“Bəlli bir müddətdir ki, ölkəmizə qarşı Qərbin bəzi dairələri tərəfindən irəli sürülən böhtan və yalanlar Azərbaycanın Avropanın həyatında artan rolu ilə bağlıdır”.
Bunu Moderator.az-a açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli bildirib. Hüquqşünas qeyd edib ki, son illər Azərbaycan Avropanın enerji təhlükəsizliyində daha mühüm rol oynayır ki, bu da bəzi qüvvələri narahat edir:
“Azərbaycan son illər Avropada daha çox ölkəyə neft və qaz ixrac etməyə başlayıb ki, bu da Avropanın enerji təhlükəsizliyini gücləndirir, onun strateji maraqlarını təmin edir. Bu, ölkəmizin də maraqlarına uyğundur. Lakin görünən odur ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində artan rolu bəzi qüvvələri ciddi mənada narahat etməyə başlayıb. Buna görə də, onlar müxtəlif yalan və böhtanlarla Azərbaycanın beynəlxalq imicinə kölgə salmağa çalışırlar. Lakin erməni diaspor təşkilatlarının əlində alət olan bütün bu qüvvələr bilməlidirlər ki, bu kimi üsullarla Azərbaycana təzyiq göstərmək, onu gözdən salmaq, yolundan öndərmək mümkün deyil. Azərbaycanın beynəlxalq hüquqa, Azərbaycan xalqının və dövlətinin maraqlarına uyğun öz yolu var və dövlətimiz bu yolda qətiyyətlə irəliləməkdə davam edəcək”.
Seymur ƏLİYEV