Rusiyada uşağa qulluq məzuniyyətinə çıxan kişilərin sayının artması onların övladlarının tərbiyəsində ilk günlərdən etibarən iştirak etmək istəyi ilə bağlıdır.
Ölkə.Az xəbər verir ki, bu barədə TASS agentliyinə Dövlət Dumasının Ailənin Müdafiəsi Komitəsinin rəhbəri Nina Ostanina məlumat verib.
O qeyd edib ki, burada heç bir qanun pozuntusu yoxdur, çünki hər iki valideyn tərbiyə prosesində bərabər dərəcədə məsuliyyət daşıyır. Ostaninanın sözlərinə görə, müasir atalar uşaq doğulduqdan dərhal sonra ona qulluq prosesinə daha aktiv qoşulmağa başlayıblar. Halbuki, əvvəllər kişilər uşağın tərbiyəsi ilə daha çox övladlarının iki-üç yaşı tamam olduqdan sonra məşğul olurdular.
Ostanina həmçinin vurğulayıb ki, əvvəllər kişilər körpələrlə davranmaqda tez-tez özlərinə inamsızlıq hiss edirdilər, lakin hazırda bu vəziyyət dəyişib. Onun qiymətləndirməsinə görə, dekretdə olan ataların sayının artması uşaqlara daha çox diqqət ayrılmasının göstəricisidir.
G.V. Plexanov adına Rusiya İqtisad Universitetinin Statistika kafedrasının dosenti Olqa Lebedinskaya bildirib ki, uşağa qulluq müavinəti alanlar arasında kişilərin payı təxminən 2%-dən 12,5%-ə yüksəlib. Onların ümumi sayı isə 2020-ci ildən 2025-ci ilə qədər 6-9 dəfə artıb. Maraqlıdır ki, yüksək maaş alan kişilər də artıq daha tez-tez dekret məzuniyyətinə yollanırlar.