RU

Azərbaycana qələbə gətirən idmançılarımız

Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın inkişafına yönəlmiş qərarların qəbulu, tədbirlərin reallaşması idman sahəsində ölkəmizin yüksək beynəlxalq nüfuz qazanmasına səbəb olub. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı öz müsbət nəticəsini verib. Müxtəlif idman növləri - güləş, futbol, intellektual oyunlar, şahmat və s. növlərdə Azərbaycan Avropanın və dünyanın diqqətindən kənarda qalmayıb. İdmana ayrılan diqqətin nümunəsidir ki, mötəbər idman yarışlarında idmancılarımız qələbə tarixlərini yazırlar. Əlbəttə ki, müasir dövrümüzdə idman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində idmançılarımız mötəbər yarışların qalibi olub. Həqiqətən də, Azərbaycan beynəlxalq miqyasda özünü idman ölkəsi kmi təsdiqləyib . Bu günlərdə Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında komanda hesabında Avropa çempionu olan sərbəst güləş üzrə Azərbaycan millisi üc qızıl, iki gümüş və bir bürünc medal qazanan yığma 152 xal toplayaraq 6-cı dəfə Avropa çempionu olub.

Buna qədər Azərbaycan güləşin bu növündə 2009, 2017, 2022, 2023 və 2025-ci illərdə qitənin ən güclü ölkəsi olmuşdu. Millimiz Albaniyada medalların əyarına görə, son 17 ilin ən yaxşı nəticəsinə imza atıb. İdmançılarımız qələbə ilə Vətənə dönüblər. Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edərkən çıxışında bildirdiyi kimi, “Bu qələbə bizim hamımızı sevindirdi. Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər. Avropa çempionatında komanda hesabında birinci olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Xüsusilə nəzərə alsaq ki, bu gün həm dünyada, həm Avropada güləş üzrə mübarizə daha gərgin keçir, bir çox ölkələrdən olan tanınmış güləşçilər böyük nəticələr göstərirlər və mübarizə də çox gərgin idi. Bəzi yarışları mən də izləmişəm və görmüşəm ki, bizim idmançılarımız öz peşəkarlığını göstərərək rəqibləri ədalətli mübarizədə məğlub etmişlər”.

Azərbaycan idmançılarının son illərdə yüzlərlə medal qazanması ölkəmizin daxilində idman və gənclər siyasətinin nə qədər dolğun aparıldığının göstəricisidir. Bu diqqət və qayğı idmançılar üçün güclü motivasiya mənbəyi olmaqla yanaşı, gənc nəsildə idmana marağı artırır və qalibiyyət ruhunu möhkəmləndirir. Nəticədə, Azərbaycan idmanı təkcə nəticələr baxımından deyil, həm də davamlılıq, peşəkarlıq və beynəlxalq rəqabət qabiliyyəti baxımından yeni keyfiyyət mərhələsinə yüksəlib. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində idmançılar üçün müasir məşq şəraiti yaradılıb, peşəkar məşqçi heyətinin hazırlanması və beynəlxalq təcrübənin ölkəyə gətirilməsi təmin edilib. Eyni zamanda, gənc istedadların aşkar olunması və onların mərhələli şəkildə yüksək səviyyəli idmançı kimi yetişdirilməsi dövlət səviyyəsində prioritet istiqamətə çevrilib.

Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və idmanın inkişafına göstərilən bu diqqət, aparılan dövlət siyasəti ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır. Bu gün idman sahəsində əldə olunan nailiyyətlər bir daha onu göstərir ki, Azərbaycanda idman uğurla inkişaf edir. Azərbaycan idman ölkəsidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər. İdmançılarımızın beynəlxalq yarışlarda, xüsusilə Olimpiya oyunlarında ölkəni təmsil edərkən əldə etdikləri qələbələr, bayrağımızın qaldırılması və himnimizin səslənməsi gənc nəsil üçün nümunə olmaqla onların vətənpərvərlik hissini gücləndirir. “Hər dəfə beynəlxalq yarışlarda bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir. Bu qələbə sevincini idmançılarımız xalqımıza bəxş edir və bu da öz növbəsində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir. İdman, ümumiyyətlə, cəmiyyətimizin ayrılmaz hissəsidir və xüsusilə son illər ərzində idmanda gedən müsbət proseslər, əlbəttə ki, hamımızı sevindirir”, - deyə Prezident çıxışında bildirib. Azərbaycan Prezidenti onu da bildirib ki, Azərbaycan idmanının ümumi inkişafına gəldikdə hər şey göz qabağındadır: “Həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında bizim idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edirlər. Əlbəttə ki, uğurlarla bərabər məğlubiyyətlər də olur. Amma idmanda hər şey mümkündür. Əsas odur ki, idmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir. Bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir”.

Dövlət başçımız çıxışında bir vacib məqamı bildirib ki, tanınmış idmançılar daim cəmiyyətin diqqət mərkəzindədirlər. “İdmançılarımızın həm cəmiyyətdə, həm də məişətdə özlərini layiqincə aparmaları məni medallardan da çox sevindirir. Məşhur idmançıların, çempionların adi həyatda məhz bu səviyyəni saxlaya bilmədiklərinə dair tarixdə çoxlu nümunələr var və bir müddət sonra onlara idmançı kimi münasibət həmin səhvlər və ya yanlış hərəkətlər ucbatından pis istiqamətdə dəyişir. Bizdə isə artıq dediyim kimi, ən azı mənim təqribən 30 ildir Milli Olimpiya Komitəsinə rəhbərlik etdiyim dövrdə xatırladığıma görə, belə hallar olmayıb. Bu, çox vacibdir. Medallardan heç də az əhəmiyyətli olmayan odur ki, çempionlar və mükafatçılar, həmçinin cəmiyyətdə və çalışdıqları kollektivlərdə yüksək mənəvi keyfiyyətlər nümayiş etdirsinlər. Bu belə də olmalıdır”.

Dövlətimizin başçısı çıxışında ölkəmizdə keçirilən idman yarışlarına da diqqət yetirib. Respublikamızın artan potensialı nəticəsində son illər Azərbaycanda beynəlxalq miqyaslı tədbirlər, o cümlədən bir çox idman növləri üzrə dünya və Avropa çempionatları, dünya kuboku və Qran-Pri yarışları keçirilmişdir. Belə ki, Birinci Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, 42-ci Ümumdünya Şahmat Olimpiadasına, eləcə də Avropa, dünya çempionatlarına yüksək səviyyədə ev sahibliyi etmiş Azərbaycanda belə yarışların keçirilməsi onu göstərir ki, Azərbaycan dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutub. Ölkəmizin mötəbər idman yarışlarını keçirməsinin arxasında da məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır. “Həm Avropa Oyunlarını, həm İslam Həmrəyliyi Oyunlarını. Bunlar demək olar ki, Yay Olimpiya Oyunlarının səviyyəsinə çox yaxındır. Keçən il MDB Oyunlarını özü də paytaxtda yox, bölgələrdə keçirmişik. Yəni bu onu göstərir ki, çox güclü potensial var və idmana, idmançılara qayğı dövlət siyasətidir”, - deyə Prezident bildirib.

Bütün bu uğurlar onu göstərir ki, gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsini dövlətimiz daim diqqət mərkəzində saxlayır. Məhz bu diqqət və qayğı Azərbaycanın qarşıdakı illərdə idmanda daha böyük uğurlara imza atacağını deməyə əsas verir. Bu gün ölkəmizdə cəmiyyətin inkişaf edən bütün sahələri kimi idman da öz çiçəklənmə dövrünü yaşayır. Yüksək səviyyəli idman infrastrukturunun yaradılması və olimpiya idman komplekslərinin inşa edilərək xalqımızın ixtiyarına verilməsi bunun təzahürüdür.

Orxan MƏMMƏDZADƏ,

Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının məsləhətcisi

Избранный
3
1
sia.az

2Источники