RU

Masallıda çaparlar yarışıb

Masallıda çaparlar yarışıb

 

Mayın 1-də Masallı rayonunda keçirilən ənənəvi atçılıq yarışları bu il də böyük coşqu ilə yadda qalıb. Xırmandalı ərazisindəki cıdır meydanında baş tutan yarış yerli sakinlərlə yanaşı, ətraf rayonlardan gələn qonaqların da böyük marağına səbəb olub.
Yarışda Masallı ilə yanaşı, Cəlilabad, Neftçala və Salyan rayonlarından ümumilikdə 60-a yaxın çapar iştirak edib. Onlar “Kəhər”, “Boz”, “Çal”, “Kürən”, “Səmənd” kimi milli at cinsləri ilə bacarıqlarını nümayiş etdiriblər.
İlkin mərhələdən sonra seçilən 15 çapar növbəti mərhələyə yüksələrək 3 qrupa bölünüb. Hər qrupda 5 iştirakçı mübarizə aparıb və qaliblər finala vəsiqə qazanıblar.
Həlledici mərhələdə çaparlar arasında gərgin mübarizə gedib. Nəticədə Naib Səfərov “Qara” adlı atı ilə 1500 metr məsafəni ən qısa zamanda qət edərək birinci olub. Yaqub Fətullayev “Düldül” ləqəbli atı ilə ikinci, Əmir Rzayev isə “Kürən” ilə üçüncü yeri tutub.
Qaliblər medal və diplomlarla təltif olunublar.
Təşkilatçılardan Naib Səfərov və İldırım Hüseynov bildiriblər ki, bu yarışların əsas məqsədi gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaq, atçılıq idmanına marağı artırmaq və milli at cinslərini tanıtmaqdır. Onların sözlərinə görə, Masallıda artıq 32 ildir ki, bu ənənə davam etdirilir.
Qeyd edək ki, bu cür cıdır yarışları regionda atçılıq ənənələrinin qorunması və inkişafında mühüm rol oynayır.

 

Akif AĞAYEV,
Elsevər Əliyev, Faiq Mirzə.

Избранный
37
qht.az

1Источники