
Avropa İttifaqı Cənubi Qafqazda təsirini artırmaq və regionun nəqliyyat-logistika imkanlarından yararlanmaq məqsədilə TRIPP (Trump Route for International Peace and Prosperity) nəqliyyat dəhlizi layihəsinə qoşulmağa çalışır. Bu barədə EUObserver nəşri məlumat yayıb.
Məlumata görə, mayın 5-də Aİ ilə Ermənistan arasında tarixdə ilk sammit keçiriləcək. Görüşün nəticəsi olaraq nəqliyyat, energetika və rəqəmsal əməkdaşlıq sahələrini əhatə edən yeni tərəfdaşlıq mexanizmi işə salınacaq.
Aİ bu təşəbbüslə, ötən il ABŞ-ın Ermənistan və Azərbaycan arasında sülh danışıqlarında aktiv rolundan sonra regionda daha fəal iştirak etməyi hədəfləyir. Brüsselin qiymətləndirməsinə əsasən, TRIPP marşrutu Rusiyanı yan keçən alternativ ticarət yolu kimi çıxış edə və Ermənistanı daha geniş Avrasiya logistika zəncirlərinə inteqrasiya edə bilər.
Aİ rəsmiləri bildirir ki, ənənəvi marşrutla Çindən Avropaya yük daşınması təxminən 42 gün çəkdiyi halda, “Orta dəhliz” effektiv işləyərsə bu müddəti 12–13 günə qədər azaltmaq mümkündür.
Bununla belə, bəzi ekspertlər Aİ-ni regionda kifayət qədər sürətli və strateji qərarlar qəbul etməməkdə tənqid edir. Onların fikrincə, bu vəziyyət ABŞ-ın Cənubi Qafqazda təsirini daha da gücləndirməsinə şərait yaradır.
Sammit çərçivəsində Aİ ilə Ermənistan arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi də gözlənilir. Avropa Sülh Fondu vasitəsilə artıq Ermənistana 30 milyon avro həcmində dəstək ayrılıb.
Eyni zamanda, Ermənistan vizasız rejimə doğru irəliləyişlə bağlı ilk hesabatı alacaq. Bu prosesdə Aİ-nin sərhəd agentliyi Frontex ilə əməkdaşlığın genişləndirilməsi planlaşdırılır.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan mart ayında Avropa Parlamentində çıxış edərək ölkəsinin Aİ-yə üzvlük niyyətini bir daha təsdiqləyib və Azərbaycanla davamlı sülhün vacibliyini vurğulayıb.
İyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri isə regional və beynəlxalq diqqət mərkəzindədir. Müşahidəçilər seçkilərə mümkün xarici müdaxilə risklərinin olduğunu bildirirlər.
Son illərdə Rusiya Ermənistan üzərində təsirini xeyli itirsə də, hələ də Gümrüdə yerləşən 102-ci hərbi baza vasitəsilə ölkədə hərbi mövcudluğunu qoruyur. Bu bazanın icarə müddəti 2044-cü ilə qədər qüvvədədir.
Xatırladaq ki, 2025-ci ilin yanvarında Ermənistan hökuməti rəsmi şəkildə Aİ-yə üzvlük istiqamətində hərəkət etmək niyyətini açıqlayıb. Bununla belə, 2024-cü ildən başlayan vizasız rejim danışıqları hələ də bəzi Aİ ölkələrinin tərəddüdləri səbəbindən yekunlaşmayıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта