RU

1,15 milyard avro sualı: London Aİ bazarına qayıdır?

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Avropa İttifaqı Böyük Britaniyadan vahid bazara çıxış üçün illik təxminən 1,15 milyard avro ödəniş tələb edir və bu məsələ tərəflər arasında yeni danışıqların əsas mövzularından biridir. Brüssel bu tələbi digər qeyri-üzv ölkələrlə, xüsusilə İsveçrə ilə tətbiq olunan mexanizmlərlə əsaslandırır. London isə Brexitdən sonra Aİ ilə daha sıx əməkdaşlıq imkanlarını yenidən nəzərdən keçirməyə çalışır.Böyük Britaniya bu maliyyə öhdəliyini qəbul edərək Aİ ilə inteqrasiyanı dərinləşdirəcəkmi, yoxsa yenidən məsafəli siyasətə qayıdacaq?

Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Böyük Britaniya Avropa İttifaqından ayrıldıqdan sonra iqtisadiyyatını gücləndirməyə və hərbi potensialını artırmağa yönəlmiş siyasət yürüdür. Xüsusilə də qlobal güc balansının dəyişdiyi, Rusiya–Ukrayna müharibəsi fonunda Avropada təhlükəsizlik məsələləri daha da aktuallaşıb. Bu proseslər fonunda Böyük Britaniya özünü yeni reallıqlara uyğunlaşdırmağa çalışır: “ Baş nazir Keir Starmer hökuməti Avropa İttifaqından kənarda olsa da, NATO ölkələri ilə daha sıx əməkdaşlığa üstünlük verir. London və digər Avropa paytaxtları açıq şəkildə Rusiyanın təhlükə yaratdığını bildirir və mümkün risklərə qarşı hazırlıq görür. Bu çərçivədə Böyük Britaniyada yeni hərbi zavodlar inşa edilir, raket və sursat istehsalı genişləndirilir, müdafiə sənayesi gücləndirilir. Artıq Avropa İttifaqı ölkələri də anlayır ki, təhlükəsizlik məsələsində daha çox öz güclərinə arxalanmalıdırlar. Bu baxımdan Böyük Britaniya, Almaniya və Fransa arasında koordinasiya güclənir. Onlar hesab edirlər ki, yaxın illərdə Rusiya ilə qarşıdurma ehtimalı artır və buna görə də hərbi hazırlıq qaçılmazdır”.

Politoloqun fikrincə, ABŞ ilə Avropa arasında münasibətlərdə müəyyən soyuqluq müşahidə olunur. Donald Trump dövründə NATO müttəfiqlərindən narazılıq açıq şəkildə ifadə olunub. Xüsusilə də Vaşinqton Avropa ölkələrinin müdafiə xərclərini artırmamasını tənqid edib və NATO çərçivəsində öhdəliklərin bərabər bölüşdürülmədiyini vurğulayıb.

Məhz bu səbəbdən ABŞ Avropadakı hərbi mövcudluğunu qismən azaltmaq istiqamətində addımlar atır, o cümlədən Almaniyadakı hərbi kontingentin ixtisarı gündəmə gəlib. Bu isə Avropanı daha müstəqil müdafiə strategiyası formalaşdırmağa vadar edir. Bu kontekstdə NATO üzvlərindən ÜDM-in ən azı 5 faizini müdafiəyə ayırmaq tələbi də irəli sürülüb. Halbuki əvvəllər Almaniya və Fransa kimi əsas ölkələr belə bu göstəricidən xeyli aşağı səviyyədə idi. İndi isə artan təhlükələr fonunda hərbi xərclərin kəskin artırılması artıq zərurətə çevrilir.

Elşad Həsənov bildirib ki, Böyük Britaniyanın Avropa ilə iqtisadi əlaqələri də tam qopmuş deyil. Londonun Avropa İttifaqının vahid bazarına çıxış üçün müəyyən ödənişlər etməsi ehtimalı yüksək qiymətləndirilir. Rusiya–Ukrayna müharibəsi başlayandan sonra Böyük Britaniyanın Ukraynaya geniş hərbi və maliyyə dəstəyi göstərməsi də onun Avropa təhlükəsizlik sistemində aktiv rol oynamaq istədiyini göstərir.

“Böyük Britaniya anlayır ki, qlobal qarşıdurmalar fonunda təkbaşına qalmaq risklidir. Bu səbəbdən həm hərbi gücünü artırır, həm də Avropa ilə əməkdaşlığı yeni formatda davam etdirməyə çalışır”-deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
36
bizimyol.info

1Источники