RU

DİQQƏT: Banklar bu şəxslərə kreditlə bağlı güzəşt edə bilər

Kredit ödənişlərində çətinlik çəkən vətəndaşlar üçün ən çox müzakirə olunan məsələlərdən biri də borcun müddətinin uzadılmasıdır. Aylıq ödənişi azaltmaq üçün bu üsul bəzən çıxış yolu kimi görünsə də, hər müraciətə eyni yanaşma tətbiq olunmur və qərar bir çox amillərdən asılıdır.

Bəs kredit müddətinin uzadılması nə dərəcədə əlçatandır və bu imkan hər kəsə şamil edilirmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Günay Hüseynova bildirib ki, kredit müddətinin uzadılması ilk növbədə bankların daxili siyasəti və qaydaları ilə tənzimlənir.

Sağlam

Onun sözlərinə görə, bəzi hallarda banklar müştərilərə güzəşt edərək kredit müddətini uzada bilər, lakin bu, hər zaman mümkün olmur:

“Bu qərar bankın cari riskləri, maliyyə vəziyyəti və öhdəliklərindən asılı olaraq dəyişir. Bankların da əməkhaqqı fondu, icarə və digər xərcləri var. Məsələn, 20 nəfər kredit götürüb və onların 15-i müddətin uzadılmasını istəyirsə, bu zaman aylıq daxilolmalar azalır. Bu isə bankın xərclərini qarşılamaqda çətinlik yaradacaq”.

Ekspert qeyd edib ki, xüsusi və ağır hallarda banklar daha çox güzəştə meyilli olurlar:

“Müharibə şəraiti, ailə üzvünün itirilməsi, yol-nəqliyyat hadisəsi və ya müvəqqəti əmək qabiliyyətinin itirilməsi kimi hallar zamanı banklar bəzən müştərilərə dəstək göstərir.

Mövcud qanunvericilikdə bankların kredit müddətini mütləq uzatmasını tələb edən konkret norma yoxdur.

Yəni bu, bankın öhdəliyi deyil və hər bir müraciət fərdi qaydada qiymətləndirilir”.

Ekspert həmçinin vaxtından əvvəl kreditin tam bağlanması ilə bağlı tətbiq olunan bəzi şərtlərə də toxunub.

“Vətəndaş 18 aylıq kredit götürür və 3 ay sonra borcunu tam ödəmək istəyir. Bu halda ya cərimə tətbiq olunur, ya da 18 ayın tam faizinin ödənilməsi tələb edilir. Bu yanaşmanın dəyişdirilməsinə ehtiyac var. Amma bütün müddət üzrə faizin tutulması ən azı ədalətli görünmür və bu, bankla vətəndaş arasında etimadı zəiflədə bilər”.

Beləliklə, kredit müddətinin uzadılması və ya digər güzəştlər hər nə qədər vətəndaşlar üçün çıxış yolu kimi görünsə də, bu imkanın tətbiqi konkret bankın daxili qərarlarından və mövcud şəraitdən asılı olaraq dəyişir.

Aynurə İsmayıl
KONKRET.az

Избранный
13
1
konkret.az

2Источники