RU

Balkan türkologiyasının qurulmasında 1926 Bakı I Türkoloji Qurultayının rolu və Menzelin metodoloji tənqidləri

Prof.Dr. Osman Emin

Şimali Makedoniya

Müqəddəs Kiril və Mefodi adına Skopye Universiteti

Türk dili və ədəbiyyatı kafedrasının müdiri

1926-cı il fevralın 26-dan martın 5-dək Bakıda keçirilmiş Birinci Türkologiya Qurultayı, Türk dünyasının dil, mədəniyyət və kimlik məsələlərini ilk dəfə geniş miqyaslı və sistematik elmi platformada müzakirə etməsi baxımından tarixi dönüş nöqtəsi kimi dəyərləndirilir. Sovet İttifaqının erkən dövr siyasi mühitində, Oktyabr inqilabından sonra formalaşan "millətlərin öz müqəddəratını təyinetmə hüququ" anlayışı çərçivəsində təşkil edilən bu Qurultay, uzun müddət müxtəlif siyasi və mədəni təzyiqlər altında qalmış dil və mədəniyyət məsələlərinin akademik olaraq ələ alınmasına imkan yaratmışdır. Açılış nitqində Səməd Ağamalıoğlunun dilə gətirdiyi "mədəni oyanış" kəlməsi, ideoloji çərçivəyə malik olmaqla birlikdə, Türk dünyasının ümumilikdə ortaq elmi və mədəni zəmin yaratma arzusunu da əks etdirir. Bu cəhətdən Qurultay, təkcə akademik toplantı olmaqdan savayı, eyni zamanda siyasi və mədəni tərəfləri də olan çoxqatlı transformasiya prosesi kimi qəbul edilir.

Qurultayın ən mühüm müzakirə sahələrindən biri əlifba məsələsi olmuşdur. Ərəb əlifbasından Latın əlifbasına keçid istiqamətindəki meyl, yalnız texniki yazı islahatı kimi deyil, eyni zamanda tarixi yaddaş, mədəni davamlılıq və kimlik inşası baxımından həlledici qırılma nöqtəsi şəklində dəyərləndirilmişdir. Bu müzakirənin Balkanlar kontekstində əhəmiyyəti daha da aydındır. Belə ki, Balkan coğrafiyasında yaşayan Türk icmaları, Osmanlı dövründən miras qalan ərəb hərfli yazı ənənəsi vasitəsilə mühüm ədəbi və mədəni irs formalaşdırmış, Rumeli şeiri, təsəvvüf mətnləri, yerli xronikalar və klassik ədəbiyyat nümunələri bu yazı sistemi ilə yaradılmışdır. Bu çərçivədə əlifba dəyişikliyi müzakirəsi, Balkan türkləri baxımından təkcə modernləşmə prosesi deyil, həm də tarixi davamlılığın və mədəni yaddaşın yenidən təyin edilməsi məsələsinə çevrilmişdir.

Bu kontekstdə Qurultayda çıxış edən Teodor Menzel, Türk ədəbiyyatının tarixi inkişafını dəyərləndirərkən xüsusilə dil və əlifba məsələsini daha geniş mədəni asılılıq çərçivəsi daxilində təhlil etmişdir. O, türklərin uzun müddət farsca və ərəbcə kimi yad dillərdə əsər verməsinin ədəbi kimliyin formalaşmasını zəiflətdiyini vurğulamışdır. Onun fikrincə, əlifba müzakirəsi yalnız texniki transformasiya deyil, eyni zamanda ədəbiyyatın öz dilinə və kimliyinə qayıtması baxımından kritik bir mərhələni təmsil edir.

Türk dünyasında dil birliyi ideyası isə kökləri çox daha erkən dövrlərə uzanan intellektual davamlılığa əsaslanır. XI əsrdə Kaşğarlı Mahmudun "Divanü Lüğət-it-Türk" adlı əsəri ilə türk dilinin elmi və mədəni dəyərini ortaya qoyması, XIV əsrdə Aşıq Paşanın "Qəribnamə"sində Türk dilinin işlənməsi zərurətinə dair vurğuları və XIX-XX əsrlərdə İsmayıl Qaspıralının "Dildə, Fikirdə, İşdə Birlik" prinsipi çərçivəsində inkişaf etdirdiyi yanaşma, bu düşüncə xəttinin təməlini təşkil edir. Tənzimat dövründən etibarən Rəşid Paşa, Əhməd Cövdət Paşa, Şəmsəddin Sami və Ziya Göyalp kimi ziyalıların Türk dilinin sadələşməsi və milli kimlik qazanması istiqamətindəki töhfələri də bu prosesi tamamlayan mühüm amillər sırasındadır. 1926 Qurultayı, həmin tarixi irsi ilk dəfə sistematik və elmi zəmində bir araya gətirmişdir. Qurultayda dil tarixi, yazı qaydaları, terminologiya, əlifba, yazı dili standartlaşdırılması, təhsil metodologiyası, etnoqrafiya, regionşünaslıq və ədəbiyyat kimi geniş əhatəli sahələr müzakirə edilmişdir. Bu müzakirələr yalnız nəzəri səviyyədə qalmamış, Türk dünyasının müxtəlif coğrafiyalarda konkret təsirlərini doğurmuşdur. Xüsusilə yazı dili standartlaşdırılması və ortaq terminologiya məsələsi, Balkan Türk mətbuatı və ədəbiyyatı baxımından həlledici rol oynamışdır. Üsküp (Skopye), Manastır və Prizren kimi mərkəzlərdə Türkcə qəzetlərin nəşr edilməsi, teatr fəaliyyətinin davam etdirilməsi və şifahi mədəniyyətin canlılığını qoruması, Balkan türklərinin bu intellektual prosesin aktiv iştirakçısı olduğunu göstərir.

Menzelin dəyərləndirmələri bu məqamda xüsusilə diqqət çəkicidir. Ona görə Türk ədəbiyyatı tarixinin yazılmasında əsas problemlərdən biri, ədəbiyyatın dar bir şəkildə yalnız "şeir" ilə məhdudlaşdırılması və nəsr, xalq ədəbiyyatı ilə elmi mətnlərin laqeyd yanaşılmasıdır. Bu səbəbdən Balkan sahəsində görülən qəzet, teatr və şifahi mədəniyyət nümunələri, Menzelin təklif etdiyi geniş ədəbiyyat anlayışının konkret qarşılıqları kimi dəyərləndirilə bilər.

Balkanlar baxımından Qurultayın əhəmiyyəti yalnız dil müzakirələri ilə məhdudlaşmayıb, eyni zamanda bölgənin Türk dünyası ilə olan elmi və mədəni əlaqələrini yenidən təyin etməsi baxımından da kritik hədd təşkil edir. Osmanlı sonrası dövrdə müxtəlif dövlət sərhədləri içində yaşamağa başlayan Balkan türkləri, mədəni cəhətdən parçalanmış və bu vəziyyət ortaq istinad sahəsi ehtiyacını daha da bir ehtiyac halına gətirmişdir. Bu kontekstdə Qurultay, Balkan türkləri üçün həm elmi, həm də mədəni istinad nöqtəsi funksiyası görərək Balkan Türkologiyasının akademik təməllərinin möhkəmlənməsinə töhfə vermişdir.

Menzel də bənzər şəkildə Türk ədəbiyyatının tarixi inkişaf mərhələsini dəyərləndirərkən, Balkan türklərini Türk dünyasında ən erkən və ən sürətli ədəbi inkişafı edən istiqamət kimi təyin etmiş, xüsusilə Qərbi (Anadolu-Balkan) sahəsində ədəbiyyatın daha erkən sistemləşdiyini vurğulamışdır.

Balkan Türkologiyası baxımından dəyərləndirildikdə Qurultay, bölgənin Türk dili və ədəbiyyatı araşdırmalarının müstəqil elmi mühit halına gəlməsinə zəmin hazırlamışdır. Bu proses, Balkan Türk ədəbiyyatının Osmanlı mirası ilə modernləşmə arasında inkişaf edən quruluşunun daha sistematik şəkildə tədqiqinə imkan yaratmışdır. Balkanlar, bu baxımdan Türkologiya tədqiqatlarında yalnızca periferik sahə kimi deyil, müasir Türk ədəbiyyatının inkişaf prosesinə aktiv töhfə verən mədəni mərkəz kimi dəyərləndirilməyə başlanmışdır. Avropa ilə sıx mədəni təmasın mövcud olduğu bu coğrafiya, roman, teatr, məqalə və müasir şeir kimi janrların Türk ədəbiyyatına qazandırılmasında mühüm keçid sahəsi təşkil etmişdir. Bosniyadakı əlhamiyado ənənəsi, Balkanların çoxqatlı mədəni quruluşunu ortaya qoyan mühüm nümunələrdən biri kimi dəyərləndirilir. Slavyan dillərinin ərəb hərfləri ilə yazıldığı bu sistem, əlifba ilə kimlik və mədəniyyət arasındakı əlaqənin nə qədər güclü olduğunu göstərir, Balkanlardakı dil müzakirələrinə özünəməxsus dəyər qazandırır. Bu, Balkan Türkologiyasının yalnız Türk dili ilə məhdud sahə olmadığını, eyni zamanda çoxdilli və çoxmədəniyyətli qarşılıqlı təsir sahələrini də əhatə etdiyini əks etdirir.

Qurultayda Avropa Türkologiyası da mühüm yer tutmuşdur. Joseph von Hammer-Purgstall, Vasili Radloff və İqnats Kunos kimi tədqiqatçılar, Türk dili və mədəniyyətinə dair apardıqları tədqiqatlarla Türkologiyanın elmi təməllərinin formalaşmasına töhfə vermişlər. Xüsusilə Radloffun xalq ədəbiyyatı toplamaları və Kunosun Balkan sahəsinə dair tədqiqatları, Balkan Türkologiyasının beynəlxalq akademik ədəbiyyatda diqqət qazanmasına mühüm töhfələr vermişdir.

Menzel, bu tədqiqatçıların töhfələrini qəbul etməklə birlikdə, Avropadakı erkən dövr tədqiqatların da çox vaxt Türk təzkirə ənənəsini tənqidi süzgəcdən keçirmədən mənimsədiyini bildirmiş və bu səbəbdən həm Şərqdə, həm Qərbdə daha sistematik və müqayisəli metodun zəruriliyini vurğulamışdır.

Müasir Türk ədəbiyyatı kontekstində dövri nəşrlər və ədəbiyyat tarixi tədqiqatları da Qurultayın intellektual çərçivəsi daxilində dolayısı ilə müzakirə edilən mövzuları arasındadır. "Sərvət-i Fünun" kimi jurnallar ədəbi modernləşmənin mühüm mərkəzlərinə çevrilərkən, Məhməd Fuad Köprülünün sosioloji əsaslı ədəbiyyat tarixi yanaşması, Türk ədəbiyyatının yalnız bioqrafik deyil, tarixi və ictimai kontekst daxilində dəyərləndirilməsinə imkan yaratmışdır. Bu yanaşma, Balkan Türk ədəbiyyatı tədqiqatlarına da metodoloji zəmin hazırlamışdır.

Doğrudan da, Menzel klassik təzkirə ənənəsini tənqid edərkən, müasir və elmi ədəbiyyat tarixçiliyinin ən uğurlu nümayəndəsi olaraq Köprülüzadə Məhməd Fuadı göstərmiş və onun tədqiqatlarını Türk ədəbiyyat elminin modernləşməsi baxımından bir dönüş nöqtəsi kimi dəyərləndirmişdir.

Qurultayın Balkanlar baxımından digər mühüm nəticəsi, bölgədəki Türk ziyalıları arasında ortaq mədəni mənsubiyyət şüurunun inkişafına töhfə verməsidir. Fərqli dövlət sərhədləri daxilində yaşayan Balkan türkləri, bu cür elmi platformalar vasitəsilə özlərini yalnız yerli kimliklər üzərindən deyil, daha geniş Türk dünyası çərçivəsində dəyərləndirmə imkanı tapmışdır. Bu hal, Balkan Türk mətbuatı, təhsil müəssisələri və ədəbi mühitlərdə intellektual canlılıq yaratmış, mədəni inkişafın davamlılığını dəstəkləmişdir.

Nəticə olaraq, I Bakı Türkoloji Qurultayının ən davamlı təsiri, yalnız qəbul etdiyi qərarlar deyil, ortaya qoyduğu əsas intellektual suallardır. Xüsusilə Balkanlar baxımından bu Qurultay, Türk dünyası ilə elmi və mədəni əlaqələrin yenidən qurulmasını təmin edən mühüm dönüş nöqtəsi xarakteri daşıyır. Osmanlı sonrası dövrdə parçalanmış Türklərin ortaq mədəni yaddaş yarada bilib yarada biləməyəcəyi sualı, Balkan Türkologiyasının əsas məsələlərindən biri kimi varlığını qorumaqdadır. Təxminən bir əsr keçməsinə baxmayaraq əlifbalar dəyişmiş, siyasi sərhədlər yenidən çizilmiş və mədəni quruluşlar transformasiyaya uğramışdır. Lakin 1926 Bakı Türkoloji Qurultayının Balkanlar üçün qoyduğu ən önəmli miras dəyişməmişdir. Dil, yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda kimliyin, tarixi yaddaşın və mədəni davamlılığın təməl daşıdır.

Bu nöqtədə Menzelin vurğuladığı əsas məsələ yenidən əhəmiyyət qazanmaqdadır: Türk ədəbiyyatının və dilinin, yad təsirlərdən asılı olmayaraq öz tarixi və mədəni təməlləri üzərində yenidən qurulmasının zəruriliyi.

Bu gün Balkan Türkologiyası baxımından ən vacib sual hələ də qüvvəsini qoruyur. Fərqli dövlətlər içində yaşayan və türkcə danışanlar ortaq mədəni və elmi yaddaşı yenidən qura bilərmi, yoxsa tarixi ayrılıq daimi olaraq qalacaqmı? Balkanlarda türkcə danışılmağa davam etdiyi müddətcə bu sual yalnız akademik məsələ deyil, eyni zamanda yaşayan bir milli kimlik məsələsi olmağa davam edəcəkdir.

SON BAXIŞ: BALKANLAR VƏ TÜRKOLOGİYA

Balkanlar… sadəcə coğrafiya deyil, eyni zamanda göz yaşının torpağa qarışdığı, hər daşında bir köç hekayəsi gizli olan böyük bir tarixi yaddaş coğrafiyasıdır. Türkcə bu coğrafiyada yalnız keçmişdən gələn miras deyil, eyni zamanda hər səhər yenidən doğan bir ümid, bir mənsubiyyət və bir müqavimətdir. Bu dil yaşadığı müddətcə Balkanlardakı mədəni körpülər yıxılmayacaqdır. Çünki Türkcə burada yalnız danışılan bir dil deyil, ürəkdən ürəyə qurulan görünməz bir körpüdür.

Избранный
13
1
turkustan.az

2Источники