"Oskar" mükafatı laureatı Pavel Talankin Almaniyaya uçuş zamanı xoşagəlməz hadisə ilə üzləşib.
Musavat.com-un xəbərinə görə, rejissor bildirib ki, Lufthansa aviaşirkətinin əməkdaşları ona "Oskar" mükafatını kabinəyə aparmağa icazə verməyib.
Səbəb kimi isə mükafatın “silah kimi istifadə edilə biləcəyi” göstərilib. Nəticədə, heyət heykəlciyi xüsusi qutuya yerləşdirərək yük bölməsinə göndərib.
Lakin təyyarə Almaniyaya endikdən sonra məlum olub ki, mükafat itib.
Aviaşirkət hadisə ilə bağlı rəsmi açıqlama yayaraq dərin təəssüf hissi keçirdiklərini və "Oskar" heykəlciyinin tapılması üçün daxili araşdırmaya başladıqlarını bildirib.
Sənədli filmin icraçı prodüseri Robin Hessman isə reaksiyasında qeyd edib ki, Talankin bundan əvvəl dəfələrlə həm "Oskar", həm də BAFTA mükafatları ilə problemsiz şəkildə səyahət edib.
Qeyd edək ki, Pavel Talankin bu il Rusiyanın Ukraynaya hücumundan sonra bir məktəbdə artan müharibə təbliğatını əks etdirən sənədli filmi ilə “Ən Yaxşı Sənədli Film” nominasiyasında "Oskar" qazanıb. Rejissor mükafatı Nyu-Yorkda tələbələrlə keçirilən nümayişdə təqdim etmək üçün özü ilə aparırdı.
Faktla bağlı araşdırma davam edir.
Musavat.com