Avstraliyalı alimlər 2-ci tip diabetin profilaktikasına kömək edən sadə gündəlik aktivlikləri müəyyən ediblər.
Bizim.Media xəbər verir ki, araşdırmanın nəticələrinə görə, gün ərzində qısa, lakin intensiv fiziki hərəkətlər xəstəlik riskini əhəmiyyətli dərəcədə azalda bilər.
Mütəxəssislər bildirirlər ki, pilləkənlə qalxmaq, uşaqlarla aktiv oynamaq, ərzaq paketləri daşımaq və digər oxşar hərəkətlər bu baxımdan faydalıdır.
Araşdırmaya əsasən, gündə təxminən 4 dəqiqə çox intensiv aktivlik 2-ci tip diabet riskini 36 faiz azalda bilər.
Gündə 25 dəqiqəyə yaxın orta intensiv fiziki aktivlik isə riski 41-46 faiz aşağı sala bilər.
Alimlər vurğulayırlar ki, əsas məsələ birdəfəlik ağır məşq yox, bu cür mikro-vərdişlərin müntəzəm şəkildə təkrarlanmasıdır.
Qeyd edək ki, 2-ci tip diabet orqanizm hüceyrələrinin qanda şəkərin səviyyəsinə nəzarət edən insulin hormonuna həssaslığını itirməsi nəticəsində inkişaf edir. Risk faktorları arasında irsi meyillilik, artıq çəki, azhərəkətli həyat tərzi və qeyri-sağlam qidalanma yer alır.
Bizim.Media