RU

Azərbaycan AİB-nin Seçki Qrupunun iclasında iştirak edib

Yazını böyüt
Yazını kiçilt

Asiya İnkişaf Bankının (AİB) Özbəkistanın Səmərqənd şəhərində keçirilən 59-cu İllik Toplantısında iştirak edən maliyyə naziri Sahil Babayev mayın 3-də Bankda Azərbaycanın təmsil olunduğu Seçki Qrupunun iclasında iştirak edib.

Hafta.az xəbər verir ki, iclasda AİB-nin strateji prioritetləri, Seçki Qrupunda təmsil olunan ölkələrdə həyata keçirilən layihələr, qlobal iqtisadiyyatın üzləşdiyi çağırışlar, eləcə də əməkdaşlığın dərinləşdirilməsi və gələcək inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb.

İclasda çıxış edən S.Babayev Seçki Qrupu çərçivəsində formalaşmış səmərəli əməkdaşlıq platformasının üzv ölkələr arasında koordinasiyanın gücləndirilməsinə və ortaq inkişaf prioritetlərinin təşviqinə mühüm töhfə verdiyini bildirib. O, AİB ilə tərəfdaşlığın qarşılıqlı etimad və konstruktiv əməkdaşlıq prinsipləri əsasında davamlı şəkildə inkişaf etdiyini bildirib.

S.Babayev Azərbaycanın Orta Dəhliz çərçivəsində artan tranzit və logistika potensialına diqqət çəkərək, bu istiqamətdə AİB-nin dəstəyini xüsusi vurğulayıb, eyni zamanda nəqliyyat sektorunda rəqəmsallaşmanın tətbiqinin xidmətlərin daha səmərəli təşkilinə imkan verdiyini qeyd edib.

Azərbaycanın maliyyə naziri AİB-nin dəstəyi ilə həyata keçirilən dəmiryol infrastrukturunun modernləşdirilməsi, metro sisteminin genişləndirilməsi, enerji və su təsərrüfatı layihələrinin icrasının ölkəmizin iqtisadi şaxələndirmə və inklüziv artım hədəflərinə xidmət etdiyini bildirib.

Qeyd olunub ki, qlobal iqtisadi qeyri-müəyyənlik, enerji bazarlarında davam edən dəyişkənlik və geoiqtisadi risklər üzv dövlətlər qarşısında əlavə çağırışlar yaradır və bu şəraitdə makroiqtisadi sabitliyin qorunması, fiskal intizamın gücləndirilməsi və dayanıqlı infrastrukturun inkişafı xüsusi əhəmiyyət kəsb edir.

İllik Toplantının ilk günündə maliyyə naziri Sahil Babayev bir sıra ikitərəfli görüşlər keçirib. AİB-nin Prezidenti Masato Kanda ilə keçirilən görüşdə Azərbaycan ilə Bank arasında uzunmüddətli və konstruktiv tərəfdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub, nəqliyyat və logistika, dəmiryolu xətlərinin modernləşdirilməsi, şəhər nəqliyyatının təkmilləşdirilməsi və regional bağlantıların gücləndirilməsi üzrə layihələrdə bankın iştirakının əhəmiyyəti qeyd olunub.

Görüşdə Azərbaycanın iqtisadi göstəriciləri barədə məlumat verilib, AİB-nin ölkə iqtisadiyyatının şaxələndirilməsi, yaşıl inkişaf, rəqəmsal transformasiya və dayanıqlı infrastrukturun inkişafına verdiyi dəstək yüksək qiymətləndirilib. Nazir bildirib ki, AİB-nin 2025–2029-cu illəri əhatə edən Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Strategiyasında dayanıqlı, şaxələndirilmiş və rəqabətqabiliyyətli iqtisadi artımın dəstəklənməsi, yaşıl keçidin sürətləndirilməsi və regional inteqrasiyanın gücləndirilməsi əsas prioritetlər kimi müəyyən edilib.

S.Babayev regional əməkdaşlığın genişləndirilməsində CAREC Proqramının mühüm platforma olduğunu vurğulayıb, eyni zamanda Orta Dəhlizin Azərbaycanın beynəlxalq nəqliyyat qovşağı rolunun gücləndirilməsi baxımından strateji əhəmiyyətini qeyd edib.

Öz növbəsində AİB prezidenti Masato Kanda Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını ifadə edərək, prioritet sahələr üzrə birgə layihələrin davam etdirilməsi və yeni təşəbbüslərin dəstəklənməsinə hazır olduqlarını bildirib.

Избранный
9
9
hafta.az

10Источники