RU

Qazaxıstanda Milli Birlik Günü çərçivəsində beş mindən çox tədbir keçirilir

Astana, 1 may, AZƏRTAC

Qazaxıstan 1 May - Milli Birlik Gününü - sosial harmoniya, qarşılıqlı hörmət və xalqın həmrəyliyi bayramını qeyd edir.

AZƏRTAC Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ölkədə 100-dən çox etnik qrupun nümayəndələri sülh və qarşılıqlı anlaşma mühitində yaşayır, 1000-dən çox aktiv etnik-mədəni birlik və 4000-dən çox ictimai təşkilat fəaliyyət göstərir.

Etnik qrupların dillərini, mədəniyyətlərini və adət-ənənələrini qorumaq və inkişaf etdirmək üçün 36 Dostluq Evi yaradılıb.

Bayram çərçivəsində ölkə daxilində beş mindən çox sosial əhəmiyyətli tədbir keçirilir. Dostluq Evlərində “Dostıq Mekeni” festivalları və vətənpərvərlik fləşmobları, təhsil müəssisələrində “Birlik dərsləri” keçirilir, universitet və kolleclərdə isə “Birlik köpür” adlı tələbə estafet yarışı başlayıb.

Xeyriyyə və ekoloji təşəbbüslər də həyata keçirilir. “Təzə Qazaxıstan” kampaniyası çərçivəsində etnik-mədəni birliklər 3 mindən çox ağac əkib və 40 tondan artıq məişət tullantısını təmizləyib.

Bundan əlavə, “Kayırımdılıq Kerueni” kampaniyası çərçivəsində ölkə üzrə 700-dən çox xeyriyyə layihəsi həyata keçirilib.

Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Избранный
24
1
azertag.az

2Источники