RU

Göz gimnastikası müalicə üsuludurmu?

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tibb elmləri namizədi, osteopatiya həkimi Ales Ulişçenko bildirib ki, dünyadakı insanların 1/3 - ü görmə problemi ilə mücadilə aparır:

“Gözlərdə gərginlik azaldıqda və qan dövranı yenidən bərpa olunduqda, təbii şəkildə özünü bərpa edə bilər. Bunun üçün gözləri bir neçə dəfə yuxarı-aşağı, sağa-sola, həmçinin sağ yuxarı və aşağı, sonra sol yuxarı və aşağı istiqamətlərdə hərəkət etdirərək məşq etdirirsən. Bu göz gimnastikasından sonra insanlar eynək istifadə etməyəcək”.

O, əlavə edib ki, bu göz texnikalarını tətbiq edərək siliyer əzələlərdəki gərginliyi azaldır və görmə qabiliyyətinin hər zaman aydın olmasını təmin edir.

Bu göz məşqləri görmə zəifliyinin hansı dərəcələrində və ya hansı növ göz problemlərində faydalı ola bilər?

Bu barədə Bizimyol.info xəbər portalına Amerika Oftalmologiya Akademiyasının üzvü, cərrah-oftalmoloq Ergün Rəşidəlizadə bildirib ki, hər hansı vasitənin xəstəlikləri aradan qaldıra bilməsi əsassızdır: “Ümumilikdə götürsək hər hansı bir fiziki aktivlik aydın məsələdir ki, orqanizm üçün faydalıdır. Çünki hər bir hərəkətə adaptasiya olmuş canlı məhz bu hərəkətdə olması ilə öz orqanizminin funksionallığını saxlayır. Həmçinin bu, göz almalarına da aiddir. Amma bu cür iddialar, yəni hər hansı vasitənin xəstəlikləri aradan qaldıra bilməsi əsassızdır. Ən azı sadə bir məntiq var: məsələn, görmə zəifliyinin cərrahi müalicəsi üçün istifadə olunan eksimer lazer cihazlarını və ya gözün “mirvari suyu” (katarakta) inkişaf etdikdən sonra aparılan əməliyyatlarda tətbiq edilən fakoemulsifikasiya cihazlarını nəzərə alaq. Dünyanın aparıcı şirkətləri bu sahəyə milyonlarla, hətta milyardlarla sərmayə yatırır, bu cür cərrahi texnologiyaları və avadanlıqları hazırlayır və istehsal edir.

Əgər bunu hansısa göz gimnastikası ilə aradan qaldırmaq mümkün olsaydı, o halda bu metodun özü də kommersiyalaşdırılardı və göz məşqlərini daha effektiv şəkildə tətbiq etməyə kömək edən xüsusi cihazlar hazırlanardı. Lakin bu, reallığa uyğun olmayan bir yanaşmadır”.

Ergün Rəşidəlizadə həmçinin vurğulayıb ki, göz daxili əzələlərin qıc olması zamanı gimnastik hərəkətlər, isti fizioterapiya kömək ola bilər: “O bir tərəfdən, əlbəttə, müəyyən hallarda və vəziyyətlərdə göz məşqləri kömək edə bilir. Məsələn, göz almasının akkomodasiyasında spazm deyilən hal var. Yəni göz daxili əzələlərin qıc olması zamanı gimnastik hərəkətlər, isti fizioterapiya və buna bənzər müdaxilələr kömək ola bilər. Belə hallarda xəstələr göstərilən tövsiyələrə əməl etdikdə müəyyən dərəcədə rahatlama hiss edirlər. Bundan əlavə, başqa müalicə üsulları da mövcuddur.

Məsələn, uşaqlarda müsbət dərəcəli göz zəifliyi zamanı bəzi hallarda biz xüsusi göz gimnastikaları təyin edirik və bu vasitələrlə müəyyən müsbət dəyişikliklər əldə etmək mümkündür. Belə istisna hallar var”.

Ergün Rəşidəlizadə əlavə edib: “Ancaq ümumilikdə bunu bütün göz problemlərinə şamil etmək düzgün deyil. Yalnız düzgün və elmi əsaslı şəkildə tətbiq edildikdə faydalı ola bilər, əks halda bu mənasız və düzgün addım olmaz”.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
20
bizimyol.info

1Источники