Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədilməsi, qarşılıqlı etimad mühitinin gücləndirilməsi istiqamətində növbəti mühüm addım atılıb.
Aprelin 29-da Ermənistanda, Ağverəndə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on üçüncü iclası keçirilib.
BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Komissiyaların on üçüncü görüşü
Dövlət Komissiyasının Katibliyinin məlumatına görə, görüş zamanı tərəflər delimitasiya tədbirlərinin həyata keçirilməsi ilə bağlı təşkilati və texniki məsələlər üzrə ətraflı fikir mübadiləsi aparıblar. Tərəflər delimitasiya işlərinin həyata keçirilməsi qaydasına dair bir sıra təlimat layihələrinin mətnlərini razılaşdırıb və mübadilə ediblər. Həmçinin Şahin Mustafayev və Mher Qriqoryan qarşılıqlı maraq doğuran məsələlər üzrə ayrıca fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, Azərbaycan Respublikasının ərazisi ilə Ermənistan Respublikasına yüklərin tranziti uğurla həyata keçirilir və hazırda da davam edir. Məmnunluqla vurğulanıb ki, Azərbaycanın Ermənistana neft məhsulları tədarük etməsi iki ölkə arasında iqtisadi-ticari əlaqələrin formalaşmasının göstəricisidir. Həmçinin tərəflərin işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə iqtisadi-ticari əməkdaşlığın inkişafı, malların və xidmətlərin qarşılıqlı tədarükü, həmçinin tranzit daşımaları məsələləri müzakirə olunub. Xüsusi olaraq qeyd edilib ki, əldə olunan nəticələr Prezident İlham Əliyevin və Baş nazir Nikol Paşinyanın siyasi iradəsi sayəsində mümkün olub. Tərəflər komissiyaların Azərbaycanda növbəti iclasının tarixinin işçi qaydada müəyyən edilməsi barədə razılığa gəliblər.
Qeyri-mümkün olanlar artıq reallıqdır
Qeyd edək ki, bölgəmizin birbaşa sərhədlərində mövcud olan gərgin vəziyyət, həmçinin Ermənistanda seçki ab-havasının hökm sürməsinə baxmayaraq, tərəflərin ortaya qoyduğu qarşılıqlı siyasi iradə prosesin davamlılığını təmin edir. Komissiyaların budəfəki görüşünü fərqləndirən ən mühüm məqamlardan biri də onun Ermənistan ərazisində təşkil olunması, AZAL-a məxsus təyyarənin İrəvan hava limanına enişidir. Hansı ki, bir müddət əvvələ qədər bu addımların reallaşacağını proqnozlaşdırmaq belə qeyri-mümkün görünürdü.
Tərəflər mövcud durumdan razıdır
Sülh gündəliyi hər iki tərəfdə məmnunluqla qarşılanır. Azərbaycan dəfələrlə bəyan edib ki, Vaşinqton görüşündən keçən müddət ərzində Azərbaycan və Ermənistan arasında de-fakto sülh mövcuddur. Sərhədlərdə sakitlikdir, gərginlik isə öz yerini tədricən bir sıra sahələr üzrə qarşılıqlı əməkdaşlığa verməkdədir.
Ermənistan da vəziyyətdən razıdır. Bunu baş nazir Nikol Paşinyanın son açıqlamalarından da görmək mümkündür. N.Paşinyan Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin bu ölkəyə səfərini "tarixi hadisə" adlandırıb.
"Hesab edirəm ki, çox mühüm hadisə baş verib, iki ölkənin baş nazir müavinlərinin səfərlərini sülh prosesi və onun institusionallaşması baxımından tarixi hadisə kimi qiymətləndirirəm. Şadam ki, biz bu mərhələyə çatmışıq", - Paşinyan deyib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycandan olan iş adamları əvvəllər iki ölkənin hökumətləri vasitəsilə mal siyahıları mübadiləsi aparsalar da, artıq buna ehtiyac yoxdur. Paşinyan qeyd edib ki, bundan sonra Ermənistan və Azərbaycandan olan iş adamları bir-biri ilə birbaşa işləyə bilərlər. Tərəflərin bir-birinə tədarük etdiyi malların çeşidi genişlənə bilər.
Görüşənlər tək rəsmilər deyil
Tərəflərin sülh iradəsi tək hökumət nümayəndələri və rəsmi şəxslərin təmasları ilə yekunlaşmır. Bu prosesdə vətəndaş cəmiyyəti təmsilçilərinin qarşılıqlı səfərləri də mühüm rol oynayır. İctimaiyyət nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili, yüksək səviyyəli görüşlərdə müəyyən məqamlarla bağlı tərəflərin mövqelərinin vətəndaş cəmiyyəti nümayəndələrinin diqqətinə çatdırılması etimad mühitinin formalaşdırılması və dialoqun təşkili baxımından da mühüm əhəmiyyətə malikdir.
Digər bir məqam isə odur ki, artıq tərəflər arasında tranzit əlaqələri də tam anlamıyla açıqdır. Azərbaycan ali rəhbərliyinin xoşməramlı addımı olaraq tranzit embarqosunun ləğvindən sonra Ermənistan Rusiya və Mərkəzi Asiya ölkələrinə birbaşa çıxış əldə edib. Ölkənin tələb duyduğu məhsullar intensiv şəkildə Azərbaycan üzərindən Ermənistana maneəsiz daşınır. Bu prosesdə də davamlılıq təmin edilib.
Son qərar üçün zaman yetişib
Müşahidələr onu göstərir ki, de-fakto sülhün de-yure sülhə çevrilməsi üçün münbit şərait formalaşıb. Bu məsələnin məntiqi yekunu olaraq qarşı tərəfin atmalı olduğu bir sıra prinsipial addımlar qalıb ki, onların da reallaşması Ermənistan rəhbərliyinin və cəmiyyətinin iradəsindən asılıdır. Azərbaycanın mövqeyi bu məsələdə hər zaman olduğu kimi açıq və dəyişməzdir. Sülhə əngəl yaradan heç bir qaranlıq məqam qalmamalıdır.