Çin alimləri müəyyən ediblər ki, moruq ekstraktı qaraciyərin zədələnməsini azalda və yağ yığılmasının qarşısını ala bilər.
Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri "Frontiers in Nutrition" jurnalında dərc olunub.
Tədqiqat çərçivəsində alimlər siçanlar üzərində eksperiment aparıblar. 12 həftə ərzində yağlı qidalarla bəslənən heyvanlarda metabolik yağlı qaraciyər xəstəliyi modeli yaradılıb. Daha sonra onların bir hissəsinə moruq ekstraktı verilib.
Nəticələr göstərib ki, moruq qəbul edən qrupda qaraciyər zədələnməsi əlamətləri azalıb, toxumalarda yağ yığılması aşağı düşüb və lipid mübadiləsi yaxşılaşıb.
Alimlər bu təsiri bağırsaq mikrobiotasına təsirlə əlaqələndirirlər. Belə ki, moruq ekstraktı faydalı bakteriyaların, xüsusilə Ileibacterium cinsinin artmasına səbəb olub və bağırsaq baryerini gücləndirib. Bu baryer orqanizmi zərərli maddələrin daxil olmasından qoruyur.
Bundan əlavə, tədqiqat zamanı maddələr mübadiləsində iştirak edən inozin molekulunun səviyyəsinin artdığı da müşahidə edilib. Laboratoriya şəraitində bu maddənin qaraciyər hüceyrələrində yağ yığılmasını azaltdığı, həmçinin iltihab və oksidləşdirici stressi zəiflətdiyi müəyyən olunub.
Tədqiqat müəllifləri bildirirlər ki, nəticələr hələlik klinikadan əvvəlki mərhələ ilə məhdudlaşır. Bununla belə, moruğun gələcəkdə qaraciyər sağlamlığını dəstəkləyən funksional qidaların hazırlanmasında istifadə oluna biləcəyi vurğulanır.
NURİYYƏ