ABŞ-nin Hörmüz boğazını blokadaya almasından sonra çıxılmaz vəziyyətdə qalan İran tərəfi neftini satmaq üçün müxtəlif vasitələrə əl atır. Hazırda infrastrukturu, loqistikası zəif olan İranın əsas istifadə etdiyi yol quru yoludur.
Turkustan.az xəbər verir ki, Tehran rejimi Pakistanla sərhəddə qaçaqmalçılara qonşu ölkəyə neft satmaq üçün geniş şərait yaradıb. Belədə, yüz minlərlə barrel neft qeyri-leqal yolla Pakistana axır.
Bildirilir ki, Pakistan da prosesdən məmnundur. Çünki neftə ciddi ehtiyacı var.
ReAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bu addım İran üçün elə də effektiv olmayacaq:
“Quru yolla o boyda nefti daşımaq mümkün deyil. Quru yolla ancaq avtomobillərlə daşımaq olar. Bir gəmi 2-3 milyon barrel neft daşıyır. Belə həcmdə nefti daşımaq üçün isə yüzlərlə avtomobil lazımdır. Bu isə onu göstərir ki, Hörmüz boğazının blokadası fonunda İran tərəfinin avtomobillərlə xaricə neft daşınması o qədər də effektiv deyil. Onun yalnız İrana hiss olunmayacaq müəyyən dərəcədə köməyi olacaq”.
Partiya sədrinin sözlərinə görə, İranın bu addımı ABŞ-nin regiondakı fəaliyyətinə əngəl yaradarsa, Vaşinqton sözügedən yolu da bağlayacaq:
“Pakistan bu vəziyyətdən sözsüz ki, məmnun olacaq. Çünki böyük ehtimalla həmin nefti ucuz alır. Amma ABŞ-nin Pakistana olan təsirini də nəzərdən qaçırmamalıyıq. Amerika istəsə, bir neçə dəqiqəyə həmin yolu bağlaya bilər. Bu İran üçün müəyyən dərəcədə kiçicik nəfəslik olsa da, problem kökündən həll etməyəcək. İran doğrudan da bu sahədə ağır duruma düşüb”./Bakupost.az/