RU

Üzeyir Hacıbəyli Fenomeni Müasir Kamera-İnstrumental Musiqi Kontekstində

İntellektual Qayıdış və Bədii Təfəkkürün Varisliyi

Azərbaycanın musiqi mədəniyyətinin banisi, dahi bəstəkar və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamından irəli gələn tədbirlər planı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqında genişmiqyaslı elmi-praktiki konfrans və konsert proqramı keçirildi.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Firəngiz Əlizadə Üzeyir Hacıbəyli irsinin müasir dövrdə aktuallığını və gənc bəstəkarların, musiqişünasların yaradıcılığına göstərdiyi fundamental təsirini vurğuladı.

Musiqi ictimaiyyəti, tanınmış mədəniyyət xadimləri və professor-müəllim heyətinin iştirak etdiyi tədbirin fəxri qonaqları arasında Milli Məclisin deputatı Aydın Mirzəzadə də yer almışdır. Millət vəkili çıxış nitqində bildirdi ki, “Bu gün biz burada təkcə bir tədbir üçün deyil, Azərbaycan mədəniyyətinin simvolu Üzeyir Hacıbəylinin ölməz irsinə olan ehtiramımızı bildirmək üçün toplaşmışıq. 

Konfransın elmi hissəsində musiqişünaslığın aktual problemlərini əks etdirən geniş məruzələr dinlənildi.

İlahə Qismət (Bəstəkarlar İttifaqının katibi) müasir bəstəkarların yaradıcılığında dahi sənətkara həsr olunmuş simfonik əsərlərin bədii-estetik xüsusiyyətlərini təhlil etdi.

Səadət Təhmirazqızı (Sənətşünaslıq üzrə fəlsəfə doktoru) müasir musiqişünaslıq elmində Üzeyir Hacıbəyli irsinə dair aparılan yeni tədqiqatların elmi əhəmiyyətindən bəhs etdi.

Aysel Kərim (Bəstəkarlar İttifaqının Mətbuat katibi) müasir bəstəkarların Üzeyir Hacıbəyliyə həsr etdiyi kamera-instrumental əsərləri mövzusunda məruzə ilə çıxış edərək, bu əsərlərin janr və üslub zənginliyini diqqətə çatdırdı.

Tədbirin bədii hissəsində müasir Azərbaycan bəstəkarlarının yaradıcılıq nümunələri səsləndirildi.

İlham Azmanlının “Arşın mal alan”dan Müqəddimənin dörd qanun üçün işlənməsi milli alətlərin ansambl tərkibində məna axtarışlarını təmsil edir. Müəllif bu layihə ilə milli musiqi təfəkkürünün hüdudlarını genişləndirərək, ənənəvi ifaçılığı intelektual müstəviyə yüksəltmişdir. 

Sara Dilrubanın Tar və fortepiano üçün “Konsert Pyesi” milli alətlərin akademik üslubda vəhdətini və instrumental musiqinin geniş texniki imkanlarını nümayiş etdirir.

Üzeyir Məmmədovun “Yay səhəri” və “Ana və bala” romansları vokal musiqidə poeziya ilə melodiyanın psixoloji uyğunluğunu və janrın daxili zənginliyini əks etdirir.

Lalə Əhmədovanın  Fortepiano üçün “Şur naxışları” əsəri muğam intonasiya sturukturunun müasir kompozisiya texnikasi vasitəsilə fərdi yaradıcılıq prizmasından təcəssümüdür.

Həmçinin proqramda dahi bəstəkarın öz yaradıcılığına da yer verildi. Əməkdar artist Nərgiz Kərimovanın ifasında “Arşın mal alan” operettası – II pərdədən Gülçöhrənin elegiyası və I pərdədən Gülçöhrənin “Aşiq oldum” ariyası təqdim olundu.

Musiqi tarixində elə simalar var ki, onların yaradıcılığı zamanın xətti axınını üstələyərək əbədi bir "indiki zaman" kəsiyinə çevrilir. Azərbaycan musiqi intibahının memarı Üzeyir Hacıbəyli məhz belə bir zirvədir. Müasir bəstəkarlarımız üçün Üzeyir bəy obrazına müraciət etmək sadəcə keçmişə ehtiram deyil, bu, milli musiqi dilinin daxili enerjisindən güc alaraq müasir dövrün estetik suallarına cavab axtarmaq cəhdidir. 

Azərbaycan musiqi mədəniyyətinin intibah dövrü Üzeyir Hacıbəyli dühasının fundamental prinsipləri üzərində bərqərar olmuşdur. Bu gün Hacıbəyli irsi sadəcə tarixi bir miras deyil, həm də müasir bəstəkarlıq yaradıcılığını qidalandıran canlı, dinamik bir estetik sistemdir. 

Üzeyir Hacıbəyli dühası Azərbaycan mədəniyyətinin elə bir zirvəsidir ki, zaman keçdikcə bu zirvəyə baxış bucaqları dəyişsə də, onun fundamental əhəmiyyəti sarsılmaz qalır. Müasir bəstəkarlıq məktəbimiz üçün Üzeyir bəy irsi sadəcə sitat gətirilən mənbə deyil. O,  mənəvi koordinat sistemidir. Bəstəkarlarımız kamera-instrumental janrda Hacıbəyli estetikasına müraciət edərkən, əslində milli kimliyin ən müasir qatlarını araşdırırlar. 

Müasir müəlliflərin kvartetlərində, trio və sonatalarında  Üzeyir bəy "ruhunun" necə transformasiya olunduğunu görürük. Hətta bəzi bəstəkarlarımız Üzeyir bəy mövzularını dekonstruksiya edərək, onları avantqard üslubda yenidən təqdim edirlər. Bu, klassikanın ölməzliyini sübut edən yaradıcı cəsarətdir.

Kamera-instrumental musiqinin təbiətindəki fərdiyyətçilik, bəstəkara imkan verir ki, Üzeyir bəyin monumental obrazını deyil, onun ən zərif, ən lirik və bəzən də ən kədərli notlarını ön plana çıxarsın. Biz bu əsərlərdə xalq musiqisi ilə akademik musiqinin o məşhur "Hacıbəyli kəsişməsini" artıq 21-ci əsrin intellektual süzgəcindən keçmiş formada eşidirik. 

Üzeyir Hacıbəyli Azərbaycanın hələ yazılmamış ən gözəl musiqisidir. O, zamanın fövqündə dayanan elə bir ucalıqdır ki, biz hər dəfə ona qayıtdıqca əslində özümüzü kəşf edirik. Və nə qədər ki bu torpaqda bəstəkar qəlbi döyünəcək, Üzeyir bəyin o müqəddəs nəfəsi hər zaman, hər yeni əsərdə yenidən doğulacaqdır. 

Üzeyir Hacıbəyli fenomeni zamanın sərhədlərini aşaraq müasir bəstəkarlıq məktəbinin bədii-estetik koordinatlarını müəyyənləşdirir. Müasir kamera-instrumental musiqi kontekstində bu qayıdış, Azərbaycan musiqi elminin və bəstəkarlıq düşüncəsinin nə dərəcədə dərin və sarsılmaz təməllər üzərində qurulduğunun sübutudur.

Hacıbəyli yolu - intellektin, saflığın və milli ruhun müasir dünyada akademik təsdiqidir. Varislik isə bu yolun sonsuzluğunu təmin edən ən mühüm amildir. Üzeyir Hacıbəyli Azərbaycan musiqisinin həm təməli, həm də sonsuzluğa açılan pəncərəsidir. O, dünənimizdən gələn səsimiz, sabahımıza gedən yolumuzdur. Üzeyir bəy Azərbaycanın ruhunu notlara köçürən elə bir memardır ki, zaman keçsə də, biz hələ də onun qurduğu mənəvi ucalıqdan dünyanı seyr edir və hər bir akkordda öz kimliyimizin əbədiyyətini tapırıq. Onun musiqisi bizi hər zaman ayaqda tutan və gələcəyə aparan mənəvi varlığımızın ən sarsılmaz sütunudur.

Aysel KƏRİM                      

Bəstəkarlar İttifaqının mətbuat katibi


      

Избранный
15
adalet.az

1Источники