Kənd təsərrüfatına hər manat subsidiya üzrə istehsal 38 manatdan 26 manata düşüb.
Azərbaycanda kənd təsərrüfatına dövlət dəstəyinin səmərəlilik təhlili dövlət subsidiyalarının artmasına baxmayaraq sahədə nəticələrin gözlənilən səviyyədə olmadığını göstərib.
2007-2019-cu illərdə kənd təsərrüfatı istehsalçılarına 2 mlrd. 58,7 mln. manat birbaşa subsidiya verilib. Yeni subsidiya mexanizminin tətbiq olunduğu 2020-2025-ci illərdə isə bu məbləğ illik 398,3-470 mln. manat aralığında dəyişib.
Bununla belə, hər manat birbaşa subsidiyaya düşən kənd təsərrüfatı istehsalı azalıb. Belə ki, bu göstərici 2007-2019-cu illərdə orta hesabla 38 manat olduğu halda, 2020-2025-ci illərdə 26 manata enib.
2025-ci ildə kənd təsərrüfatının ümumi məhsulu 14 mlrd. 189,5 mln. manat təşkil edib. Bu dövrdə sahə üzrə ümumi artım cəmi 0,9 %, bitkiçilikdə 1,5 %, heyvandarlıqda isə 0,3 % olub.
Dövlət subsidiyaları niyə real məhsuldarlıq artımına çevrilmir?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, subsidiyaların məhsuldarlığa çevrilməməsinin bir neçə struktur səbəbi var:

"Birincisi, subsidiyalar çox vaxt istehsal artımını deyil, mövcud vəziyyətin saxlanmasını maliyyələşdirir. Əgər yardım torpaq sahibinə çatırsa, lakin o, texnologiya, toxum keyfiyyəti və ya suvarma sisteminə investisiya qoymursa, pul sadəcə cari xərcləri ödəyir, məhsuldarlığı artırmır.
Eyni zamanda subsidiyaların verilmə metodologiyası da səmərəsizdir, fermer yalnız 25 % nağdlaşdıra bilir, onun üçün sənərəli hissə yalnız budur. Azərbaycanda torpaq sahələrinin xırdalığı da ciddi problemdir, kiçik təsərrüfatlar subsidiya alsalar belə, miqyas iqtisadiyyatından yararlana bilmir".
Onun sözlərinə görə, problemin ikinci səbəbi subsidiya mexanizminin özünün hədəflənməsi zəif olmasıdır:
"Həqiqətən inkişaf potensialı olan fermerlər yerinə bütün kateqoriyalar üzrə paylama aparıldıqda, pul ən effektiv nöqtəyə deyil, ən geniş sahəyə yayılır. Bu isə ortalama bir nəticə verir, bu da nə güclü artım, nə də tam iflас deməkdir".
Ekspert qeyd edib ki, üçüncü səbəb isə subsidiya alan fermer bazara çıxmaqda, məhsulunu emal etdirməkdə, saxlancda, logistikada yenə eyni problemlərlə üzləşir:
"Yəni istehsal zəncirininin yalnız bir həlqəsinə dəstək verilir, digər həlqələr zəif qalır. Mövcud model davam edərsə risklər bunlardır. Subsidiyadan asılılıq dərinləşər, fermerlər bazar siqnallarına deyil, dövlət yardımına uyğunlaşar, bu da uzunmüddətli rəqabət qabiliyyətini məhv edər.
İkinci risk kimi büdcə yükünün artması ilə nəticənin azalması arasındakı makas genişlənər, yəni hər il daha çox xərclənib daha az səmərə alınar. Nəhayət, aqrar sahədə gənc nəslin marağı azalmağa davam edər.
Çünki subsidiya ilə də olsa, sabit gəlir və perspektiv görünmür. Bu isə onsuz da mövcud olan kənd-şəhər köçünü sürətləndirər və kənd əmək ehtiyatlarını daha da zəiflədər".