ABŞ prezidenti Donald Tramp İranla bağlı sərt və prinsipial mövqeyini bir daha açıq şəkildə ortaya qoyub. O, Vaşinqtonun regionu tərk etmək niyyətində olmadığını və yaranmış gərginliyin “yarımçıq” deyil, yalnız “düzgün və köklü şəkildə” həll ediləcəyini qətiyyətlə bəyan edib.
“Biz vaxtından əvvəl ayrılmayacağıq və İran məsələsini düzgün yolla həll edəcəyik”, - deyə Tramp vurğulayıb.
Onun sözlərinə görə, ABŞ Yaxın Şərqdə illərlə formalaşmış mürəkkəb geosiyasi balansın birdən-birə pozulmasına imkan verməyəcək və bölgədə yeni, daha təhlükəli böhranların yaranmasının qarşısını almaqda qərarlıdır.
Tramp çıxışında Tehranın Vaşinqtonla danışıqlarda konstruktiv mövqe sərgiləmədiyini də xüsusi qeyd edib. O bildirib ki, İran tərəfi ABŞ üçün qənaətbəxş hesab edilə biləcək heç bir real təklif irəli sürməyib. Bu fonda o, İran rəhbərliyini kəskin ifadələrlə tənqid edərək onları “çox pis insanlar” adlandırıb və son iğtişaşlar zamanı iki həftə ərzində 42 min etirazçının ölümündə birbaşa məsuliyyət daşıdıqlarını iddia edib.
ABŞ prezidentinin diqqət çəkdiyi digər mühüm məqamlardan biri isə Hörmüz boğazında yaranmış gərginlik olub. Trampın sözlərinə görə, İranın hərəkətləri nəticəsində dünya enerji marşrutlarının ən kritik nöqtələrindən biri hesab olunan bu strateji su yolunda təxminən 400 gəminin hərəkəti faktiki olaraq bloklanıb. Bu isə qlobal ticarətə və xüsusilə enerji bazarlarına ciddi təzyiq yaradan amil kimi qiymətləndirilir.
Siyasi şərhçilər bildirir ki, Trampın bu bəyanatları Vaşinqtonun İran məsələsində geri çəkilmək niyyətində olmadığını göstərir və qarşıdakı dövrdə həm siyasi, həm də mümkün iqtisadi və hərbi addımların gündəmdə qalacağı ehtimal olunur. Bu isə Yaxın Şərqdə onsuz da həssas olan vəziyyətin daha da gərginləşə biləcəyindən xəbər verir.
Bəs ABŞ-nin regionda qalmaq israrı yeni hərbi eskalasiya riskini artırırmı? Ümumiyyətlə, ABŞ və İran arasında danışıqların dalana dirənməsinin əsas səbəbləri nələrdir?

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb:
“ABŞ prezidenti Donald Trampın İranı ram etmək üçün iki üsuldan birini istifadə edə biləcəyi qeyd olunur. Birinci yol - ötən dəfə olduğu kimi yenidən müharibənin başlanması və hərbi zərbələrin endirilməsidir. Lakin bu variantın İran rejimini çökdürəcəyi inandırıcı görünmür. Çünki indiyədək İrana qarşı iki dəfə hərbi toqquşma yaşansa da, bu, rejimin dağılmasına gətirib çıxarmayıb. Doğrudur, belə ssenaridə İran zəifləyə bilər, amma mövcud sistemin tam çökməsi ehtimalı aşağı qiymətləndirilir.
İkinci yol isə, ehtimal ki, Donald Trampın daha çox üstünlük verdiyi iqtisadi təzyiq siyasətidir. Bu strategiya çərçivəsində İranın iqtisadi cəhətdən zəiflədilməsi və daxildə sosial gərginliyin artırılması hədəflənir. Hörmüz boğazı ətrafında yaranan gərginlik də bu kontekstdə qiymətləndirilir, məqsəd İranı daha da sıxışdırmaq və nəticədə daxili dəyişikliklərə zəmin yaratmaqdır. Ancaq bu siyasətin nə dərəcədə effektiv olacağı və İran rejiminin bu yolla çöküb-çökməyəcəyi hələ də açıq sual olaraq qalır”.
Politoloq qeyd edib ki, digər tərəfdən, Pakistanın vasitəçilik təşəbbüsləri də hələlik nəticə vermir:
“Pakistan bir müddətdir tərəflər arasında dialoqu bərpa etməyə çalışır. İlk görüş nəticəsiz qaldıqdan sonra ikinci görüşün İslamabadda keçirilməsi planlaşdırılsa da, bu təşəbbüs də baş tutmayıb. İranın xarici işlər naziri Abbas Əraqçi İslamabada səfər etsə də, danışıqlarda irəliləyiş əldə olunmayıb. O, öz təkliflərini Pakistan tərəfinə təqdim edib ki, bu təkliflər vasitəsilə ABŞ-yə çatdırılsın. Məlumata görə, Donald Tramp bir ara öz kürəkənini və müşaviri Uitkoffu Pakistana göndərmək niyyətində olub. Lakin son anda bu addımdan imtina edərək İrana qarşı təzyiq siyasətini davam etdirməyə üstünlük verib. Bu isə onu göstərir ki, hazırkı mərhələdə Vaşinqton danışıqlardan daha çox təzyiq mexanizmlərinə fokuslanır”.
Elxan Şahinoğlunun sözlərinə görə, bununla da Pakistanın vasitəçiliyinin nəticə verməyəcəyi ehtimalı güclənir:
“Halbuki ölkənin baş naziri Şahbaz Şərif İslamabad görüşündən müsbət nəticə çıxacağına ümid edirdi. Pakistan həm İran, həm də ABŞ ilə münasibətlərindən istifadə edərək tərəfləri masa arxasına gətirməyə çalışsa da, bu cəhdlər hələlik uğursuz olub. Ümumilikdə isə vəziyyət onu göstərir ki, nə İran, nə də ABŞ hazırda real danışıqlarda maraqlı görünür. Bu isə bölgədə gərginliyin artacağını deməyə əsas verir. Hətta genişmiqyaslı müharibə baş verməsə belə, İranın iqtisadi vəziyyətinin daha da ağırlaşacağı gözlənilir. Lakin bütün bu proseslərin SEPAH rejiminin çökməsinə səbəb olub-olmayacağını demək hələ də çətindir”.
Xalidə Gəray
Musavat.com