RU

Koks yenə Azərbaycana hürdü – Bakıdan şillə kimi CAVAB

Erməni yanlısı, Britaniya Lordlar Palatasının üzvü və keçmiş vitse-spikeri Baronessa Kerolayn Koks təzədən xortlayıb. Avropa Parlamentinin fitnəkar bəyanatından ruhlanan 90 yaşlı kaftar yenə Azərbaycan tərəfə hürüb. Bu dəfə o, Ermənistanda keçirilən Avropa Siyasi Birliyinin sammiti ərəfəsində açıq məktub yayıb. Məktubda o, beynəlxalq ictimaiyyətin diqqətini “iki vacib fakta” yönəldib:

“1. Bakıda erməni siyasi məhbuslarının və saxlanılanların təqib olunması. 2. Ermənistan hakimiyyətinin Erməni Apostol Kilsəsinə qarşı yürütdüyü konstitusiyaya zidd siyasət”.
Açıq məktubu radikal-revanşistlərin parlament fraksiyasının “Ermənistan” blokunun deputatı Lilit Qalstyan öz “facebook” səhifəsində paylaşıb.

Rəsmi Bakı bu kimi müraciətlərə diqqət yetirməlidirmi?

“Son dövrlər Avropa institutlarında və bəzi Qərb siyasi dairələrində Azərbaycana qarşı aparılan çirkin kampaniyanın yeni dalğası müşahidə olunur. Xüsusilə də Ermənistanın məğlubiyyətdən sonra yaratmağa çalışdığı “məzlum obrazı” bəzi siyasi fiqurlar tərəfindən davamlı şəkildə tirajlanır. Avropa siyasi sistemində daha çox siyasi eybəcərlikləri ilə yadda qalan Koksun növbəti dəfə ortaya çıxması məhz bu xəttin davamıdır”. Bu sözləri Musavat.com-a deputat Vüqar İskəndərov deyib.

Şimali

O bildirib ki, təəccüblü heç nə yoxdur: “Çünki Koks illərdir Azərbaycana qarşı nifrət ritorikası ilə çıxış edən, Qarabağın işğalı dövründə separatçılarla şəkil çəkdirən, Xocalı faciəsinə göz yuman və Ermənistanın bütün işğalçı addımlarını müdafiə edən mənfur simalardan biridir. Onun “insan haqları”, “ədalət” və ya “demokratiya” barədə danışması siyasi riyakarlığın klassik nümunəsidir. Əgər bu şəxsdə həqiqətən humanizm hissi olsaydı, 30 il ərzində öz yurdlarından qovulan bir milyondan çox azərbaycanlının taleyi barədə də bircə dəfə səsini çıxarardı”.

Koksun son addımını siyasi iyrənclik hesab edən millət vəkili deyib ki, bu gün Bakıda mühakimə olunan şəxslər “siyasi məhbus” deyil, Azərbaycanın suveren ərazilərində separatizm, terror, qanunsuz silahlı fəaliyyət və hərbi cinayətlərdə ittiham olunan şəxslərdir: “Azərbaycan dövləti öz qanunları çərçivəsində davranır və heç bir ölkə terroru, separatizmi və qanunsuz silahlı birləşmələri legitimləşdirə bilməz. Maraqlıdır ki, Qərbdə terrora qarşı ən sərt qanunları müdafiə edən dairələr Azərbaycana gəldikdə birdən-birə “humanist” maskası taxırlar”.

V.İskəndərov bildirib ki, Koks kimi marginal və qərəzli fiqurların əsas məqsədi diqqət çəkmək, anti-Azərbaycan dairələrə mesaj vermək, informasiya manipulyasiyası yaratmaqdır: “Azərbaycan artıq 2020-ci ildən sonra regionda yeni siyasi reallıq formalaşdırıb və bu reallığı nə revanşist erməni dairələri, nə də onların xaricdəki havadarları dəyişə bilər. Ən vacib məqam isə budur: vaxtilə işğal və separatizm üzərində qurulan siyasət necə iflasa uğradısa, bu gün həmin ideologiyanın informasiya cəbhəsindəki təbliğatçıları da eyni aqibəti yaşayır. Koksun yenidən səhnəyə çıxması, daha da dəqiq desək, xortlaması isə sadəcə köhnə, təsirsiz və siyasi baxımdan iflas etmiş anti-Azərbaycan kampaniyasının növbəti uğursuz epizodundan başqa bir şey deyil”.

Cavanşir Abbaslı
Musavat.com

Избранный
24
musavat.com

1Источники