Azərbaycanda sosial rifahın yüksəldilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunub.
Aznews.az xəbər verir ki, bunu nazir Sahil Babayev Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, Ulu öndərin həm keçmiş SSRİ dönəmində, həm də müstəqillik dövründə Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin tarixində yüksəliş və inkişaf dövrü olub. Onun uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycanda sosial-iqtisadi həyatın bütün sahələrində böyük uğurlar qazanılıb, ölkəmizin sonrakı illərdə də davamlı inkişafı üçün möhkəm zəmin yaradılıb.
Nazir qeyd edib ki, Ulu öndərin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin qətiyyətli liderliyi ilə Azərbaycan bu gün regionun ən güclü və nüfuzlu dövlətlərindən birinə çevrilib, iqtisadi qüdrəti daha da artıb.
S.Babayev, eyni zamanda, Yeni Azərbaycan Partiyasının yarandığı gündən etibarən keçdiyi şərəfli inkişaf yolundan bəhs edib, ölkəmizin ictimai-siyasi həyatında oynadığı aparıcı rolu və cəmiyyətdə qazandığı yüksək etimadı xüsusilə vurğulayıb.