ain.az, Bakupost portalına istinadən məlumat yayır.
Ruzbeh Məmməd
Neçə gündür ki, Bakı şəhərində həkimə qarşı edilən hərəkət cəmiyyəti çaş-baş saldı. Niyə də salmasın? Ömrünün 6 ilini bakalavr, 4 ilini uzman olmaq üçün xərcləyən adama qarşı ölümcül hadisə törədildi.
Həkimlərlə bağlı sözümə davam edəcəm, amma bir az yaxın tarixdə müəllimə qarşı tuşlanan güllə yarası da axı sağalmayıb, yaddaşlardan silinməyib.
İki oxşar hadisə: müəllimə güllə tuşlanır, həkimə bomba...
Müəllimin güllələnməsi hadisəsində yenə iki cəbhə vuruşurdu: bir tərəf deyirdi ki, müəllim gör nə həddə çatdırıb və şagird gülləyə əl atıb. Digər tərəfdən də şagird qınanıldı. Bu yerdə bir hadisə yadıma düşür;
Biz doxsanıncı illərdə məktəbdə oxuyanda, hətta məktəbdən kənarda da müəllimi görəndə özümüzü yığışdırardıq, hərəkətlərimizə çəki-düzən verərdik. Valideynimiz yanımızda olanda da müəllim bizə qışqırar, dərs oxumaq üçün veyillənməmizə sipər olardı. Onda müəllimi biz də, valideynimiz də bağışlayardı.
İndi isə müəllim şagirdə güldən ağır söz də deyə bilməz. Desə güllə yarası alar, ya da müəllimə qarşı fiziki güc tətbiq edib telefona çəkərlər. Belə praktika da var, sosial şəbəkələrdə bir vaxtlar yayılırdı.
İndi isə həkim ölüm ayağında. Həkimin günahı nədir? Bilmirik!
Hadisəni törədənin günahı nədir? Bilmirik!
Yenə iki cəbhdə müzakirələr səngimək bilmir: xəstə və həkim...
Bircə bunu bilməliyik. Həkimlər də insandı, yorula və psixoloji basqı altında ola bilər. Asan deyil gündə onlarla insanla konsultasiya aparmaq, dərdlərini dinləmək, çarə yolu düşünmək.
Axı xəstəxanaya gələn insanların da hər biri bir xarakterdə olur. Bu qədər xarakter içində yorulmamaq olarmı?
Bəs həkimləri incitsək, bombalasaq, küsdürsək nə baş verəcək?
Ölkədə həkim çatışmazlığı yaşanacaq. Xəstəxanlarda yaxşı həkim qıtlığı yaranacaq.
Bəs sonra?
Dünyanın bir çox ölkələrinə həkim üçün getməli olacaqsınız.
Burada həkimə qarşı ürəyinizdə xoş sözlər yaradıb boşaltmaq yerinə, xaricə gedib cibinizi boşaladacaqsınız.
Biz həkimimizi də, polisimizi də, jurnalistimizi də, müəllimimizi də incitməkdən bir köynək uzaq durmağı bacarmalıyıq.
Cəmiyyətin qorunmasına, sağalmasına, aydınlanmasına, problemlərinə güzgü tutulmasına ehtiyyac var!
Ürəyimizi, düşüncəmizi tərbiyə etməyin zamanıdır, vətəndaş!
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.