Azərbaycan idmançıları bu günlərdə daha bir möhtəşəm uğura imza atıblar. Belə ki, güləşçilərimiz Avropa çempionatında komanda hesabında çempion adını qazanıblar. Prezident İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib.
Qəbuldakı çıxışında Tiranada keçirilən Avropa çempionatında güləşçilərimizin uğurunu dəyərləndirən dövlətimizin başçısı bildirib ki, bu qələbə bizim hamımızı sevindirdi.
“Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər. Avropa çempionatında komanda hesabında birinci olmaq, əlbəttə ki, böyük nailiyyətdir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Tiranada qızıl dubl
İdman dünyada xalqı, ölkəni tanıtmaq üçün ən yaxşı vasitələrdən biridir. Azərbaycan idmançıları hər dəfə beynəlxalq yarışlarda qalib gəldikdə, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb bayrağımızı dalğalandırdıqda, himnimizi səsləndirdikdə harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları sonsuz qürur hissi keçirirlər. Bu qələbələr doğma Azərbaycanımızın adına yazılır. Eyni zamanda, idmanın bu və ya digər növündə əldə olunan qələbələr böyük tərbiyəvi əhəmiyyətə malikdir. Bu sahədəki uğurlar xüsusilə də gənc nəsildə vətənpərvərlik hissini gücləndirir, onları pis vərdişlərdən uzaq olmağa, sağlam həyat tərzi keçirməyə sövq edir.
Tiranada baş tutan turnirdə Avropa birincisi olmaq da asan başa gəlməyib. Hazırda dünyada və Avropada güləş məktəbi kifayət qədər güclüdür və idmançılar arasında ciddi rəqabət var. Bu rəqabətdə Azərbaycan idmançılarının hamıdan üstün olduqlarını təsdiqləmələri ona dəlalət edir ki, ölkəmizin güclü güləş ənənələribu gün də yaşayır və inkişaf edir. Hazırda idmanın bu sahəsi ilə məşğul olmaq üçün paytaxtda və regionlarda geniş imkanlar var. Gənclər bütün ölkə üzrə tikilib istifadəyə verilən Olimpiya İdman komplekslərində, güləş zallarında məşqlərə qatılmaq və öz ustalıqlarını artırmaq imkanlarına malikdirlər. Öz növbəsində güləşə olan böyük maraq seleksiya işini asanlaşdırır.
Qeyd edək ki, respublikamız Avropa çempionatında 25 güləşçi ilə təmsil olunub. Yarışlarda sərbəst güləş üzrə millimiz 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanaraq 152 xalla 6-cı dəfə Avropa çempionu adını qazanıb.Yunan-Roma güləşi üzrə millimiz isə 2 qızıl və 3 bürünc medalla komanda hesabında 133 xal toplayaraq Avropa birincisi olub. Beləliklə, Azərbaycan 2022 və 2025-ci illərdə olduğu kimi, həm yunan-Roma, həm də sərbəst güləş üzrə komanda hesabında Avropa çempionu olaraq qızıl dubla imza atıb. “Şadam ki, tanınmış güləşçilərlə bərabər gənc güləşçilərimiz də böyük nəticələr əldə edirlər. Bu onu göstərir ki, məşq prosesi, seleksiya prosesi düzgün qurulubdur”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Qalib xalq həm də idman uğurları ilə fəxr edir
İdmançıların əzmkarlığı öz yerində. Ancaq aydın məsələdir ki, məqsədyönlü siyasət, ardıcıl dövlət qayğısı olmadan böyük idmanda yaxşı nəticələr qazanmaq mümkün deyil. Bu baxımdan Azərbaycanın nümunəsi təqdirəlayiqdir. Xüsusilə də qəbulda xatırladıldığı kimi, Milli Olimpiya Komitəsinə Prezident İlham Əliyevin rəhbərlik etməsirespublikamızda idmanın inkişafı üçün geniş imkanlar açıb. Prezident İlham Əliyevin idmançılarla görüşləri müntəzəm hal alıb. Onun diqqət və qayğısı sayəsində Azərbaycanda idman infrastrukturu təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri səviyyəsinə yüksəlib. Məhz bu qayğının nəticəsidir ki, idmançılarımız həm güləşdə, həm də digər sahələrdə yüksək nəticələr qazanırlar. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir.