Adelet.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Vidadi Babanlının ömrü də öz evinin giriş qapısına bənzəyir. Yan-yörəsində qonşu qapılar və tən ortada tənha qapı. İçəri keçəndə rəflərdə ömür sürən kitabları, yazı masasını görürsən. Hə, Vidadi Babanlının ömrü də öz evi kimi get-gedə tənahlığa büründü. Əvvəl tale ömür-gün yoldaşını əlindən aldı, sonra da qocalıq onu haqladı.
Bir vaxtlar yaxın bir dostla Vidadi Babanlının evinə üz tutmuşduq. İndiki kimi yadımdadır, yazıçı çarpayının ortasında çəpəki uzanmış, arxasına üç yastıq qoymuş, ayaqlarını da yazı masasının bərabərinə uzatmışdı. Qulaqları kimi ayaqları da yaxşı eşitmirdi. Yazı masasının yanına qoyulmuş stul ayaqlarını yerdən üzmüşdü. Bir ayağı mötərizə kimi əyilmişdi. Çarpayının qurtaracağındakı dəmir tutalğaclar sayəsində yeriyə bilirdi.
Vidadi Babanlı ömür-gün yoldaşını itirəndən sonra Zaqatalada gəzintidə olanda qəflətən yıxılmış və sağ ayağını sındırmışdı. Onu çətinliklə evə gətirmişdilər. Vidadi müəllim o gün-bu gün evdən çölə çıxa bilməyib. Hərdən pəncərəyə yaxınlaşmaq üçün dəmir tutalğaclardan istifadə edib. Get-gedə gündəlik qayğılar Vidadi müəllimin təkcə ayağını yox, ürəyini də sızıldadırdı. Qohumları qərara gəlirlər ki, ona qulluq göstərsin deyə Şəlaləni yanına qoysunlar. Şəlalə xanım tibb bacısıdır, üstəlik, Vidadi müəllimin qohumudur. O, təkcə Vidadi müəllimin gündəlik qayğılarının öhdəsindən gəlmir, həm də yazıçının gələcək əsərlərinin yazılmasında birbaşa iştirak edir. Bəli, Vidadi müəllim get-gedə qələmlə vidalaşmalı olur. Artıq yazanda heyi olmurmuş. Nəhayət, çıxış yolunu ona tibb bacısı deyir: “Siz deyin, mən yazaram”. Beləcə, Vidadi müəllim son əsərlərini – “Zəmanə adamı”, “Son ismarıc” – bu xanıma yazdırır. Qələmlə yaza bildiyi vaxtlar bu evdə “Ömürlük cəza”, “Ömürlük əzab”, “Gizlinlər”, “Qəribə eşq”, “Ana intiqamı”nı yazmışdı. Və təbii ki, ona şöhrət gətirən “Vicdan susanda”nı.
“Vicdan susanda”nı yazmaq üçün Vidadi Babanlı düz səkkiz ay kitabxanaçı işləyib. Əsər ekologiyanın, ətraf mühitin qorunması uğrunda savaşan iki alimin qoçaqlığından bəhs edir. Qalan adamların da vicdanı susub, ağızlarına su alıb durublar, heç kimin başqasıyla arasını pozmağa hünəri çatmır. Elmi-texniki tərəqqinin həyatımıza, məişətimizə gətirdiyi yaxşı və pis cəhətlər, eləcə də onun insan psixologiyasında yaratdığı dəyişikliklər ustalıqla qələmə alınıb. Havanın çirkləndirilməsi, ətraf mühitin və təbiətin ekoloji problemləri, insan mənəviyyatındakı aşınmalar bu əsərin qırmızı xəttidir.
Vidadi müəllim əsəri yazanda bərk çətinliyə düşüb. Çünki o, ixtisasca filoloq imiş, əsərin mövzusu isə kimya sahəsinə aiddir. Beləcə, Vidadi müəllimin yazıçı olduğunu gizlədirlər. O, uzun müddət kimyaçıların kitabxanasında işləyir, daha çox laboratoriyalarda olur, bu işin sirrinə yiyələnəndən sonra artıq romanı yazmağa girişir.
Əlbəttə, romanın yazılması çətin başa gəlir. Çapdan çıxanda da əsər başağrısına çevrilir. “Vicdan susanda” “Azərbaycan” jurnalında çıxan kimi haqqında mənfi rəy verirlər. Partiya iclasında yekun rəy bu olur ki, əsər sovet cəmiyyətinə, sovet ziyalılarına böhtandır, sovet adamının vicdanı heç vaxt susmur, əsər quruluşa qarşıdır. Həmin günləri Vidadi Babanlı bir müsahibəsində belə yada salır: “Mirzə İbrahimov dedi ki, ona nə cəza verək? Nəriman Həsənzadə partiya təşkilatı katibi idi. Gördüm ki, qorxa-qorxa deyir, partiyadan çıxarılsın. Deyəsən, əvvəlcədən Mirzə ilə danışıb-razılaşmışdı. Əli Vəliyev tez yerindən dedi ki, yox, bu, ağır cəzadır, partiyadan çıxarmaq olmaz. Süleyman Rüstəm, Osman Sarıvəlli, Rəsul Rza da partiyadan çıxarılmağıma etiraz etdilər. Nəsə, mənə şifahi töhmət verdilər. Mən də əsəbi şəkildə partbileti Mirzə İbrahimovun stolunun üstünə atdım. Dedim ki, partiya həqiqəti müdafiə etmirsə, mən belə partiyada olmaq istəmirəm. Bu, o dövr üçün çox böyük etiraz idi. Sonra öz-özümə dedim ki, mən nə etmişəm. Axı bunu eləmək üstündə də cəza ala bilərdim. Amma onda düşünə bilmirdim bunları. Hamı ağzı açıq qalmışdı, mən də hirslə qapını çırpıb getdim”.
Gecə gözünə yuxu getməyən Vidadi Babanlı isti-isti Brejnyevə məktub yazır. Yazır ki, bu respublikada yaşamağa imkan vermirlər, işsiz qalmışam, mənə icazə verin Özbəkistana, yaxud Türkmənistana köçüm. Təbii ki, məktuba cavab verilmir. Yazıçı düz dörd il işsiz qalır. Heç adicə çörəkpulunu belə tapmaqda çətinlik çəkir. Bu vaxtlar ona yaxınları əl tuturlar.
Ancaq sonra çarx fırlanır. Özü də bu dəfə Vidadi Babanlının xeyrinə fırlanır. “Vicdan susanda” ruscaya tərcümə olunub Moskvada çap olunur. 100 mindən çox tirajla çıxan roman yazıçıya məşhurluq qazandırır. Bu roman indi də gənclərin ən sevimli əsərlərindəndir. Zaman ötüb keçsə də, “Vicdan susanda”nın təravəti özünü itirməyib. Bəlkə də, ona görə ki, Vidadi Babanlı bu əsəri ürəyinin qanına batıra-batıra yazıb: “Professorun qızı Alagözün ölüm səhnəsini yazanda mürəkkəb qələmlə yazırdım. Birdən gördüm ki, kağızın üstünə nəsə düşdü, pozuldu. Baxdım ki, gözlərim yaşarıb. Ağlamışammış”.
İndi isə Vidadi Babanlının lap təzə-tər vaxtlarından danışaq. Onun ilk qələm təcrübələrindən olan “Gəlin” povesti o vaxt çox bəyənilibmiş. İlyas Əfəndiyev deyibmiş ki, bu əsəri çap etmək olar. Vidadi müəllim də cavan oğlanmış, Moskvada oxuyurmuş, xəbəri eşidən kimi sevincək olub Bakıya gəlir. O vaxt çap olunmaq çətin başa gəlirdi. İndiki kimi emaillə yazı göndərən kimi isti-isti qəzetdə getmirdi. Bəzən aylarla, hətta illərlə gözləməli olurdun. Ona görə gənc Vidadi Babanlı qərara gəlir ki, kirayə ev tutsun. Sonradan müəllif bu hissləri “Gizlinlər” əsərində yazıb: “Ev sahibi cuhud bir qadın idi. Məni bir erməni qızıyla tanış eləmişdi. Ona bəh-bəhlə tərifləmişdi ki, Moskvada oxuyur-filan. Bu qızın da anası erməniydi, atası azərbaycanlı. Mən sonra gördüm ki, bu cuhud qadın mənə diktə eləyir. Onu belə elə, bunu elə elə... Təsir altına salmaq istəyirdi. İstəyirdi məni o erməni qızıyla evləndirsin”.
Vidadi Babanlı gələcək ömür-gün yoldaşı ilə də bu ərəfələr tanış olur. Bakıda köhnə bir tay-tuşu ilə rastlaşır. Zaqatalada raykomun üçüncü katibi işləyən dostu onu rayona gəzməyə dəvət edir. O, elə hey Zaqatalanı tərifləyir. Vidadi müəllimin gözünün qabağında yaşıllığa bürünmüş dağlar canlanır, neçə gündür boğaza yığıldığı Bakının boğanaq havasından, eləcə də ev sahibəsinin sıxma-boğmasından qurtulmaq üçün dostuyla razılaşır. Yollanırlar Zaqatalaya. Gəzinti xoş anlarla yaddaşına həkk olunub. Həmin o yamyaşıl dağlara çıxıblar, qoruqlara gedib eyinlərini açıblar. Bir dəfəsində qoruğun direktoru üzünü Vidadi müəllimin dostuna, katibə tutub deyib ki, gedək bizdə çay içək.
Yaddan çıxmamış onu da deyək ki, Vidadi müəllimin mehmanxanada qeyd dəftəri yaddan çıxıbmış. Qoruqda rastlaşdığı bir xanımdan dəftər istəyib, o da öz dəftərini yazıçıya veribmiş. Sən demə, həmin qız qoruq direktorunun qızıymış. Qoruq direktorunun evlərinə gedirlər. Direktor qəşəng bir süfrə açır, hamı toqqasının altını bərkidir. Yaxşıca yeyib-içirlər. Hamı əlüzyuyanda əlini yumağa başlayıb. Növbə Vidadi müəllimə çatanda su qurtarıbmış. Direktorun qızı gəlib əlüzyuyana su doldurub. Vidadi müəllim həmin vaxt qızla söhbətləşmək fürsəti tapıb. Öyrənib ki, qız Tibb Universitetində oxuyur, Bakıda, “Muğan” mehmanxanasının arxasındakı binada qalırmış.
Bu söhbətin üstündən iki-üç ay keçibmiş. Novruz bayramı ərəfələri imiş. Vidadi müəllim bir məclisdən qayıdırmış. Ayaqları onu “Muğan” mehmanxanasının yanına gətirib. Elə bil kimsə onun əlindən tutub qızgılın evinə aparıbmış. İkinci mərtəbəyə çıxan Vidadi müəllim görür ki, qapının yanında qızın atasının adı yazılıb. Zəngi çalır və qız qapıda görünür. Və sevgi də elə buradan başlayıb. Eynilə filmlərdəki kimi. Sonra Vidadi müəllim elçi göndərib və xanımla ailə qurublar. Sonradan müsahibələrinin birində yazıçı deyirdi: “Mənim həyat yoldaşı sarıdan bəxtim gətirib. O məni həmişə başa düşüb, dəstək olub. Mən əsəri yazandan sonra makinada oturub üzünü köçürürdü”.
İndi isə ömür-gün yoldaşı yoxdur. Evdə həmin qadının yoxluğu dolaşır. Əvvəl-əvvəl evinin gözü-qarası gedir, sonra isə bir-bir dostları köçür dünyadan. İsmayıl Şıxlı, İsa Hüseynov, Sabir Əhmədli... Vidadi Babanlı həyat yoldaşı olmadan və dostsuz qalır. Get-gedə tənhalaşan, tənhalıq heykəlinə çevrilən Vidadi Babanlının gözləri zəifləməyə, qulaqları ağır eşitməyə başlayır. Bircə yanında qohumu – tibb bacısı Şəlalə qalır, bir də hərdən eşitmək üçün dəridən-qabıqdan çıxdığı radio-maqintofonu.
Vidadi Babanlını bu ağır günlərdən ancaq yazmaq xilas edə bilərdi. Di gəl ki, yazmaq da ondan gen düşmüşdü. Çünki artıq qələm tutmağa heyi qalmamışdı. Onun qələmdən diktəyə keçidi də çox çətin başa gəlir. Düzdü, qohumu Şəlalə xanım ürəyindəki nəğmələri kağıza köçürməkdə ona köməklik etsə də, Vidadi Babanlı qələmlə yazdığı günlərin xiffətini çəkirdi: “Qələmlə yazanda rahat olurdun, kağız önündə, fikirlər beynində, ard-arda cümlələr gəlir və sən də yazırsan. Amma diktədə belə şey yoxdur. Diktədə yazan adam bəzən soruşur ki, filan cümlə necə oldu, vəssalam, ondan sonra fikir pozulur, təzədən qayıda bilmirsən. Diktə çox ağır məsələdir, ümumiyyətlə”.
Yazıçının deməyə sözü olandan sonra qələmlə də, klaviatura ilə də, diktəylə də əsərini meydana çıxarda bilər. Ancaq bir yazıçı yaddaşını da itirməyə başlayırsa... Yaddaş yazıçının əsas silahıdır. Gözləri zəif görən, qulağı ağır eşidən, yeriyə bilməyən Vidadi Babanlını ən çox bu ağrıdırdı: get-gedə yaddaşı onu tərk edirdi: “Ürəyin də yaddaşı, beyindən güclü olur. Elə hislər var ki, onları yaddaşım pozulsa da, unutmayacağam”.
Vidadi Babanlı çətin bir ömür yaşayıb. O, anadan yetim doğulub, iki aylıq körpə olanda anası dünyasını dəyişib. Vidadi müəllimi nənələri böyüdüblər, 6 yaşına kimi ana nənəsi, ondan sonra da ata nənəsi baxıb: “Atamın çox uşağı vardı, imkanı da yox idi, mənə pul göndərə bilmirdi. Bəzən adi qara çörək yeyib günü yola vermişəm. 44-cü il idi, hələ müharibə bitməmişdi. Dağüstü parkda iki Bakı xuliqanı qabağımı kəsdi. Məni şillələdilər, cibimdəki çörək kartoçkasını götürdülər. Mən bir ay ac-susuz qaldım”.
Vidadi Babanlı əsl xalqın yazıçısı idi. Yazdıqları əsərlər indinin özündə də cəmiyyətimizlə səsləşir. Uzaq illər ayırmır bizi o əsərlərdən, oxuyanda, adama elə gəlir, bu əsərlər indicə meydana gəlib. Vidadi Babanlını xalqa sevdirən onun səmimiyyəti, dürüstlüyü, ədaləti göstərən əsərlər qələmə almasında idi. Hər yazıçı öz yazdığı əsərə bənzəyir. Vidadi Babanlı da vicdanı susmayan, təmiz, əqidəli və ədalətli biri idi.
Yazıçının ürəyi həqiqət eşqi ilə döyünmürsə, onun yazdıqları da bir müddət sonra solub gedəcək. Vidadi Babanlı isə bu dünyadan köçüb getsə də, biz heç vaxt onun ölümünə inana bilməyəcəyik. Çünki onun əsərlərində həqiqi bir ürəyin döyüntüsü var. Və mənə elə gəlir, Vidadi Babanlı hələ də haradasa yaşayır, canlıdır. Elə bil bu dəqiqə əlini çiynimə qoyub və mənimlə bərabər bu yazını oxuyur.
Sübhan Mahmudlu
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.