RU

Bakı Dəniz Limanının yükaşırma gücü artır

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) Bakı Beynəlxalq Dəniz Limanında həyata keçirdiyi modernləşdirmə tədbirləri çərçivəsində indiyədək istifadə olunmayan 7-ci körpü istismara cəlb edilib. Limanın tarixində ilk sayılan həmin körpünün texniki potensialının gücləndirilməsi ilə yanaşı, yükqaldırma gücü 125 ton olan yeni nəsil kran da istifadəyə verilib. Bu barədə XQ-yə ADY-dən məlumat verilib.

Bildirilib ki, 7-ci körpünün istismara verilməsi ilə konteyner və digər yüklər paralel şəkildə daha çevik idarə olunacaq. Bu da liman daxilində əməliyyat axınlarının balanslaşdırılmasına və pik yüklənmə dövründə fasiləsiz işləmə qabiliyyətinin təmin edilməsinə xidmət edəcək. Nəticədə, artan yük axınları daha operativ və səmərəli şəkildə idarə olunacaq.

Bu nailiyyət Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) çərçivəsində də xüsusi əhəmiyyət kəsb edir. 7-ci körpünün istismara verilməsi, həmçinin Orta Dəhliz boyunca yüklərin daha sürətli, etibarlı və proqnozlaşdırıla bilən hərəkətini təmin edərək marşrutun ümumi rəqabətqabiliyyətini artıracaq və Bakı Limanının bu dəhlizdə əsas qovşaq rolunu daha da gücləndirəcək.

İtaliya istehsalı olan müasir kranın istismara verilməsi nəticəsində limanın mövcud infrastrukturunun imkanlarından istifadə səviyyəsi əhəmiyyətli dərəcədə artacaq, əlavə xərclərə ehtiyac olmadan ötürücülük qabiliyyəti genişlənəcək. Bununla da limanın əməliyyat imkanları keyfiyyət baxımından yeni mərhələyə yüksələcək. Ümumilikdə isə, bu yanaşma yükaşırma proseslərinin optimallaşdırılmasına, gözləmə müddətlərinin azalmasına və terminalda dövriyyənin sürətlənməsinə imkan yaradacaq.

ADY-dən verilən məlumata əsasən, kranın elektrik enerjisi ilə fəaliyyət göstərməsi 7-ci körpüdə həyata keçirilən əməliyyatların daha aşağı karbon izi ilə icrasına və enerji səmərəliliyinin yüksəldilməsinə imkan yaradaraq Bakı Limanının “Eko-Port” yanaşmasını dəstəkləyir. Həyata keçirilən layihələr çərçivəsində limanın illik konteyner aşırma qabiliyyətinin 260 min TEU səviyyəsinə çatdırılması gözlənilir. 7-ci körpünün istismara verilməsi bu hədəfə qısa müddətdə çatmaq üçün mövcud resursların daha səmərəli istifadəsini təmin edən əsas əməliyyat addımlarından biridir.

Yeri gəlmişkən, 7-ci körpünün və yeni nəsil kranın istifadəyə verilməsi Bakı Limanının əməliyyat çevikliyini artırmaqla yanaşı, daha səmərəli, dayanıqlı və rəqabətqabiliyyətli logistika mərkəzinə çevrilməsinə xidmət edir. Bu isə Azərbaycanın tranzit potensialının genişlənməsinə və regionda strateji nəqliyyat qovşağı kimi mövqeyinin möhkəmlənməsinə birbaşa töhfə verir.

XQ

Избранный
12
7
xalqqazeti.az

8Источники