JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze
Landscape 1


İlham Əliyev çıxışında qadın güləşçilərin uğurlarına xüsusi toxunaraq bildirib ki, onların medalçılar sırasında yer alması sevindirici haldır və bu, ölkədə qızlar arasında güləşə marağın ildən-ilə artdığını açıq şəkildə göstərir. Dövlət başçısı əminliklə qeyd edib ki, gələcəkdə Azərbaycan qadın güləşçiləri daha böyük uğurlara imza atacaq, qızıl medallar qazanacaq və beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edəcəklər. Onun sözlərinə görə, bəzi hallarda medal sayının daha çox olması mümkün idi, lakin idmanda bəxt amili də rol oynayır və müəyyən texniki səhvlər də qaçılmazdır. Bununla belə, ümumi nəticə göstərir ki, həm sərbəst, həm yunan-Roma, həm də qadın güləşi istiqamətində Azərbaycanda sistemli inkişaf təmin olunur və bu inkişaf gələcək uğurlar üçün möhkəm zəmin yaradır.

Prezident milli komandada hökm sürən sağlam ab-havanı və yüksək komanda ruhunu da yüksək qiymətləndirərək bildirib ki, idmançılar arasında qarşılıqlı dəstək və bir-birinin uğuruna səmimi sevinc hissi xüsusi əhəmiyyət daşıyır. Onun fikrincə, komandanın vahid ailə kimi çıxış etməsi, kollektiv ruhun güclü olması böyük qələbələrin əsas şərtlərindən biridir. Bu cür mühit idmançıların öz potensialını daha yaxşı reallaşdırmasına, çətin anlarda bir-birinə dayaq olmasına və nəticədə ümumi uğurun təmin edilməsinə xidmət edir.
Dövlət başçısı tanınmış idmançıların cəmiyyətdəki roluna da toxunaraq vurğulayıb ki, onlar daim ictimai diqqət mərkəzindədirlər və davranışları ilə nümunə olmalıdırlar. Prezident qeyd edib ki, idmançıların yalnız yarış meydanında qazandıqları medallar deyil, eyni zamanda gündəlik həyatda nümayiş etdirdikləri yüksək mənəvi keyfiyyətlər də böyük önəm daşıyır. Onun sözlərinə görə, tarixdə elə nümunələr var ki, bəzi məşhur idmançılar əldə etdikləri uğurlara baxmayaraq, sonradan düzgün davranış sərgiləmədiklərinə görə cəmiyyətdə nüfuzlarını itiriblər.

Azərbaycan idmanında isə bu baxımdan müsbət mənzərənin mövcud olduğunu bildirən Prezident, təxminən 30 ilə yaxın müddətdə Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbərlik etdiyi dövrdə belə halların demək olar ki, müşahidə olunmadığını qeyd edib. Bu isə idmançılarımızın təkcə peşəkarlıq baxımından deyil, həm də mənəvi və etik dəyərlər baxımından yüksək səviyyədə olduqlarını göstərir.

Prezident vurğulayıb ki, çempionların və mükafatçıların cəmiyyətdə, çalışdıqları kollektivlərdə və gündəlik həyatlarında nümunəvi davranış sərgiləməsi medallar qədər, hətta bəzi hallarda onlardan da önəmli hesab edilə bilər. Bu baxımdan Olimpiya Oyunları, dünya və Avropa çempionlarının davranışı gənc nəsil üçün örnək rolunu oynayır. Gənclər onların uğurlarını təkrarlamaqla yanaşı, həyat tərzlərini və davranışlarını da örnək götürürlər.

Dövlət başçısı çıxışında idmanda varislik ənənələrinin qorunmasının əhəmiyyətini də xüsusi vurğulayıb. O qeyd edib ki, vaxtilə özü azarkeşlik etdiyi tanınmış idmançılar bu gün məşqçi və ya federasiya rəhbəri kimi fəaliyyət göstərərək yeni nəsil idmançıların yetişməsinə töhfə verirlər. İndi isə həmin mütəxəssislər öz yetirmələrinin uğurlarına sevinir və onların qələbələrinə şahidlik edirlər. Bu, idmanda davamlılığın, ənənələrin qorunmasının və təcrübənin nəsildən-nəslə ötürülməsinin bariz nümunəsidir.

Prezident İlham Əliyev bildirib ki, tarix boyu ənənələr hər zaman mühüm rol oynayıb və bu xüsusiyyət Azərbaycan cəmiyyətində, eləcə də Qafqaz regionunda özünü aydın şəkildə göstərir. Bu dəyərlər insanların bir-birinə daha sıx bağlanmasına, milli birliyin möhkəmlənməsinə və ümumi inkişafın təmin olunmasına xidmət edir. İdman sahəsində də bu ənənələrin yaşadılması Azərbaycanı daha güclü edir, cəmiyyətdə həmrəyliyi artırır və ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da yüksəldir.

Elçin Eybullayev
Neftçala rayonu

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX