Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
Azərbaycanda may ayının ilk günləri hava şəraiti əvvəlki illərlə müqayisədə daha sərin keçir.
Yəni keçən ilin bu dövründə hava bu qədər soyuq deyildi. Son zamanlar intensiv yağışlı və sərin hava şəraiti müşahidə olunur.
Bəs bu cür hava şəraiti meyvə məhsuldarlığına necə təsir edəcək?
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının baş aqronomu Asif Mehrəliyev "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, hazırkı dövrə qədər müşahidə olunan yağışlı və soyuq hava şəraiti əsasən çəyirdəkli meyvə ağaclarının məhsuldarlığına mənfi təsir göstərəcək:
"Bu, birmənalıdır. Xüsusilə alça, gavalı, gilas və albalı kimi meyvələrin məhsuldarlığında azalma gözlənilir. Çünki həmin bitkilərin çiçəkləmə dövrü məhz bu dövrə düşüb.
Yəni təxminən 10-12 gün əvvələ təsadüf edib. Buna görə də mövcud hava şəraiti onların məhsuldarlığını aşağı sala bilər".
Onun sözlərinə görə, hava şəraiti yaxın günlərdə normallaşacağı təqdirdə, tumlu meyvə bitkiləri ciddi risklə üzləşməyəcək:
"Tumlu meyvə bitkilərinə gəldikdə isə, əgər bu gündən sonra hava şəraiti normallaşsa, yağıntılar dayansa və soyuq keçməsə, onların məhsuldarlığına ciddi təsir gözlənilmir.
Yəni tumlu, qərzəkli meyvə bitkilərinin (badam istisna olmaqla) heç birinin məhsuldarlığına təsir etməyəcək. Çünki onların əsas çiçəkləmə mərhələsi bu dövrdən sonradır.
Yəni yaxın günlərdə hava sabitləşərsə, yağışlar kəssə, soyuq olmasa, tumlu meyvə bitkilərindən kifayət qədər məhsul götürmək mümkün olacaq. Lakin çəyirdəkli meyvə bitkilərində məhsuldarlığın azalması ehtimalı yüksəkdir".
Asif Mehrəliyev qeyd edib ki, bəzi taxıl bitkilərinin məhsuldarlığına da mənfi təsir gözlənilir:
"Xüsusilə çiçəkləmə fazasında olan bitkilər üçün yağışlı və soyuq hava şəraiti məhsuldarlığı aşağı salır. Həmçinin, rütubətli hava bitki xəstəliklərinin artmasına səbəb olur.
Bu halda əlavə dərmanlama işlərinin aparılması, pestisidlərdən daha çox istifadə olunması tələb edilir. Nəticədə fermerlər üçün əlavə xərc yaranır. Bu da əlavə xərc baxımından mənfi təsirdir".
Əfsanə Rəcəb
"Cebheinfo.az"
Açar sözlər:
hava Asif Mehrəliyev
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.