BAKI, 4 may. TELEQRAF
"2024-2025-ci ildə Sabirabadda kolların qanunsuz götürülməsi səbəbindən 1 milyon 240 min manatlıq ziyan hesablanıb".
Teleqraf xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında "Yaşıllıqların mühafizəsi haqqında" qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, pozuntu 2024-cü ilin sonu, 2025-ci ildə baş verib: “Belə ki, 6 aqro-bağ və kənd təsərrüfat təyinatlı müəssisəsi tərəfindən 6 ərazidə 15 min 554 yulğun-saksaul kolu götürülüb. Nəticədə 1 milyon 240 min manatlıq ziyan hesablanıb və o dövrün mövcud qanunvericiliyi əsas götürülərək cinayət tərkibi yaranması səbəbindən Baş Prokurorluğa təqdim edilib.
Bu kimi hallar digər regionlarda da aşkar edilib. Bununla kənd təsərrüfatı təyinatlı müəssisələrin onların məsul şəxslərinin məhrumiyyətinə səbəb olunub.
Yaşıllıqların götürülməsi ətraf mühitə mənfi təsir göstərə bilər. Amma digər tərəfdən ərzaq təhlükəsizliyi, kənd təsərrüfatının inkişafı da vacibdir”.