, ən gözəl. Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda, ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, əminəm, hər birimiz, hər bir azərbaycanlı bununla fəxr edəcək. Bir daha demək istəyirəm, biz azad edilmiş bütün torpaqlarda genişmiqyaslı proqramları icra edirik” söylədi. Onu da qeyd edək ki, Şuşa Böyük Qayıdış Proqramı çərçivəsində sakinlərinə qovuşan şəhərlər sırasındadır. 2024-cü ilin 10 may tarixində, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin doğum günündə sakinlərini qarşılayan Şuşanın həyatında yeni dövr başladı.

Şuşaya səfərləri zamanı Saatlı, Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa məscidlərini ziyarət edən, dini ocaqlarımıza müqəddəs «Qurani-Şərif» bağışlayan, erməni vandallarının güllələdiyi Xurşudbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün qəribsəyən büstlərini illərdən bəri həsrətində olduqları doğma yerlərinə qaytaran dövlətimizin başçısı bütün bunlarla xalqımıza məxsus mənəvi sərvətlərimizə sahiblik ruhunun əbədiliyini təsdiq etdi. Azərbaycan əsrlərboyu müxtəlif mədəniyyətlərin və sivilizasiyaların təmas və ünsiyyət mərkəzi olmuşdur. Asiya ilə Avropa arasında yerləşən ölkəmizin mədəni müxtəlifliyə hörmət və ehtiramı beynəlxalq səviyyədə etiraf olunan həqiqətdir. İşğaldan azad edilmiş torpaqlarda dini mənsubiyyətindən asılı olmayaraq bütün müqəddəs ocaqlara xalqımız tərəfindən qayğı göstərilməsi Azərbaycanın humanitar siyasətinin bəşəri prinsiplərə əsaslandığını göstərir. İşğaldan azad olunan torpaqlarımızdakı məscidləri ziyarət edərək milli ruhumuzun zənginləşməsində ədalət və humanizmin ön sıralarda dayandığını ölkə daxilində, beynəlxalq səviyyədə həyata keçirilən təşəbbüsləri ilə təsdiqləyən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın işğal dövründə dağıdılan, yararsız hala salınan məscidlərimizin və tarixi abidələrimizin bərpası istiqamətində atdığı addımlar xalqımızda böyük qürur hissi doğurdu. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada, Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri keçirildi, bu ənənələr bərpa edildi. Erməni vandallarının dağıtdıqları şəhər və kəndlərimiz, tarixi abidələrimiz əvvəlkindən də görkəmli vəziyyətə salınacağına əminlik ifadə edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın işğaldan azad edilməsi müjdəsini 8 noyabr 2020-ci ildə Şəhidlər xiyabanından xalqa çatdırarkən böyük qürur hissi ilə səsləndirdiyi «Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” çağırışı bugünkü reallıqlarımızda özünün aydın ifadəsini tapır.

 Şuşa bu gün diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Azərbaycanın, Türk dünyasının, İslam dünyasının mədəniyyət paytaxtı olan Şuşa özünün çal-çağırlı, xoşbəxt, sevincli günlərini yaşayır. Elə bir gün yoxdur ki, bu məkanda tədbir keçirilməsin. Şuşa dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı 30 ildən sonra bir araya gətirdi, VII-Zəfər qurultayına ev sahibliyi etdi. Şuşada Türk dünyasının birliyinə şahidlik edərək bu məkanda Zirvə görüşləri keçirildi. Şuşada təşkil edilən tədbirlərin sayı-hesabı yoxdur. Bundan böyük qürur hissi, xoşbəxtlik ola bilərmi? 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə Prezident İlham Əliyev xarici mətbuata verdiyi çoxsaylı müsahibələrində bu çağırışı edirdi ki, Şuşasız bizim işimiz yarımçıq olar. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində jurnalistin «Qarabağın qəlbi, gözü Şuşadır. Azərbaycanlıların gözü-qulağı Şuşadan gələcək xəbərdədir. İstiqaməti Şuşa olaraqmı verdiniz, inşallah» sualına cavabında bildirmişdi ki, istiqamət hər tərəfdir. İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir: «Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar... Ona görə təbii ki, Şuşanın işğaldan azad edilməsi bizim hədəflərimizin arasında xüsusi yer tutur. Biz buna çalışmalıyıq, biz buna nail olmalıyıq.» Cənab İlham Əliyev «Yaxındamı, cənab Prezident» sualına cavab olaraq isə bildirmişdi ki, onu, yəni, yaxın gələcək göstərər.

Şuşanın işğaldan azad edilməsi Vətən müharibəsində şanlı Qələbəmizin zirvəsi oldu. Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrildi. Musiqi beşiyimizin işğaldan azad edilməsi düşmənə vurulan ən böyük zərbə oldu. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2022-ci il «Şuşa İli» elan edildi. Bu mühüm addım Qarabağın tacının daha da dirçəlməsinə, bərpa və quruculuq işlərinin sürətinə, miqyasına təsirsiz olmadı. Bütün işğaldan azad edilmiş ərazilərimiz müasir dövrün tələbləri əsasında yenidən qurulur, dünya Azərbaycanın təqdim etdiyi yeniliklər sırasında “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin şahidinə çevrilir. Əgər cənab İlham Əliyevin tarixi Zəfərimizdən dərhal sonra 16 noyabr 2020-ci ildə işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri Füzuli-Şuşa yolunun və Füzuli Beynəlxalq Hava Limanının təməlinin qoyulması ilə yadda qalmışdısa, artıq bu gün onların istifadəyə verilməsi ilə yanaşı, digər tarixi məqamların da yaşandığını böyük qürur hissi ilə qeyd edirik. Qısa müddətdə Qarabağın və Şərqi Zəngəzurun hava qapılarını dünyaya açmaq Azərbaycan dövlətinin qətiyyətinin, iqtisadi imkanlarının təqdimatı oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2021-ci ilin 7 noyabr tarixində Füzuli rayonunda Zəfər yolunun açılışında iştirak etdilər. Prezident İlham Əliyev ilk gündən bu əminliyi ifadə etdi ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduğumuz kimi, tarixi dədə-baba torpağımız olan Qarabağı, Şərqi Zəngəzuru da qısa müddətdə bərpa edəcəyik. Cənab İlham Əliyevin ötən dövr ərzində də işğaldan azad edilmiş ərazilərimizə, o cümlədən Şuşaya davamlı səfərləri Böyük Qayıdış Proqramının uğurlu icrasını təmin edir. Əvvəldə qeyd etdiyimiz kimi, artıq 9 şəhər, 20-dən artıq kənd və qəsəbə sakinlərinə qovuşub. Hər bir səfər mədəniyyət paytaxtımızın simasının sürətlə dəyişməsini, əvvəlki şan-şöhrətinin özünə qayıtmasını, ənənələrin bərpasını şərtləndirdi. Cənab İlham Əliyevin tarixi Zəfərimizdən sonra işğaldan azad edilmiş ərazilərimizə elə bir səfəri, eyni zamanda, elə bir müsahibəsi yoxdur ki, mədəniyyət paytaxtımızdan söz açmasın, onun dirçəldilməsinin vacibliyini bəyan etməsin. Bu, Şuşanın Azərbaycan xalqının, ölkə Prezidentinin ürəyində hansı uca zirvədə dayandığını nümayiş etdirir. Diqqət yetirsək görərik ki, hər bir bayram, tarixi günlərdə Şuşaya səfərlər edilir və buradan dünyaya, işğalçı dövlətə postmünaqişə dövrünün reallıqları ilə bağlı çağırışlar olunur. Dövlət başçısının çıxışlarında bu fakt da diqqətə çatdırılır ki, əslində, Şuşanın mədəni dirçəlişinin təməli hələ illər öncə Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin 1982-ci ildə Şuşaya 2 dəfə səfər edərək Vaqifin məqbərəsinin, Poeziya Evinin açılışında və orada keçirilən Vaqif Poeziya Günlərində iştirak etməsi xalqımızın, şuşalıların yaddaşına ən xoş xatirələr kimi həkk olunub. Cənab İlham Əliyev 2021-ci ilin yanvarında ilk dəfə Şuşaya səfər edəndə həmin məqamları, həmçinin 39 il öncə Şuşaya səfərini xatırlamışdır. “Bu tarixi gün mənim yadımdadır. Çünki o vaxt atamla bərabər, bax, bu yerdə mən də durmuşdum. Bu, tarixi videokadrlar da var. Çox şaxtalı, qarlı bir hava idi. Möhkəm qar yağırdı. Amma buna baxmayaraq, bu tədbirə yığışmış insanlar, Azərbaycan ziyalıları heç o soyuğu hiss etmirdilər. Çünki Qarabağ xanının vəziri olan Molla Pənah Vaqifin möhtəşəm məqbərəsi açılırdı. Bu təşəbbüsü Ulu Öndər Heydər Əliyev irəli sürmüşdü, onun rəhbərliyi ilə inşaat işləri aparılmışdı və gözəl, əzəmətli məqbərə ucaldılmışdı.”

«Demişdim ki, Azərbaycan bayrağı Şuşada qaldırılacaq və qaldırıldı. Demişdim ki, Şuşasız qələbəmiz yarımçıq olacaq və o vaxt müharibə dövründə bundan artığını deyə bilmirdim. Çünki müharibənin aparılmasının məxfiliyi gözlənilməli idi. Müharibənin ilk günlərindən biz bilirdik ki, hədəfimiz nədir və Şuşaya doğru uğurla irəliləyirdik» söyləyən Prezident İlham Əliyev vədinə əməl etdi. 30 il düşmən əsarətində qalan torpaqlarımızı döyüşə-döyüşə azad edən, düşmənə sarsılmaz zərbə vuran, diz çökdürən, bütün dünyaya Azərbaycanın hərbi qüdrətini göstərən Azərbaycan Ordusu müharibə tarixinə yeni səhifələr yazdı. Artıq beş ildən çoxdur ki, torpaqlarımız tarixi sahibinə qovuşub, torpaq həsrətinə son qoyulub. Qarabağımız və Şərqi Zəngəzurumuz cənnət məkana çevrilir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, biz gəldik və əbəbi burada yaşayacağıq.

44 günlük İkinci Qarabağ müharibəsində dünya dostluğun, qardaşlığın nümunəsi kimi Azərbaycan-Türkiyə birliyinin bir daha şahidinə çevrildi. Şanlı Qələbəmizdən sonra Şuşamım şahidliyi ilə iki dost, qardaş ölkənin- Türkiyə və Azərbaycanın müttəfiqliyinin təsdiqi olan sənəd imzalandı. Dünyaya səs salan Şuşa Bəyannaməsi beynəlxalq aləmə ünvanlanan bir sıra mesajları özündə ehtiva etdi. Dünya Azərbaycan və Türkiyənin timsalında Türk dünyasının birliyinin, həmrəyliyinin nümunəsini görür. Prezident İlham Əliyevin Şuşaya hər səfəri mühüm tarixi anlarla, hadisələrlə yadda qalır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Şuşa hər kəsi özünə çəkir. Bundan sonra biz Şuşanı göz bəbəyi kimi qorumalıyıq. 

Təbii ki, beş ildən artıq dövrün reallıqlarını bir yazı çərçivəsində tam əhatə etmək mümkün deyil. Şuşa hər günü tarixinə mühüm, yaddaqalan hadisələrlə zəngin gün kimi yazır. Qarabağın tacının iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi diqqətdə olması görülən işlərin təqdimatıdır.

Yeganə Əliyeva, “İki sahil”

Избранный
17
ikisahil.az

1Источники