Bakı metrosunda bank kartı və mobil ödəniş vasitələrindən istifadə zamanı bəzi vətəndaşlar problemlə üzləşdiklərini bildirirlər. Belə ki, kart hesabında vəsait olmadığı halda turniketdən keçid baş tutur, lakin sonradan həmin kartlar bloklanır və “black list”ə (qara siyahı) düşür. Nəticədə sərnişinlər müəyyən müddət ərzində kartdan və mobil ödəniş xidmətlərindən istifadə edə bilmirlər.
Qeyd olunur ki, balans sonradan artırılsa belə, borc məbləğinin tutulması və blokun aradan qaldırılması prosesi dərhal baş vermir. Bəzi hallarda vəsaitin hesabdan çıxılması və kartın yenidən aktivləşdirilməsi bir neçə gün çəkir.
Ölkə.az xəbər verir ki, problemlə bağlı Valyuta.az “K Group” MMC-yə (BakıKart) sorğu göndərib.
“K Group” MMC (BakıKart) İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Aynur Kərimli qeyd edib ki, Bakı metrosunda bank kartları və mobil ödəniş vasitələri ilə həyata keçirilən əməliyyatlar NFC texnologiyası və gecikdirilmiş avtorizasiya prinsipi əsasında icra olunur:
"Bu mexanizmə uyğun olaraq, bəzi hallarda kart hesabında kifayət qədər vəsait olmasa belə, sistem sərnişinə ardıcıl olaraq iki dəfə keçid imkanı verə bilər. Bu zaman yaranmış məbləğ sonradan kart hesabına vəsait daxil olduqda avtomatik qaydada tutulur. Əgər kart üzrə formalaşmış borc müəyyən müddət ərzində ödənilməzsə, kart müvəqqəti məhdudlaşdırıla və “black list”ə daxil edilə bilər. Bu tədbir ödəniş intizamının təmin edilməsi məqsədilə tətbiq olunur. Kartın yenidən aktivləşdirilməsi üçün istifadəçi hesabda kifayət qədər vəsaitin mövcudluğunu təmin etməlidir. Borc məbləği sistem tərəfindən avtomatik şəkildə tutulduqdan sonra tətbiq olunmuş məhdudiyyət aradan qaldırılır. Qeyd edilməlidir ki, bu proses bəzi hallarda dərhal deyil, müəyyən zaman intervalı ərzində baş verə bilər ki, bu da gecikdirilmiş avtorizasiya mexanizmi ilə bağlıdır".
Bank məsələləri üzrə mütəxəssis Emin Mahmudov isə bildirir ki, ictimai nəqliyyatda - metro və “BakuBus” sistemində - ödənişlərin gec silinməsi və ya kartın “black list”ə düşməsi ilə bağlı sosial şəbəkələrdə çoxsaylı şikayətlər müşahidə olunur:
"Bu hallar əsasən texniki və əməliyyat xüsusiyyətləri ilə bağlıdır və birbaşa bankların günahı deyil. İstifadəçi kartında vəsait olmadığı halda metrodan və ya avtobusdan istifadə edərək turniketdən keçə bilər. Bu zaman sistem ödənişi dərhal silməyə bilər. Müəyyən müddət sonra - bu, 5 dəqiqə də ola bilər, bir neçə saat da - kartdan məbləğin silinməsi üçün cəhd edilir. Əgər kartda yenə vəsait yoxdursa, sistem gün ərzində bir neçə dəfə həmin məbləği tutmağa çalışır. Bu cəhdlər uğursuz olduqda, istifadəçinin kartı borclu hesab olunur və avtomatik olaraq “black list”ə daxil edilir. Bu addım sui-istifadə hallarının qarşısını almaq məqsədilə atılır. Belə ki, bəzi şəxslər bilərəkdən balansı olmayan kartla ödənişsiz keçid edə bilərlər. “Black list”ə düşən kartla artıq metro və ya “BakuBus” sistemində ödəniş etmək mümkün olmur. İstifadəçi sonradan karta istənilən məbləği - məsələn, 100 və ya 1000 manat - əlavə etsə belə, mövcud borc silinməyənə qədər həmin kartla keçid mümkün deyil. Bu vəziyyətdə istifadəçi üçün iki mümkün çıxış yolu mövcuddur. Birinci halda, müəyyən müddət gözləmək kifayət edir. Belə ki, sistem sonradan yenidən silinmə sorğusu göndərə və mövcud borc avtomatik şəkildə kartdan çıxıla bilər. İkinci halda isə istifadəçi birbaşa metroya və ya “BakuBus”a müraciət etməlidir. Müraciət zamanı kartda kifayət qədər vəsait olduğu bildirilməli və borcun silinməsi üçün sistem tərəfindən yenidən sorğu göndərilməsi xahiş olunmalıdır".

Bu məhdudiyyətin kartın ümumi bloklanması olmadığını deyən E.Mahmudov vurğulayib ki, kart digər ödənişlər üçün aktiv qalır və yalnız borcun yarandığı nəqliyyat sistemində məhdudlaşdırılır:
"Gecikmiş ödənişlər məsələsinə gəldikdə isə, bəzi hallarda ödəniş edildikdən sonra məbləğin balansdan çıxılması 6-8 saat və ya daha artıq vaxt apara bilər. Bu gecikmə nə kartı verən bankdan, nə də ödənişi qəbul edən bankdan qaynaqlanır. Ehtimal olunur ki, bu cür hallar metro və “BakuBus” sistemlərində aparılan texniki yeniləmələrlə bağlıdır. Bu problemlər istifadəçilər qədər nəqliyyat operatorlarını da narahat edir. Çünki gecikmiş və ya uğursuz ödənişlər nəticəsində maliyyə itkiləri yarana bilər".