RU

Onlar Trampın planına şübhə ilə yanaşırlar

ABŞ-də süni intellekt siyasəti ətrafında gözlənilməz fikir ayrılığı ortaya çıxıb.

Musavat.com xəbər verir ki, “Politico” saytında jurnalist Ketrin Lonq tərəfindən təqdim olunan sorğu nəticələrinə görə, ABŞ prezidenti Donald Trampın seçiciləri belə süni intellektin (AI) tam sərbəst buraxılmasına ehtiyatla yanaşır.

Sorğu göstərir ki, Trampa səs verənlərin yalnız 13 faizi dövlətin AI sahəsinə müdaxilə etməməli olduğunu düşünür. Əksinə, təxminən hər 4 nəfərdən 3-ü bu sahədə ya sərt qaydaların tətbiqini, ya da ən azı ümumi çərçivələrin müəyyənləşdirilməsini dəstəkləyir.

Eyni zamanda respondentlər AI-nin faydası ilə riskləri arasında bölünüb: 42 faiz texnologiyanın üstünlüklərinin daha çox olduğunu düşünürsə, eyni faiz bunun əksini hesab edir. 16 faiz isə mövzu ilə bağlı fikir bildirməkdə çətinlik çəkib.

Ən böyük narahatlıq isə iş yerləri ilə bağlıdır. Sorğuya görə, Tramp seçiciləri süni intellektin yeni iş yerləri yaratmaqdan daha çox mövcud işləri aradan qaldıracağından ehtiyat edir. Bu qorxu xüsusilə “MAGA” hərəkatına daha az bağlı olan seçicilər arasında daha güclüdür.

Ekspert Din Bolla görə, respublikaçı seçicilər ümumilikdə “tam deregulyasiya” ideyasını qəbul etmirlər.

Məqalədə vurğulanır ki, bu fikir ayrılığı Respublikaçılar Partiyası daxilində açıq qarşıdurmaya çevrilməkdədir. Eyni gərginlik Yuta ştatında da müşahidə olunub. Burada təqdim olunan təhlükəsizlik qanun layihəsinə Ağ Evin qarşı çıxması respublikaçılar arasında narazılıq yaradıb.

Sorğuya görə, Tramp seçicilərinin 59 faizi hesab edir ki, AI sahəsini federal hökumət tənzimləməlidir, 24 faiz isə bu səlahiyyətin ştatlara verilməsini istəyir.

Məqalədə həmçinin texnologiyanın gələcəyi ilə bağlı ciddi xəbərdarlıqlar da yer alır. Dario Amodei bildirib ki, yaxın 5 il ərzində ağ yaxalı işlərin yarısı süni intellekt tərəfindən əvəz oluna bilər. 

Buna baxmayaraq, Ağ Ev əsas diqqəti AI sahəsində Çinlə rəqabətə yönəldir. Lakin sorğu göstərir ki, seçicilər üçün təhlükəsizlik və nəzarət məsələləri texnoloji yarışdan daha vacibdir.

Musavat.com

Избранный
35
musavat.com

1Источники