RU

Marneulidə Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş tamaşa təqdim edilib

Tbilisi, 3 may, AZƏRTAC

Mayın 3-də Marneulidəki Azərbaycan Evinin və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) birgə təşkilatçılığı və Gürcüstandakı Azərbaycandilli Məktəblər Birliyinin təşəbbüsü ilə Türk dünyasının böyük söz ustadı, Xalq şairi Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş “Özün basdırdığın ağaca söykən” adlı tədbir və tamaşa keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə məktəblilərin Zəlimxan Yaqub yaradıcılığına dair çəkdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxıblar.

Sonra Azərbaycan Evinin və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin direktoru Məhəbbət İmanov şairin həyat və yaradıcılığı haqqında danışıb, Z.Yaqubun zəngin irsinin qorunması və təbliği istiqamətində görülən işlər barədə məlumat verib.

Azərbaycan səfirliyinin nümayəndəsi Cavid Məhərrəmov isə çıxışında deyib ki, Azərbaycan dövləti hər zaman Xalq şairinin xatirəsini uca tutur və onun ədəbi irsinin gələcək nəsillərə çatdırılması istiqamətində mühüm işlər görür.

Sonra Dmanisi merini müavini Arif Süleymanov, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusifov, professor Şürəddin Məmmədli, sabiq deputat Ramiz Bəkirov və başqaları şairin yaradıcılığı, Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişafındakı xidmətləri, Türk dünyasındakı mövqeyi və ədəbiyyata verdiyi töhfələr barədə ətraflı danışıblar.

Tədbirin bədii hissəsində Esmira Ələkbərlinin müəllifi olduğu tamaşa məktəblilər tərəfindən səhnələşdirilərək təqdim olunub.

Məktəblilər Bolnisi rayonunun Kəpənəlçi kəndində düyaya göz açan şairin Bakıya gedişi, qazandığı uğurları, Gürcüstana qayıdarkən keçirdiyi görüşlərdə ölkələrimiz arasındakı əlaqələrin inkişafına dair təşəbbüsləri, aşıq, söz və saz sənətinin inkişafındakı xidmətlərindən bəhs edən tamaşalar göstərib, onun yaradıcılığından şeir və mahnılar ifa ediblər.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Избранный
1
12
azertag.az

10Источники