RU

Bu halda ağac və kolların kəsilməsinə icazə veriləcək

Ağac, kol və digər bitkilərin kənd təsərrüfatı fəaliyyətinə mane olduğu bir sıra hallarda onların kəsilməsinə yol veriləcək.

Ölkə.az xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirə olunan "Yaşıllıqların mühafizəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, məqsədli təyinatı əkin, çoxillik əkmələrin altında olan kənd təsərrüfatı təyinatlı torpaqlardakı yaşıllıqlar kənd təsərrüfatı fəaliyyətinə mane olduqda da yaşıllıqların götürülməsinə yol veriləcək. Bu halda kol, gül-çiçək və ot bitkilərinin kəsilməsinə görə bərpa dəyəri ödənilməyəcək.

Yaşıllıqların götürülməsi dedikdə ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsi (kökündən çıxarılması), bərpa edilməsi şərtilə kəsilməsi və ya bərpa edilmədən kəsilməsi nəzərdə tutulacaq.

Kolların kəsilməsi üçün yuxarıdakı hal mövcud olduqda ərizəçi tərəfindən kolların kəsilməsindən əvvəl kəsiləcək kolların sayı, cinsi, növü, hündürlüyü, fotoşəkli, həmin kolların yayıldığı ərazinin ölçüsü (hektarla), kolların kəsilməsini zəruri edən hal, kolların yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti, habelə ərizəçi fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı və fərdi identifikasiya nömrəsi (FİN-i), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda, həmçinin onun vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamənin surəti, hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə məlumat veriləcək.

Ərizəçi tərəfindən yalan və (və ya) təhrif olunmuş məlumatın verilməsi qadağandır.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 10 təqvim günü müddətində həmin kolların kəsilməsinə dair irad ərizəçiyə təqdim edilmədikdə, ərizəçi kolların kəsilməsini həyata keçirə biləcək.

İrad olduqda, həmin irad normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır.

Ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda, məqsədli təyinatı əkin, çoxillik əkmələrin altında olan kənd təsərrüfatı təyinatlı torpaqlardakı yaşıllıqlar kənd təsərrüfatı fəaliyyətinə mane olduqda (ağaclara münasibətdə) yaşıllıqların götürülməsi (kəsilməsi) onların bərpa dəyərini təşkil edən vəsaitlər ödənildikdən və ya bu öhdəliyin icrasına təminat verildikdən sonra həyata keçiriləcək.

Layihədə qanuna aşağıdakı yeni anlayışların da salınması təklif edilir:

ağac - oduncaqlaşmış bir əsas gövdəyə və çətirə malik, torpaq səthindən yuxarıda budaqlanan çoxillik bitki;
kol - oduncaqlaşmış gövdələrə və çətirə malik, aydın müəyyən edilmiş əsas gövdəsi olmayan, torpaq səthindən (kök boğazdan) budaqlanan çoxillik bitki./Trend.az

Избранный
10
14
olke.az

10Источники