ain.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 1 may, AZƏRTAC
Prezident İlham Əliyevin sel və daşqınların zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamı ölkədə həyata keçirilən sosialyönümlü siyasətin real və praktik təzahürü kimi diqqəti cəlb edir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva söyləyib.
“Son dövrlərdə müşahidə olunan intensiv leysan yağışları nəticəsində Azərbaycanın bir sıra bölgələrində sel və daşqın hadisələri baş verib, yaşayış məntəqələrinə, kənd təsərrüfatına və mühüm infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Belə mürəkkəb vəziyyətlərdə dövlətin operativ və məqsədyönlü müdaxiləsi xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının qəbul etdiyi bu Sərəncam, ilk növbədə, operativliyi və konkret nəticələrə hesablanan yanaşması ilə seçilir. Qısa müddət ərzində zərərin qiymətləndirilməsi, zərər çəkən vətəndaşların ehtiyaclarının müəyyən edilməsi və dərhal maliyyə vəsaitinin ayrılması dövlət idarəçiliyinin çevik və effektiv mexanizmlər üzərində qurulduğunu göstərir. Bu yanaşma vətəndaşların üzləşdiyi problemlərin vaxtında və sistemli şəkildə həllinə yönələn dövlət qayğısının bariz nümunəsidir”, - deyə QHT sədri bildirib.
Onun sözlərinə görə, Sərəncama əsasən ayrılan vəsaitlərin istifadəsi də məqsədyönlü və çoxşaxəlidir. Belə ki, maliyyə resursları zərərçəkən əhalinin evlərinin bərpasına, yeni fərdi yaşayış evlərinin tikintisinə, eləcə də yol, elektrik və su təchizatı kimi mühüm infrastrukturun təmirinə yönəldiləcəkdir. Bununla yanaşı, vətəndaşlara kompensasiya ödənişlərinin həyata keçirilməsi onların maddi zərərinin azaldılmasına və sosial rifahının qorunmasına xidmət edir. Bu cür kompleks yanaşma təkcə mövcud problemlərin aradan qaldırılmasını deyil, eyni zamanda, insanların normal həyat şəraitinin bərpasını təmin edir. Həyata keçirilən tədbirlər bir daha təsdiqləyir ki, Azərbaycan dövləti üçün vətəndaş amili prioritetdir və heç bir vətəndaş təbii fəlakət qarşısında tək qalmır. Sosial müdafiə mexanizmlərinin gücləndirilməsi, zərərçəkən ailələrə diqqət və qayğının artırılması dövlətin humanist və məsuliyyətli siyasət yürütməsinin göstəricisidir. Bu, həm də cəmiyyətdə dövlətə olan inamın möhkəmlənməsinə mühüm töhfə verir.
“Beynəlxalq təcrübəyə nəzər saldıqda, bir çox ölkələrdə oxşar təbii fəlakətlər zamanı yardım mexanizmlərinin gecikməsi və ya yetərsizliyi müşahidə olunur. Azərbaycanda isə Prezidentin birbaşa Sərəncamı ilə vəsaitlərin dərhal ayrılması və bərpa işlərinə operativ başlanılması dövlət idarəçiliyinin səmərəliliyini və çevikliyini nümayiş etdirir. Bu yanaşma ölkədə böhran vəziyyətlərinin idarə olunması sahəsində formalaşan səmərəli modelin mövcudluğunu təsdiq edir. Eyni zamanda, bu Sərəncam yalnız cari problemlərin həllinə deyil, həm də gələcək risklərin azaldılmasına yönəlib. İnfrastrukturun yenilənməsi, möhkəmləndirilməsi və qabaqlayıcı tədbirlərin görülməsi gələcəkdə analoji halların təsirinin minimuma endirilməsinə xidmət edir. Bu isə davamlı inkişaf və təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır”, - deyə Z.Nuriyeva diqqətə çatdırıb.
O bildirib ki, Sərəncam Azərbaycanın sosialyönümlü dövlət siyasətinin mühüm tərkib hissəsi olmaqla, vətəndaş rifahının qorunmasına, infrastrukturun inkişafına və fövqəladə hallara qarşı dayanıqlığın artırılmasına xidmət edir. Bu sənəd dövlətin hər bir vətəndaşının yanında olduğunu praktik addımlarla təsdiqləyən mühüm siyasi iradənin ifadəsidir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.