2025-ci ilin isti yayında ilk dəfə Azərbaycana qədəm basmış Jorj Kaşkilyanın ölkəmizdən ayrılmaq ərəfəsində olduğunu eşitdim.
Bildiyimə görə, klub rəhbərliyi ilə yeni müqavilə şərtlərində mövqeləri üst-üstə düşməyib.
Portuqaliyalı özünün və köməkçilərinin məvacibinin artırılmasını istəyib, yuxarıdakılar razılaşmayıb.
Bu, çox pis xəbərdir.
Kaşkilya Azərbaycana Çexiyanın üçüncü liqasından dördüncü liqaya komanda düşürmüş biri kimi gəlsə də, «İmişli» ilə karyerasında fərqli səhifə açmağı bacardı.
Ev-eşik üzünə həsrət qalmış, bütün oyunlarını səfərdə keçirmək məcburiyyətində qalmış, ikinci-üçüncü dərəcəli yerli futbolçularla say düzəltmiş, peəşkarlaşma yolunda ləng addımlar atan klubu debüt ilindəcə Premyer Liqada saxlamaq mühüm nailiyyətdir.
32 xal bir igidin ömrünə bəs edəcək qədər yaxşı nəticədir.
Doğrudur, «İmişli»nin çempionatdakı ömrünü minimum daha 1 il uzatmasında prezident Kamran Eyyubovun da rolu böyükdür, ancaq istənilən halda baş məşqçinin işi meydanda göründü.
Komanda pis oynayır, yaxşı oynayır - bu, artıq başqa səmtdə açılaq müzakirə mövzusudur.
«Qəbələ» əntiqə futbol oynadığı halda, turnir cədvəlinin «zirzəmi»sindən çıxa bilmirsə, Kaşkilyanın praqmatik tərzinin «İmişli»ni qarşısına qoyulan məqsədə çatdırması o deməkdir ki, yol düzgün seçilib.
Hər halda tarixdə qalan nəticədir. Bir müddət sonra deyən olmayacaq ki, hə, «Qəbələ» qəşəng təsir bağışlayırdı, «İmişli» cansıxıcı.
Hamımız ümumi tabloya baxırıq və sözsüz ki, baş məşqçilərin işinə onun üzərindən qiymət verməliyik.
Eyyubov Kaşkilya ilə dil tapa bilsə, «İmişli» gələn sezeona 1:0 öndə başlayacaq. çünki Kriştianu Ronaldonun həmyerlisi bizim liqanı artıq kifayət qədər yaxşı tanıyır.
KAMİL