RU

Yeni qayda müəllimləri qorxuya salıb: “Şantaj halları arta bilər”

“Yeni davranış qaydaları, onlara qarşı yeni tələblər cəmiyyətdə və müəllimlər arasında ciddi narahatlıq doğurub”.

Bunu “Yeni Sabah”a təhsil eksperti Məzahir Məmmədli bildirib.

O, İnzibati Xətalar Məcəlləsində edilən son dəyişiklikləri şərh edib.

Xatırladaq ki, yeni qaydaya görə, tərbiyə etmə məqsədilə uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək. Bu, məcəllənin 525-1-ci maddədə əksini tapıb. Üstəlik, həmin əməl Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək.

M.Məmmədlinin sözlərinə görə, İnzibati Xətalar Məclisindəki yenilik müəllimlərin şagirdlərlə münasibətini və ümumi etik davranışını tənzimləməyə yönəlib:

“Lakin bir çox müəllim hesab edir ki, yeni qayda onların fəaliyyət imkanlarını məhdudlaşdıra, hətta müəllim nüfuzuna qarşı təzyiq vasitəsinə çevrilə bilər.

Hazırda mövzu sosial şəbəkələrdə və müəllimlərin öz aralarında geniş müzakirə olunur. Bəzi müəllimlər narahatdır ki, şagird müəllimdən narazı qaldıqda gizli çəkiliş və ya şikayət yolu ilə bunu asanlıqla gündəmə gətirə biləcək. Bu isə məktəblərdə əsassız ittihamlar və hətta şantaj hallarının artmasına səbəb ola bilər.

Digər tərəfdən, şagirdi tənbeh etmək və sinifdə intizamı saxlamaq məsələsi də çətinləşib. Müəllimlərin əlində olan təsir vasitələri məhdudlaşdıqca sinif intizamını qorumaq getdikcə çətinləşir.

Məsələnin digər vacib tərəfi psixoloji dəstəyin zəif olmasıdır. Bir çox məktəbdə psixoloqların sayı yetərli deyil və mövcud mütəxəssislər bütün şagirdlərlə effektiv işləyə bilmirlər. Nəticədə problemli davranış göstərən şagirdlərlə iş aparmaq çətinləşir”.

M.Məmmədlinin fikrincə, problemin həlli üçün məktəb rəhbərliyi, müəllimlər və valideynlər birlikdə çalışmalı, psixoloqların rolu artırılmalı və bu sahəyə daha çox resurs ayrılmalıdır.

Aytəkin Əzizqızı


Telegram kanalımız
Избранный
4
1
yenisabah.az

2Источники