Pensiya yaşı ən yüksək olan MDB ölkələri sırasında Azərbaycanın da adı yer alır. Bu səbəbdən sosial şəbəkələrdə pensiya yaşının azaldılması ilə bağlı müzakirə gedir. Xüsusilə iş tapmaqda çətinlik çəkən, sağlamlıq problemləri ilə üzləşən vətəndaşlar pensiya yaşının azaldılmasının zəruriliyini qeyd edirlər.
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, Azərbaycanda pensiya yaşı məhz 2017-ci ildə qəbul edilən qaydalara əsasən müəyyənləşir. O xatırladıb ki, həmin qaydalarla həm kişilər, həm qadınlar üçün pensiya yaşı müəyyənləşib və dəyişdirilib: “Ümumiyyətlə, dünya praktikasında pensiya yaşı müəyyənləşdirilən zaman orta ömür müddəti nəzərə alınır. Bir sıra ölkələrdə məhz qadınlar və kişilər üçün fərqli pensiya yaşının müəyyənləşdirilməsi praktikasından istifadə olunub.
Təbii ki, əsas meyar orta ömür müddətidir. Amma bir sıra ölkələrdə, eləcə də Avropa ölkələrində, məsələn, Polşada qadınlar kişilərlə müqayisədə daha tez pensiyaya çıxmaq hüququ qazanırlar. Bu da təbii ki, pensiya yaşı ərəfəsində qadınların daha çox sosial təminata ehtiyacının olması ilə bağlıdır. Bu baxımdan bir bəzi ölkələrdə qadınlarla kişilərin pensiya yaşına differensial yanaşma var. Bizim də təklifimiz ondan ibarətdir ki, qadınlarla kişilərin pensiya yaşına differensal baxılsın. Azərbaycanda da qadınların kişilərlə müqayisədə daha tez pensiyaya çıxması və bunun qorunub saxlanılması məqsədəuyğundur. Düzdür, mövcud qaydalara əsasən qadınlar kişilərlə müqayisədə daha tez pensiyaya çıxırlar.
Nəzərə alsaq ki, 2017-ci ildə qəbul edilmiş qaydalara uyğun olaraq qadınların pensiya yaşı kişilərin pensiya yaşına çatdırılacaq. Biz təklif edirik ki, qadınlar üçün pensiya yaşı kişilərlə müqayisədə daha aşağı olsun. Bu da qadınların daha tez pensiyaya çıxmasını təmin edə bilər. Eyni zamanda bəzi ölkələrdə digər keyfiyyət meyarlarından da istifadə olunur. Məsələn, çoxuşaqlı anaların daha tez pensiayya çıxması bizim qanunvericilikdə var. 5 və daha artıq uşağı olan analar, bir sıra hallarda atalar beş il pensiyaya daha tez çıxırlar, amma buna da baxılması və məhz çoxuşaqlı ailə anlayışının pensiya yaşı aspektindən dəyişilməsi də məqsədəuyğun olardı. Eyni zamanda tək qadınlar üçün də məhz pensiya yaşında güzəştlərin tətbiq edilməsi məqsədəuyğun olardı. Bu baxımdan yanlız kəmiyyət deyil, həm də keyfiyyət meyarlarından istifadə olunmasını təklif edirik. Bu da təbii ki, pensiya təminatında və xüsusən sosial təminata daha çox ehtiyacı olan vətəndaşlarımızın daha tez pensiyaya çıxmasını təmin edə bilər. Nəzərə alsaq ki, ümumiyyətlə pensiya islahatları dərinləşir və bu sektorda islahatlara davam etdirilir. Bu baxımdan məhz keyfiyyət meyarlarından istifadə olunması pensiya sahəsində aparılan islahatların bir elementinin olmasını təklif edirik”.