RU

Okampo ifşa olunur: Avropa Parlamentində korrupsiya və Azərbaycana qarşı kampaniyanın yeni detalları üzə çıxır

ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Okamponun yayılan son videoları, etirafları Azərbaycana qarşı uzunmüddətli və sistemli informasiya kampaniyasının hansı mənbələrdən qaynaqlandığını ortaya qoyan sübutlardır.

Milli Məclisin deputatı Səbinə Salmanova APA-ya açıqlamasında deyib ki, bu proses təkcə Azərbaycana qarşı deyil, bütövlükdə regionun siyasi sabitliyinə və beynəlxalq hüquq sisteminə qarşı yönəlmiş kompleks mexanizmdir. Bu cür kampaniyalar illər ərzində müxtəlif formalarda davam etsə də, hazırkı mərhələdə artıq maliyyə mənbələri, iştirakçılar və əlaqələr açıq şəkildə üzə çıxır.

Gizli mexanizmin ifşası: Erməni diasporu, biznesmenlər və Rusiya faktoru

Deputat qeyd edib ki, Luis Okampo ilə bağlı yayılan videomateriallarda bu şəxsin Azərbaycana qarşı kampaniyada iştirakını və bu fəaliyyətin təşkilati strukturunu dolayısı ilə etiraf etməsi ciddi suallar doğurur: “Söhbət artıq “insan hüquqları” ritorikasından deyil, konkret sifarişli siyasi fəaliyyət və lobbiçilik şəbəkəsindən gedir. Bu cür etiraflar beynəlxalq institutların obyektivliyinə ciddi kölgə salır. Kampaniyanın ən kritik tərəfi onun maliyyə dayaqlarıdır. Videomateriallarda Rusiyada fəaliyyət göstərən bəzi erməni mənşəli biznes dairələrinin bu prosesə maliyyə dəstəyi verdiyi açıq şəkildə ortaya qoyulur. Bu isə göstərir ki, kampaniya təkcə Qərb platformalarında deyil, eyni zamanda Rusiya ilə əlaqəli iqtisadi və diaspor strukturları vasitəsilə də dəstəklənir. Məqsəd isə uzunmüddətli informasiya təzyiqi və siyasi təsir mexanizmi formalaşdırmaqdır”.

Ermənistanda daxili siyasi proseslərə müdaxilə

Səbinə Salmanova bildirib ki, yayılan materiallar yalnız Azərbaycana qarşı fəaliyyətlə məhdudlaşmır, Ermənistanın daxili siyasi proseslərinə müdaxilə elementləri də açıq şəkildə görünür: “Xüsusilə Baş nazir Nikol Paşinyan əleyhinə siyasi planların müzakirəsi region üçün ciddi təhlükə siqnalıdır. Bu, artıq bir ölkənin daxili işlərinə birbaşa müdaxilə və siyasi sabitliyi pozmaq cəhdidir.

Avropa Parlamentində lobbiçilik mexanizmləri

Deputat qeyd edib ki, Avropa Parlamenti daxilində lobbiçilik və təsir mexanizmlərinin bu dərəcədə ifşa olunması ciddi narahatlıq doğurur: “Bəzi hallarda Avropa institutları öz rəsmi mövqelərindən uzaqlaşaraq konkret maraq qruplarının təsiri altına düşür. Bu proses Avropa dəyərləri və demokratik prinsiplərlə bağlı suallar yaradır və beynəlxalq ictimaiyyət üçün ciddi çağırışdır. Avropa Parlamenti tərəfindən 30 aprel tarixində qəbul edilən qətnamə də bu ümumi kampaniyanın tərkib hissəsi kimi qiymətləndirilməlidir. Həmin sənədin məzmunu və istifadə olunan siyasi ritorika göstərir ki, bu qərar obyektiv qiymətləndirmənin nəticəsi deyil, əvvəlcədən hazırlanmış siyasi xəttin davamıdır. Bu isə Avropa institutlarının qərarvermə prosesində maraq balansının pozulduğunu göstərir. Milli Məclisin qəbul etdiyi qərar isə Azərbaycanın milli maraqlarının müdafiəsində qətiyyətli və prinsipial yanaşmanı nümayiş etdirir. Bu, aydın siyasi mesajdır. Azərbaycan heç bir xarici təzyiq və ya informasiya manipulyasiyası qarşısında geri çəkilməyəcək”.

İnformasiya müharibəsi və regional sabitliyə təhdid

Səbinə Salmanova vurğulayıb ki, hazırkı proseslər informasiya müharibəsinin klassik nümunəsidir: “Burada media, maliyyə və siyasi təsir alətləri birləşdirilərək kompleks hücum mexanizmi formalaşdırılıb. Məqsəd yalnız Azərbaycan deyil, bütövlükdə Cənubi Qafqaz regionunda sabitliyin pozulmasıdır. Bu isə uzunmüddətli geosiyasi maraqlarla bağlıdır və təsadüfi xarakter daşımır. Beynəlxalq ictimaiyyət bu faktlara ciddi yanaşmalıdır. Ortaya çıxan məlumatlar müstəqil və obyektiv araşdırma tələb edir. Əgər bu proseslər araşdırılmasa, beynəlxalq institutlara olan etimad ciddi şəkildə zəifləyə bilər. Şəffaflıq və hesabatlılıq prinsipləri təmin olunmadan ədalətli beynəlxalq sistemdən danışmaq mümkün deyil. Bu ifşalar beynəlxalq münasibətlərdə yeni reallıqları ortaya qoyur. Artıq ayrı-ayrı siyasi bəyanatlardan yox, konkret maraqlar üzərində qurulmuş sistemli fəaliyyət şəbəkəsindən danışmaq lazımdır. Bu cür halların açıq şəkildə müzakirə olunması və hüquqi-siyasi qiymətləndirilməsi vacibdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
49
7
apa.az

6Источники